Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Əl-qolumu bağladılar ki, Qarabağı azad etməyim”

“Əl-qolumu bağladılar ki, Qarabağı azad etməyim”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun istefa verməsindən 25 il keçir.

Həmin gün baş verənlərlə bağlı Moderator.az-a açıqlama verən Ayaz Mütəllibov deyib ki, bu, dövlət çevrilişi idi, istefa deyildi:

“O günlər mənim üçün çox faciəli bir gün oldu. Ona görə yox ki, mən istefa verdim. Bir dövlət başçısı kimi, Xocalını və Qarabağı azad etməliydim. Bu mənim dövlət başçısı kimi borcum, həm də arzum idi. BMT-yə göndərdiyim müraciətə görə bizi bu təşkilat 2 mart 1992-ci ildə müstəqil dövlət kimi tanımışdı və dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası öz yerini tutmuşdu. Bundan sonra bizim üçün torpaqlarımızı azad etmək imkanları yaranırdı. Çünki BMT bizi unitar, yəni Qarabağın Azərbaycanın tərkibində tanıması da, bunun üçün hüquqi zəmin yaradırdı. Bununla bağlı ciddi tədbirlər görmüşdüm, planlarım da vardı. Bilirsiniz ki, SSRİ dağılmışdı, 15 fevralda rus qoşunlarını Azərbaycandan çıxarılması əmrini vermişdim. Respublikada başsız qalmış rus qoşun başçıları ilə danışığa gedib, Qarabağın azad etmək məsələsini boyunlarına qoymuşdum. Onlar da buna gedirdilər, çünki bu ordu muzdlu orduya çevrilmişdi. Odur ki bütün imkanlarımı nəzərə alıb, onlarla Qarabağ məsələsini həll etmişdim. 6 mart 1992-ci ildə rus hərbiçiləri Qarabağ istiqamətində hərəkətə keçməli idilər. Arxayın idim ki, torpaqlarımızı azad edəcəyəm, respublikamızın bütün vətənpərvərləri və ictimaiyyəti məni dəstəkləyəcək və əl-ələ verib Qarabağda Konstitusion hüquqlarımızı bərpa edəcəyik. Xalqımızın siyasi düşmənləri bunu haradansa bilirdilər, müxalifət bunun əvəzinə başqa hərəkətlərə əl atdı və Ali Sovetin sədrinin oyunbazlığı nəticəsində mənim istefa məsələmi qoydular. Əslinə qalsa, 2 mart 1992-ci il dövlət çevrilişi idi, istefa deyildi. Getməyim, erməni silahlı dəstələrini tərki-silah etmək istəyən rus hərbiçilərini dayandırdı. Beləliklə, növbəti satqınlıq nəticəsində biz Qarabağı itirdik”.

Ayaz Mütəllibov deyib ki, istefa mədəniyyəti siyasətçinin ən yüksək göstəricisidir:

“Ancaq o siyasətçini istefaya göndərmək lazımdır ki, o, işi bacarmır, qarşısında duran məsələni həll etməkdə acizdir. Mənə qarşı istefa tələb edənlər, əl-qolumu bağladılar ki, Qarabağı azad etməyim. Əlbəttə ki, bu işi görənlər xaricdən idarə olunurdular və ortaya çıxan bir həqiqət vardır ki, onlar Azərbaycana qarşı xəyanət ediblər. Özünüz də gördünüz ki, bir ildən sona nə hala düşdülər və istefa vermək əvəzinə kəndlərinə qaçdılar. Qarabağ isə necə var yenə də ermənilərin əlində qaldı. Hər siyasətçi öz imkanlarını nəzərə alaraq, addım atmalıdır. Əgər qarşısına çıxan məsələni həll edə bilmirsə, onun istefa verməyi düzgün olardı. Burada siyasi mədəniyyətdən söz ola bilməz. İstefamla bağlı onu deyə bilərəm ki, əl-qolumu bağladılar və həyata keçirtmək istədiyim – Qarabağı azad etmək – planımı pozdular. Mən rəqiblərimə qarşı silah işlədə bilərdim. Ancaq bunu etmədim. Ölkəmizi Ukraynanın gününə sala bilməzdim. Odur ki, istefa mədəniyyətini göstərdim. Məndən sonra gələnlər isə respublikanın iqtisadiyyatını darmadağın etdilər və istefa vermədən hakimiyyətdən getdilər”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın