Cümə axşamı , May 23 2019
Ana səhifə / Sosial / Ət kəsimi küçə və meydanlardan yığışdırılır

Ət kəsimi küçə və meydanlardan yığışdırılır

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşdı; Agentlik direktoru Qoşqar Təhməzli: “Ətin qiymətində hansısa bir rəqəm dəyişikliyi olacaqsa, bu o demək deyil ki…”

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) ilə Qida Təhlükəsizliyi Agentliyi (QTA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla bağlı KQMBİ-də tədbir keçirilib. Memorandumu KQMBİ rəisi Kamran Əliyev və QTA sədri Qoşqar Təhməzli imzalayıblar. Kamran Əliyev memorandumun imzalanmasının istər korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də digər əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib.

Qida sektorunda korrupsiya hüquqpozmalarının aşkarlanmasına və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyənləşdirilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.

QTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasından danışıb. Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi sahəsində KQMBİ ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə verəcəyini diqqətə çatdırıb. O, birgə fəaliyyət istiqamətində əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib. Bu ilin martında baş prokuror Zakir Qaralovla qida təhlükəsizliyi istiqamətində səmərəli fikir mübadiləsi aparıldığı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

küçələrdə ət kəsimi ile ilgili görsel sonucu

Tədbirdə Azərbaycanda mənşəyi bilinməyən və keyfiyyətsiz dərmanların satışı ilə məşğul olan, telekanalların ulduzuna çevrilmiş ginekoloq Natiq Məhərrəmovun da olduğu həkim bandası haqda suallar da səslənib.

KQMBİ rəisi Kamran Əliyev ile ilgili görsel sonucu

KQMBİ rəisi Kamran Əliyev deyib ki, Azərbaycanda mənşəyi bilinməyən və keyfiyyətsiz dərmanların satışı ilə məşğul olan insanlar daim məsuliyyətə cəlb olunur. Onun sözlərinə görə, gələcəkdə də yeni faktlar olacaqsa, həmin şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək. Kamran Əliyev qeyd edib ki, vətəndaşlar yalnız keyfiyyətli dərmanlarla təmin olunmalıdır: “Bununla bağlı da müvafiq dövlət qurumları ilə çalışılır”.

QTA sədri isə məhsulların sertifikatlaşdırılması qaydaları və ət kəsimi haqda fikirlərini açıqlayıb. Deyib ki, QTA bu istiqamətdə iş aparır: “Bu məsələni biz fərqli formada həyata keçirəcəyik. Bu nə anlama gəlir. Artıq Azərbaycanın müxtəlif rayonlarında təsərrüfatların sayı, gün ərzində həmin ərazilərdə həyata keçirilən kəsimlərin sayı müəyyən olunub. Həmin rayonlarda iri və xırda buynuzlu heyvanların kəsim məntəqələri əgər varsa, onların fəaliyyətləri bərpa olunacaq. Əgər yoxdursa, həmin rayonların yerli icra hakimiyyəti orqanları ilə sahibkarlıq strukturlarını məsələyə cəlb edəcəyik. Həmin sahibkarlıq strukturlarının bilavasitə iştirakı ilə yeni kəsim məntəqələri açılacaq. Bunlar stasionar və modul tipli kəsim məntəqələri  olacaq. Kəsim məntəqələri xüsusi baytarlıq laboratoriyaları ilə təmin ediləcək. Həmin məntəqələrdə müvafiq ekspertizalar həyata keçiriləndən sonra ət kəsimi həyata keçirilməlidir. Mətbuatda belə məlumatlar var ki, guya ət kəsiminə qadağalar qoyulacaq. Əslində isə bu proses etaplarla həyata keçiriləcək. Rayonlarda, sonradan isə Bakının giriş yerlərində xüsusi kəsim məntəqələri yaradılacaq. Əhalini zonoz infeksiyalardan qorumaq üçün kəsim bilavasitə həmin məntəqələrdə həyata keçiriləcək. Sonradan xüsusi təyin olunmuş nəqliyyat vasitələri ilə satış məntəqələrinə daşınacaq. Qurban bayramı ilə əlaqədar hələlik zaman darlığına görə o masştabda tədbirləri gerçəkləşdirmək mümkün olmayacaq. Amma maksimum çalışacağıq ki, bayram zamanı həyata keçirilən ayinlər də insanların sağlamlığına təhlükə törədəcək şəkildə gerçəkləşməsin”.

Ümumilikdə ət kəsimi ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Amma ət kəsimi məntəqələrinin yaradılması bu sahənin ümumilikdə inhisara alınması, son nəticədə ət və ət məhsullarının qiymətinin bahalaşmasına səbəb olmayacaq ki?

Qoşqar Təhməzli ile ilgili görsel sonucu

Qoşqar Təhməzli deyir ki, ət kəsimi məsələsi çox ciddi və prinsipial məsələdir: “Ciddiliyi ondan irəli gəlir ki, bu məsələdə bilavasitə əhali iştirak etməlidir, ictimai qınaq olmalıdır. İnsanlar anlamalıdır ki, hansısa bir iribuynuzlu heyvan müvafiq ekspertizadan keçmədən, müvafiq qaydada zonoz infeksiyaları yoxlanmadan, küçə və meydançalarda nəzarətsiz kəsilirsə, həmin heyvanı kəsən şəxs özünü və ətrafındakıları təhlükə altına qoyur. Bu sahədə kifayət qədər maariflənmə işi aparılmır. Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında əsas siyasi iradə ondan ibarətdir ki, gələcək nəsillərin sağlamlığı qorunsun. Kəsimlə əlaqədar adicə Bakı şəhərini götürsək, şəhər dünyanın ən gözəl şəhərinə çevrilib. Amma bir çox küçə və meydançalarda heç bir sanitar-gigiyenik şəraitə əməl olunmadan, baytarlıq-ekspertiza işləri keçirilmədən heyvanların kəsiminə rast gəlirik. Bu isə inkişaf etmiş dövlətin əhalisinin sağlamlığını təhlükə altında qoyur. Artıq bizə onlarca sahibkarlıq strukturu müraciət edib və bildirib ki, Azərbaycanın müvafiq rayonlarında kəsim məntəqələrinin yaradılması üçün investisiya qoymağa hazırdırlar. Ətin qiymətinin bahalaşması məsələsinə isə hesab edirəm ki, əsla təsiri olmayacaq. Həmin məntəqələrdə həyata keçiriləcək ekspertizaların qiymətləri də bahalı deyil ki, ətin qiymətinə təsir göstərsin. Ətin qiymətində hansısa bir rəqəm dəyişikliyi olacaqsa, bu o demək deyil ki, Azərbaycan əhalisinin sağlamlığı kütləvi təhdid qarşısında qalmalıdır. Əminəm ki, bu iqtisadi tərəfdən də əhaliyə təsir edə biləcək göstərici olmayacaq. Bütün neqativ hallar aradan qalxacaq, əhali  üçün əlçatan qiymətlər olacaq”.

küçələrdə ət kəsimi ile ilgili görsel sonucu

Qida məhsullarına verilən sertifikatların qiyməti – rüsumlar nə qədər olacaq?

Qoşqar Təhməzli deyir ki, sertifikatların verilməsi ilə əlaqədar sənədlər hazırda Tarif Şurasındadır: “Sertifikatlaşma ilə əlaqədar qiymətlər təyin olunandan sonra ödənişlər ASAN xidmətlər vasitəsilə həyata keçiriləcək. Sertifikatlar “ASAN xidmət” mərkəzlərində veriləcək. Rüsumlar böyük olmayacaq. Sahibkarın öz məhsulunu sertifikatlaşdırması üçün ödəyə biləcəyi hədd daxilindədir”.

Həmçinin oxuyun

Fərdi yaşayış evi necə sənədləşdirilməlidir? – ŞƏRH

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. Bununla bağlı mətbuata açıqlama verən …