Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / “Əsas problem 10 gün sonra özünü göstərəcək”

“Əsas problem 10 gün sonra özünü göstərəcək”

“İnsanlar gəzir, avtobuslar dolu olmasa da, içində insanlar oturub. Bu onu göstərir ki, hələlik elan edilən karantin rejiminə keçməmişik. Ancaq bir məqam da var. Bizdə qadağaları tədricən və mərhələ-mərhələ tətbiq edirdilər. Odur ki, əhali buna hazır idi. Şəhər doğrudan da boşdur. Əvvəlki Bakı ilə indiki Bakı arasında böyük fərq var. Deməli, insanların çoxu təhlükəni, gedişatı anlayır. Bu gün şəhərdə gəzən yoxdur, amma biz anlamalıyıq ki, əhalimizin çoxu qeyri-rəsmi işləyir. Gündəlik işlə çörək pulu qazanır. Belə kateqoriya şəxslər gündəlik evdə oturanda ailəsi ac qalacaq. Bu baxımdan belə insanlar iki təhlükə arasında seçim edəndə koronavirusu seçir. Düşünür ki, virusa yoluxsa xəstələnmə şansı daha çoxdur, nəinki ailəsinin acından ölməsi. Başqa sözlə, iki ən pisdən daha münasibini seçir”.

Bunları “AzPolitika.info”-ya psixoloq Azad İsazadə insanların müəyyən qisminin karantin rejiminə əməl etməməsinin psixoloji tərəflərini qiymətləndirərkən deyib.

Mütəxəssisin fikrincə, belə kateqoriya insanların iqtisadi problemini həll etmədən karantin rejimini tətbiq etmək müəyyən problemlər yaradıb: “Yəni iqtisadi problemlərin həllini bir qədər gecikdiriblər. Bəli, indi iqtisadi proqramlar, sənədlər hazırlanır. Amma əhali bu gün üçün pul qazanmalıdır. Digər tərəfdən, heç yerdə qeydiyyatı olmayan, günlük işi müqabilində işləyən insanlara dəstək kimi pulun necə çatdırılması da mühümdür. Məsələn, elan edirlər və biz televiziya reportajlarından görürük ki, yaşlı insanlara yardım göstərilir. Amma tanışlarımız zəng edib deyirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düşə bilmirlər. Yəni hansısa kömək və ya yardım almaq mümkün olmur. Deməli, biz tam karantinə keçməyə hazır deyilik. Hesab edirəm ki, bu məsələlər həllini tapdıqdan sonra karantin rejimi daha ciddi şəkildə işləyəcək və insanlar evlərində oturmağa üstünlük verəcək”.

Psixoloq əlavə edib ki, hələlik karantin tələblərinə uyğun olaraq birinci həftə evdə oturmaq heç bir böyük problem yaratmır. Onun sözlərinə görə, əsas problemlər ikinci həftənin ortasından, haradasa 10 gündən sonra özünü bürizə verməyə başlayacaq: “Dinamika, az hərəkətlilik, eyni insanlarla daimi ünsiyyət və qapalı məkanda qalmaq sözsüz ki, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxaracaq. Bir hissədə depressiv əlamətlər görünə, bir qisimdə isə aqressiya müşahidə oluna bilər. Hətta bu aqressiya ailədaxili konfliktləri tətikləyə bilər”.

Mütəxəssis xatırladıb ki, xarici təcrübədə uşaqlara təzyiqlərin çoxaldığı məlum olub: “Çünki enerjili uşaqlar günün yarısını məktəbdə və parklarda keçirir. İndi belə uşaqlar bütün günü evdə oturur və istər-istəməz valideynlərini, baba və nənələrini qıcıqlandırır. Beləcə hansısa formada bu enerjini azaltmaq üçün şapalaq vururlar, döyürlər. Son nəticədə uşaq belə təzyiqə məruz qalır. Belə problemlərlə biz də gələn həftə rastlaşa bilərik. Ancaq bu evin içində qapalı qalacaq. Bunun baş verməməsi üçün məsləhət və tövsiyə vermək də çətindir. Konkret çıxış yolu yoxdur. Səbr nümayiş edirmək lazımdır. Biz nəzərə almalıyıq ki, cəmiyyət ilk dəfədir ki, belə problemlə rastlaşır və hələlik yüz faizlik çıxış yolu, məsləhət vermək çətindir. Amma bu problemi biz bilməli, gözləməliyik. Və düşünməliyik ki, nəyi necə edək”.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …