Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ərdoğanın uğursuz diplomatiyası Türkiyəni iflic etdi – TƏHLİL

Ərdoğanın uğursuz diplomatiyası Türkiyəni iflic etdi – TƏHLİL

Hazırda Türkiyəni idarə edən lider partiya Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi – AKP) ilk dəfə 2002-ci ildə, 39-cu siyasi partiya olaraq qurulub. Bu günə qədər Türkiyə siyasəti və dövlətçilik tarixində daha çox beynəlxalq müstəvidə mənfi iz qoyan partiya kimi də xarakterizə edilməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident, həmçinin Baş nazir olduğu dönəmlərdə Türkiyə həm regional, həm də subregional müstəvidə bir sıra diplomatik, iqtisadi və siyasi böhranlar yaşadı. Yaşanan xoşagəlməz hadisələrin, demək olar ki, hamısının mərkəzində baş qəhrəman olaraq Rəcəb Tayyib Ərdoğan dururdu. Bir nüansı vurğulamaq lazımdır ki, hazırki Türkiyə Prezidenti temperament tipinə görə, xolerik sayıla bilər. Ona görə ki, bu tipə aid edilən siyasi liderlər adətən, həddən artıq hövsələsiz, tez özündən çıxan olurlar. Onlarda plastiklik zəif olur və öz maraqlarını həyata keçirtməyə yüksək cəhd və inadkarlıq müşahidə olunur. Bu xüsusiyyətləri də Ərdoğan özündə cəmləşdirib.
Baxmayaraq ki, “Adalet ve Kalkınma Partisi” Türkiyənin daxilində uzun illərdi tək lider partiya olaraq kreslonu qoruyub saxlayıb, ancaq beynəlxalq arenada bərbad diplomatiyası ilə daha çox tanınır. 2015-ci ildəki seçkilərdə 2002-ci ildən bu yana ilk dəfə büdrəyən “AKP” (Adalet ve Kalkınma Partisi) koalisiyalı hökumət qurmaq barədə digər siyasi partiyalarla uzlaşa bilmədi. Nəticədə seçkilər yenidən keçirildi və Ərdoğanın partiyası yenidən Türkiyədə liderliyi ələ aldı.
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu, 2001-ci ildə nəşr olunan “Strateji Dərinlik” adlı kitabında olduqca vacib kriteriyalara toxunub. Maraqlıdır ki, Davudoğlunun müəllifi olduğu həmin kitabda “sıfır sorun” xəttini rəhbər tutmasına baxmayaraq, Türkiyə dünya çapında kifayət qədər ciddi problemlərlə qarşı-qarşıya qaldı. Hərçənd ki, “sıfır sorun” konsepsiyasının mahiyyətində bütün qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlər qurmaq dururdu. Bundan əlavə, Ərdoğanın sərt və kritik tənqidi çıxışları günbəgün bütün qonşularla olan normal münasibətləri də tamamilə korladı.
Əslində, Davudoğlu “Yeni-Osmanlıçılıq” məsələsində heç də Ərdoğanla eyni baxışa sahib deyildi. Türkiyənin bu siyasi xətti – Ərdoğanın imperiya fikirləri, o cümlədən xilafət ideyası ilə hərəkət etməsi nəticə etibarı ilə onun beynəlxalq arenada təklənməsinə rəvac verdi.
Ərdoğanın “uğurlu” siyasətinə dair bir neçə fakt
Azərbaycanla münasibətlərin zədələnməsi – “Surix Protokolu”
2009-cu ildə Adalet ve Kalkınma Partisi Azərbaycanın marağını nəzərə almayaraq, uzun illərdi Azərbaycan Respublikasının 20%-ni işğal atında saxlayan Ermənistanla İsveçrənin Surix şəhərində sərhədlərin açılması ilə bağlı “Surix Protokolu” kimi tanınan protokolu imzaladı. Təbii ki, belə bir davranış Azərabycan dövlətinin kəskin etirazına səbəb oldu və rəsmi Bakı ilə Ankara arasındakı siyasi münasibətləri ciddi şəkildə zədələdi.
İsrail ilə münasibətlərin korlanması – “One Minute” olayı
2009-cu ildə Rəcəb Tayyib Ərdoğan ilə Davos iqtisadi forumunda İsrail Prezidenti arasında böyük qalmaqal yaşandı. “One Minute” olayı kimi tanınan bu hadisədən sonra İsrail-Türkiyə münasibətləri ciddi şəkildə korlandı. Bu sıraya “Mavi Mərmərə” hadisəsini də əlavə etsək, İsraillə olan münasibətlərin hansı səviyyəyə düşdüyü aydın olar.
Misir ilə yaşanan “Müsəlman qardaşları” problemi
Misir Prezidenti Məhəmməd Mursi devrildikdən sonra “Müsəlman Qardaşları” adlı partiyanın Misirin yeni Prezidenti Abdulfəttah Sisi tərəfindən sıxışdırılmasına başlanıldı. “Müsəlman Qardaşları”na qucaq açan Ərdoğanın bu davranışı Misirlə olan münasibətlərin pozulmasına səbəb oldu. Ərdoğanın Misirin Prezidenti olaraq Mursini gördüyünü bəyan etməsi Sisi ilə olan münasibətləri bütünlüklə korladı. Beləcə, Misir-Türkiyə münasibətləri özünün durğunluq çağına qədəm qoydu.
İran ilə münasibətlərdə soyuqluq – “İŞİD ittihamı”
Rusiya-Türkiyə münasibətlərinin sarsılmasından sonra, İranla da münasibətlər korlandı. Səbəb isə İran qəzetlərinin Ərdoğanı “İŞİD” terror təşkilatı ilə əməkdaşlıqda, ələlxüsus də onların satdığı nefti almaqda ittiham etməsi idi. Vəziyyət o həddə çatdı ki, Türkiyə Prezidenti İran Prezidentinə zəng vuraraq İran mediasının yaydığı xəbərlərdən narahat olduğunu bildirdi. Bununla da İran-Türkiyə münasibətlərində bir müddətlik soyuqluq baş verdi.
Almaniya ilə münasibətlərin soyuqlaşması – “Böhmermann krizi”
Almaniyalı bir komediyaçının Ərdoğanı təhqir etməsindən sonra məsələ daha da genişlənərək Almaniya və Türkiyə arasında ciddi bir qalmaqala səbəb oldu. Diplomatik böhran kimi də dəyərləndirilən bu hadisə Berlin-Ankara münasibətlərində durğunluğa səbəb oldu.
ABŞ-da yaşanan “Məhəmməd Əli” qalmaqalı
ABŞ-ın Kentukki əyalətinə, əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə gedən və orada da qalmaqal yaşayan Ərdoğan, ABŞ səfərindən imtina edərək geri döndü. Ərdoğanın bokçusunun cənazəsində etmək istədiyi islami dəyərlərə əsaslanan çıxışını əngəlləyənlər Türkiyə Prezidentlinin 24 saat belə olmamış 2 günlük ABŞ səfərinin yarıda kəsib geri dönməsinə səbəb oldular. Təbii ki, bu hadisə də Ərdoğanın simasında yeni bir kriz kimi tarixə düşdü.
Ərdoğan və Türkiyədə doğan terror
Xüsusilə, Suriya münaqişəsindən sonra Türkiyədə terror aktlarının sayı ciddi şəkildə artdı. Terrorçular asanlıqla böyük şəhərləri hədəfə aldılar və sonda yüzlərlə insan öldürüldü. Rəsmi statistikaya görə, son 5 ildə 15 terror hadisəsi nəticəsində 266 nəfər həyatını itirib, 766 nəfər isə yaralanıb. Əlbəttə ki, bu statistika müvəqqətidir və hər an dəyişməkdədir. Ən əsası, bütün bunlar Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində çoxaldı və hələ də çoxalmaqdadır. Ərdoğanın publikaya işləyən çıxışları, sərt və açıq tənqidləri axırda sadə xalqın terrordan əziyyət çəkməsinə səbəb oldu.
İyun ayının 28-də “Atatürk” hava limanında 28 nəfərin həlak olması, 60 nəfərin isə yaralanması ilə nəticələnən partlayış da böyük rezonans doğurdu. Türkiyə artıq terror kəlməsi ilə paralel adı çəkilən İraq, Əfqanıstan, Liviyaya bənzəməyə başlayıb. Ümumiyyətlə, bu cür klassik terror aktları Türkiyə və Pakistan kimi ölkələr üçün daha xarakterik sayılır. Çünki Türkiyənin atdığı hər müsbət, yaxud mənfi addıma cavab olaraq kənar qüvvələr asanlıqla bu ölkənin içində istədikləri yerdə bomba partlada bilirlər. Şübhəsiz ki, bu işdə maraqlı olan ölkələr var və həmişə də olacaqlar. Məsələnin digər tərəfi Türkiyə xüsusi xidmət orqanlarının qətiyyən bu kimi terror aktlarından xəbərdar olmamasıdır ki, bu da Türkiyənin daxili sistemində, idarəçilikdə fikir ayrılıqlarının, ciddi nöqsanların olmasına dəlalət edir.

Fərrux Həsənov
Tərəfdar.az

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın