Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Ərdoğan üçün, yoxsa hər doğulan üçün? – TƏHLİL

Ərdoğan üçün, yoxsa hər doğulan üçün? – TƏHLİL

Bəli, həftə başa çatmaqdadır. Artıq bir gündən sonra nəinki Türkiyənin özündə, hətta bir sıra Avropa ölkələrində diqqətlə müzakirə və təhlil edilən konstitusiya düzəlişləri referenduma çıxarılacaq. Bununla da artıq neçə ildir ki, hakim partiyanın cəmiyyətə təlqin etdiyi prezident üsul – idarəsi ya bərqərar olacaq, ya da cəmiyyət tərəfindən rədd ediləcək.

Bu gün, hələ referenduma bircə gün qalmış bir daha prosesin özəl tərəflərinə diqqət çəkmək olar. Açığı, Türkiyədəki proseslərlə bağlı heç də birinci dəfə deyil ki, yazırıq. Əvvələr də parlament və prezident üsul -idarəsi arasında müqayisələr aparmış, hər birinin müsbət və mənfi tərəfi haqqında yazmışdıq. Həmin fikirləri burada bütünlüklə təkrarlamaq və yaxud da bir daha onlara qayıtmaq fikrimiz yoxdur.

Amma müəyyən bir maraq var bu məsələlərə. Hətta proses bitmək üzrə olsa da çoxu hələ də bircə sual üstündə baş sındırır: “Axı Türkiyədə nə baş verir?”

ƏGƏR İNANMIRSANSA…

Bir yazar kimi biz diqqətlə referenduma çıxarılacaq təklifləri nəzərdən keçirdik, özü də təkrar olaraq. Şükür ki, indi internetin imkanları olduqca böyükdür, ona görə də bunun üçün hər hansı çətinliklə qarşılaşmadıq və bir daha əmin olduq ki, bütün düzəlişləri məzəli şəkildə ikicə maddədə ifadə etmək olardı: ”Maddə 1. Prezident həmişə haqlıdır. Maddə 2. Əgər buna şübhə edirsənsə, onda birinci maddəyə bax”…

Bunu bəlkə də qərəzli qəbul etmək olar. Amma reallıq reallıqdır. Prezident üsul-idarəsi onsuz da təbiətən daha avtoritardır. Buna can atanlar isə prosesə bir az öz ambisiyalarını da qatırlar. Ona görə də son nəticədə qəliz bir şey alınır.
Bəli, biz də razıyıq ki, Türkiyə konstitusiyasına bir az “əl gəzdirməyə” ehtiyac vardı. Mürəkkəb dövrlər, xüsusən də soyuq müharibə dövrünün reallıqları Ana Yasada müəyyən izlər buraxmışdı. Bunların “malalanma”sına ehtiyac vardı. Məsələn, uzun illər Türkiyə konstitusiyasında ordu üçün fövqəladə səlahiyyətlər vardı. Təbii ki, bu belə davam edə bilməzdi və ölkə konstitusiyası fövqəladə hallar üçün resept və istisnaları nəzərdə tutsa da, o, əsasən dinc dövr üçündür. Bu mənada etiraz yoxdur. Amma bu bir nəfərə həddindən artıq səlahiyyətlər verməklə də sona çatmamalı idi. İnsanlar referendumda “hə” desələr, o halda prezident böyük səlahiyyətlər alacaq. Düşünürük ki, bu qədər səlahiyyətiəlində cəmləşdirən R.T.Ərdoğan onu öz məqsədləri üçün də istifadə etməkdən çəkinməyəcək. Düzdür, layihədə prezidentə impiçment də əksini tapıb. Amma bunun üçün parlament üzvlərinin düz beşdən dördünün dəstəyi tələb olunur…

QƏRİBƏ ASİMMETRİYA…

Əvvəldə dediyimiz kimi, layihənin təfərrüatlarına varmayacağıq və diqqəti daha çox prosesin siyasi tərəflərinə yönəltməyə çalışacağıq. Bir daha deyirik ki, təbliğat-təşviqat mərhələsində də simmetriya pozulmuş və layihəni təqdir və təbliğ edən çıxışlar daha çox olmuşdu.

Bizim də bir neçə Türkiyə telekanalını izləmək imkanımız var. Hətta ötəri baxış yetərli idi ki, təbliğatla antitəbliğat arasındakı böyük asimmetriyanı sezə biləsən. Demək olar ki, danışan elə hakim partiyanın adamları idi. Hətta təsəvvür yaranırdı ki, layihənin Kamal Kılıçdaroğludan savayı əleyhdarı yoxdur. Təbii ki, bu,çox gülməli görünür…

Əslində ekspertlərin iştirakı ilə geniş müzakirələr, disputlar təşkil edilməli idi. Amma bunlar yox idi və ya olduqca seyrək idi. Nə isə… Belə deyim var ki, Roma papasından artıq katolik olmaq olmaz. Üstəlik, dünyanın ən demokratik ölkələrindən birində, ABŞ-da da prezident üsul –idarəsi hökm sürür…

Burada onu da qeyd edək ki, layihə qəbul olunarsa, daha Türkiyə cəmiyyətə üzücü koalision hökumət problemini və ya silsilə, ard-arda parlament seçkiləri problemini yaşamayacaq, prezident özü hökuməti təşkil edəcək. Amma Türkiyə cəmiyyəti nəyi itirdiyini sonra fərq edəcək – parlament idarəçiliyi dövründə hökumət daha şəffaf və açıq idi, seçicilərdən daha çox asılı idi, parlamentin ciddi nəzarəti altında idi… Di gəl, indi bunların heç biri olmayacaq. Bunun nələrə gətirib çıxaracağını isə təxmin etmək elə də çətin deyil. Dəfələrlə yazmışam ki, ruhən və fitrətən demokrat siyasətçilər yüz ildən bir doğulur. Qalanları sadəcə, demokrat olmağa məcbur olurlar və onları, necə deyərlər,“zorən demokrat” adlandıra bilərik…

Bəli, siyasətçilərin böyük bir qismi əgər öz üzərlərində ciddi ictimai nəzarət hiss edirlərsə, doğru-dürüst olurlar. Yox, əgər belə nəzarət və təftiş mexanizmləri, cəhdləri yoxdursa, o halda öz bildiklərini edirlər…

BƏLKƏ ELƏ DOĞRUDAN DA…

Sonda bir suala da cavab verək. Niyə Türkiyədəki proseslərə bu qədər diqqətliyik? Təkcə ona görə ki, bu ölkə Azərbaycanın təbii müttəfiqidir? Əsla. Türkiyə demək olar ki, yeganə demokratik müsəlman dövlətidir və bu ölkədə demokratiyadan sapınarsa o halda daha ümid yeri qalmır. O halda razılaşmaq lazım gələcək ki, demokratiya həqiqətən də müsəlman cəmiyyətləri üçün deyil. O halda razılaşmaq lazım gələcək ki, dünyada elə həqiqətən də müxtəlif sivilizasiyaların çarpışması gedir…

Amma bizim bütün bunların heç biri ürəyimizcə deyil. Hələ də ümid edirik ki, azadlıq, demokratiya və insan haqları həqiqətən də universal dəyərlərdir. Bunlar heç də “seçilmiş” millətlər və dini cəmiyyətlər üçün nəzərdə tutulmayıb.
Fəqət, şüarlar səsləndirməklə də iş bitmir. Gərəkdir ki, bu şüarlar gerçək olsun. Amma olacaqmı?..

O ki qaldı yazının başlığındakı suala, bunu B.Yıldırımın dilindən eşitmişdik. Baş nazir təbliğat çarxlarından birində deyir ki, referendum Ərdoğan üçün deyil, hər doğulan üçündür!..

Nə deyək? Biz də inanmaq istərdik buna…Sidq-ürəkdən deyirik bunu…

Hüseynbala SƏLİMOV

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın