Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / Ərazimizdən sonuncu minanın çıxarılacağı gün – gələn yaya kimi…

Ərazimizdən sonuncu minanın çıxarılacağı gün – gələn yaya kimi…

“2020-ci ilin noyabrından 2022-ci ilin oktyabr ayına qədər minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56 573 hektardır”.

Bunu ANAMA-nın sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, 2022-ci ildə təmizlənməsi nəzərdə tutulan ərazilərin sahəsi 40 min hektardır. “Artıq 36 min hektara qədər ərazi minalardan təmizlənib və ilin sonuna kimi təyin olunmuş ərazi tamamilə minalardan təmizlənəcək”, – Süleymanov bildirib. Qurum sədri vurğulayıb ki, minatəmizləmə üzrə illik planın 65 min hektara çatdırılması planlaşdırılır.

“Ermənistanın verdiyi mina xəritələrinin cəmi 2%-i effektiv olub”.

Bunu da ANAMA rəhbəri bildirib və qeyd edib ki, minalar ən çox keçmiş təmas xəttində aşkar olunur.

İki ilə 56 573 hektar və ya 565.73 kv km (0.565 min kv km). Daha nə qədər ərazimiz minalardan təmizlənməmiş qalır? İki ildəki sürətimiz mütəxəssislər tərəfindən necə qiymətləndirilir və bu sürətlə sonuncu mina ərazimizdən təxminən nə vaxt çıxarılacaq?

Bu arada məlum olub ki, ABŞ-ın humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan və Azərbaycanla 25 ildir uğurlu əməkdaşlıq edən Marşal İrsi İnstitutu ANAMA üçün bu günədək 60 minaaxtaran it təmin edib. 2023-cü ilin yayınadək daha 15 minaaxtaran it Azərbaycana təhvil veriləcək və ANAMA-ya verilmiş itlərin ümumi sayı 75-ə çatacaq.

Bu, əlbəttə, yaxşı xəbərdir. Ancaq ərazilərimizin minalardan təmizlənməsini sürətləndirmək üçün çox sayda mütəxəssis, onların hazırlanmasına isə böyük vəsait lazımdır. Həmçinin bahalı hərbi texnikalar. Bu isə Azərbaycan dövlətinin qısa zamanda və təkbaşına öhdəsindən gələcəyi iş deyil. Nə barədə ki, Azərbaycan Prezidenti keçən həftə Astanadakı çıxışında da demişdi. Sitat: “Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq”.

Bəs daha tez mümkünmü? Ümumiyyətlə, mina təmizləmə işində Qərb ölkələri arasında Azərbaycana ən çox dəstək verən ölkələr hansılardır? Və bu ölkələrin, həmçinin Qərb təşkilatlarının real köməyinə nail olmaq üçün bizdən nə tələb olunur?

Əlövsət Allahverdiyev 1905.az

Əlövsət Allahverdiyev: “56 573 hektar ərazinin minalardan təmizlənməsi çox uğurlu göstəricidir”

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bu barədə “Yeni Müsavat”a açıqlamasında çox vacib nüanslara toxundu: “ Doğrudur, biz ərazilərimizin minalardan daha tez təmizlənməsini istəyirik. Amma bu mümkündürmü? Əslində 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabr ayına qədər 56 573 hektar ərazinin minalardan təmizlənməsi çox uğurlu bir göstəricidir. Proses heç də ağır getmir. Minatəmizləmə və ya minadan təmizləmə adətən üç mərhələyə bölünür: aşkarlama, təmizləmə və zərərsizləşdirmə.

Mövcud aşkarlama üsulları yüksək texnologiyalı elektron (yerdən nüfuz edən radar, infraqırmızı, maqnit rezonans görüntüləmə) bioloji aşkarlama sxemlərinə (it iyləyənlər və həşəratlar və ya bakteriyalar) qədər sadə, kobud qüvvə partlatma üsullarına (yelçəklər, rulonlar və şumlar) və istifadəni əhatə edir. Bu üsulların əksəriyyəti çox yavaş və/yaxud bahalıdır. Dövlət təkbaşına bu prosesi tezliklə həyata keçirə bilməz. Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzinin məlumatına görə, minaların aşkarlanmasının bu qədər ləng olmasının əsas səbəbi, bir çox hallarda minalandığı bildirilən ərazinin 98%-ə qədərinin əslində minasız olmasıdır. Xatırlayırsınızsa, 2021-ci ildə Avropa İttifaqının prezidenti bu sahədə ölkəmizə texniki dəstəyin veriləcəyini bildirmişdi. Eyni zamanda, Türkiyə bizə bu məsələlərdə yaxından kömək edir. Avropa Birliyi tərəfindən dəstəklənən TIRAMISU layihəsi son bir neçə ili Avropanın hər yerindən və onun hüdudlarından kənarda 26 qurumu bir araya gətirərək minaların sürətli təmizlənməsi prosesini reallaşdıra bilib. Belçikadakı Kral Hərbi Akademiyasının tədqiqat mühəndisi Haris Baltanın rəhbərlik etdiyi qrup, işlərinin bir hissəsi olaraq, quru üzərində uçan, ərazinin 3D modellərini quran və toplayan pilotsuz uçuş sistemindən istifadə etdi. Onların PUA-ları 2014-cü ildə Bosniya və Herseqovinada baş verən daşqınlardan sonra dramatik sınaqdan keçirildi, nəticədə minlərlə mina və partlamamış hərbi sursat naməlum yerlərə köçürüldü”.

Hüquqşünas onu da qeyd etdi ki, ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi BMT-nin nəzarətində olmalıdır: “1989-cu ildən minatəmizləmə məsuliyyəti böyük ölçüdə Birləşmiş Millətlər Təşkilatına keçib. Tipik BMT-nin minatəmizləmə proqramına aşağıdakılar daxildir:

minalarla bağlı məlumatlılıq;

minalardan təmizləmə təlimi;

mina sahələrinin tədqiqi, planlaşdırılması və idarə edilməsi;

minalardan təmizləmə.

Proqramın sonuncu üç mərhələsi peşəkar və təcrübəli işçilər, çox vaxt BMT ilə müqavilə əsasında xüsusi firmalar tərəfindən həyata keçirilir. BMT Əfqanıstan, Anqola, Kamboca, Salvador, Mozambik, keçmiş Yuqoslaviya, Liberiya, Ruanda və Somalidə bu  əməliyyatı həyata keçirib. Bu da faktdır ki, Əfqanıstanda BMT-nin minalardan təmizləmə əməliyyatı 65 kvadrat kilometr ərazinin təmizlənməsi zamanı 16 nəfərin həyatına son qoyub.  BMT həmçinin minalanmış ərazilərdə yaşayan insanların minaları özləri təmizləməyi öyrənə bilməsi üçün təlim proqramları təşkil edir.

Böyük Britaniya 44 günlük savaşdan sonra 2021-ci ildə münaqişədən sonra Dağlıq Qarabağda və onun ətrafında minaların təmizlənməsinə kömək etmək, ərazini təhlükəsiz etmək, xəsarətlərin qarşısını almaq və insanların həyatını xilas etmək üçün yarım milyon funt sterlinq ayırıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait Dağlıq Qarabağda və onun ətrafında minalardan təmizlənməni dəstəkləmək və çirklənmiş torpaqları insanların istifadəsi üçün təhlükəsiz etmək üçün təlim və kadrların hazırlanmasına kömək edəcək. Hesab edirəm ki, Avropa ölkələri içərisində bu istiqamətdə ilk olaraq təşəbbüslə çıxış edən ölkə İngiltərə oldu. Bunlar isə heç şübhəsiz ki, dövlətimizin sayəsində reallaşır. Ümid edək ki, minalardan daha tez azad olmaq üçün dövlətimizə dəstək artacaq”.

Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!

Alp Arslan İmamqulu: “Digər sahələrdə olduğu kimi, bu məsələdə də “ikili standartlar”a məruz qalmaqdayıq”

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu beynəlxalq aləmi bu məsələdə “ikili standartlar”dan çıxış etməməyə çağırdı: “Torpaqlarımızın azad olunmasından bu günə qədər keçən müddətdə Azərbaycan Müdafiə Nazirliyinin və Mina Təmizləmə Agentliyinin iştirakı ilə minlərlə hektar ərazilər minalardan təmizlənib. Bu ərazilərin bir qismi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bununla yanaşı, bir çox yol şəbəkələri və güzərgahlar, yaşayış məntəqələrinin ətrafları da təmizlənib.

Bu təmizləmə prosesində Azərbaycan Prezidentinin sərəncamı ilə Müdafiə Nazirliyində yeni hərbi hissələrin yaradılması, paralel olaraq, Mina Təmizləmə Agentliyinin imkan və qabiliyyətlərinin artırılması adına maddi texniki təminatın daha da yaxşılaşdırılması istiqamətində bir sıra göstərişlər də verilib. Bütün bunlar tez bir zamanda insanlarımızın qayıdış planı çərçivəsində öz həsrətlərində olduqları doğma yurdlarına geriyə dönə bilmələri üçün nəzərdə tutulub. Amma bununla yanaşı, ərazilərimizin 30 il müddət ərzində beynəlxalq konvensiyalara zidd olaraq minalanması, bir sıra cinayətlərin törədilməsi eyni zamanda, beynəlxalq müvafiq təşkilatların da marağında olmalıdır. Çünki onlar məhz minalanmış ərazilərin təmizlənməsi adına maddi texniki təminatla dəstəkləməsində, iqtisadi yardımların edilməsində cavabdehlik daşıyırlar. Bu istiqamətdə dəfələrlə müraciətləriniz olub. Amma bütün bunlara baxmayaraq, digər sahələrdə olduğu kimi, burada da “ikili standartlar”a məruz qalmaqdayıq. Bütün bunlara baxmayaraq bizi bu istiqamətdə dəstəkləyən bir sıra dövlətlər də yox deyil. Nümunə olaraq Azərbaycanın strateji müttəfiqi Türkiyəni demək olar. Ümumi olaraq, ərazilərimizin tez bir zamanda təmizlənə bilməsi üçün milyardlarla dollar vəsait lazımdır ki, bu da təkbaşına Azərbaycanın imkanı daxilində deyil.

Digər bir istiqamətdən baxılsa, 30 il ərzində ərazilərimizi bu şəkildə yararsız hala gətirilməsi, ekoloji ziyanın vurulması və mədəni irsimizə qarşı törədilən cinayətlər Ermənistanın təzminata cəlb olunmasını gərəkdirir. Təzminatın ödənilməsinin bir sıra yolları var. Bu müəyyənləşdirilmiş zərərin ödənilməsidir və ya ödəyə bilmədiyi təqdirdə zərər vuran dövlətin zərərə qarşılıq öz ərazilərinin bir qismindən imtina etməsi ola bilər. Ermənistanın indiyə qədər vurduqları zərbə müxtəlif rəqəmlərlə göstərilir. Başlanğıc olaraq isə mövcud şəraitdə erməni tərəfi mina xəritələrinin verilməsinə ciddi yanaşmalıdır və bu istiqamətdə vəzifə borcları olan beynəlxalq təşkilatlar Azərbaycana mütləq, gərək olan dəstəyi verməlidir”.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …