Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Sosial / Əlillik üçün yeni meyarlar və ədalət tərəzisi: həqiqətlə yalan iç-içə

Əlillik üçün yeni meyarlar və ədalət tərəzisi: həqiqətlə yalan iç-içə

İyulun 1-dən Azərbaycanda yeni əlillik meyarları tətbiq olunacaq. Yeni meyarlara əsasən, əlillik artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, danışma, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Qeyd edək ki, son dövrlər minlərlə saxta əllillik dərəcəsi əldə edənlərin pensiyaları kəsilsə də, hələ də bu sahədə problemlər qalmaqdadır. Bəzi hallarda tamamilə sağlam insanlar saxta üsullarla özünə əlillik dərəcəsi təyin etdirib pensiya alsalar da, əmək qabiliyyətini itirmiş minlərlə vətəndaş hələ də rəsmi qurumlar tərəfindən əlil kimi tanınmayıb.

Görəsən, yeni əlillik meyarları bu sahədə ədalətin bərqərar olmasına gətirib çıxaracaqmı?

İqtisadçı ekspert Xalid Kərimli AYNA-ya açıqlamasında deyib ki, əlillik şərtlərini çətinləşdirmək çıxış yolu deyil: “Bundansa, yaxşı olardı ki, əlillik dərəclərinin verilməsi zamanı qeydə alınan neqativ hallar aradan qaldırılsın. Şəffaflıq təmin edilməyənə və bu sahədə mövcud olan korrupsiya halları aradan qalxmayana qədər ciddi dəyişikliklərdən danışmaq mümkün deyil. Etiraf etmək lazımdır ki, bu sahədə çox ciddi haqsızlıqlar yaşanır. Elə insanlar var ki, tamamilə sağlamdırlar və dövlətdən pensiya alırlar. Təbii ki, vətəndaş məsuliyyətini itirmiş bu adamlar bütün instansiyaları “doydurmaq”, rüşvət verməklə buna nail olublar. Lakin elə xəstələr də var ki, faktiki olaraq özlərini idarə edə bilməsələr də, onlara əlillik dərəcəsi verilmir”.

“Bu, utanc gətirən haldır və müvafiq qurumlar təcili olaraq belə biabırçı halların qarşısını almalıdır. Özünü idarə edə bilməyən, fiziki qüsurlu vətəndaşı yiyəsiz buraxıb, əvəzində saxta “əlillər”ə bu imkanı tanımaq faciədir”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, baş verənlər hökumətin sosial siyasətinə neqativ münasibət formalaşdırır: “İnsanlar bu qədər haqsızlığı görüb barışmırlar. Mütəmadi olaraq əlillik şərtlərini sərtləşdirirlər. Nəzərə almaq lazımdır ki, əhalinin sosial vəziyyəti aşağı səviyyədədir və şərtləri sərtləşdirməklə onları süründürməçiliyə salırlar. Eyni zamanda korrupsiyaya şərait yaradırlar”.

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi o zaman öz vəzifəsinin öhdəsindən gəlmiş olacaq ki, saxta əlilləri ifşa edəcək. Bir müddət öncə bunu etdilər. Deyilənə görə, kifayət qədər müsbət nəticələri oldu. Düzdür, haqsız yerə pensiyası kəsilənlər də var. Lakin ümumilikdə saxta “əlillərin” siyahısının tutulması, onlara ayrılan dövlət yardımlarının və təqaüdlərin kəsilməsi daha məqsəduyğundur, nəinki şərtləri çətinləşdirmək”, – deyə Kərimli söyləyib.

Əlavə edib ki, bütün demokratik və inkişaf etmiş cəmiyyətlərdə bu məsələyə xüsusi önəm verilir: “Vətəndaşların sosial təminatı hökumətlərin qarşısında duran ən vacib məsələdir. Dövlət o zaman güclü olur ki, sosial təminat məsələsində ayrı-seçkiliyə yol verilmir, hökumət öz vətəndaşlarına sahib çıxır”.

İqtisadçı alim Qubad İbadoğlu da AYNA-ya şərhində qeyd edib ki, vaxtilə saxta əlil arayışları hesabına ölkədə əlilliyi olan şəxslərin sayı birdən-birə yüksəlmişdi: “İndi həqiqi əlilliyi olan şəxslərdə əlillik qrupunun təyini ilə bağlı qarışıq, dolaşıq və uzunçəkən bir proses tətbiq olunur ki, bu da yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumuna ciddi təsir göstərir. Müasir şəraitdə xəstəliyin tarixçəsini və onun əlillik səviyyəsini müəyyən etmək elə də çətin deyil. Sadəcə proses düzgün və qaydasında aparılmalıdır”.

“Bir müddət öncəyə qədər bu sahə bazarı xatırladırdı. Sonradan məsələyə müdaxilə etdilər, bir qədər sərtləşdirdilər. İndi isə şərtlər ağırlaşdırılır. Bu isə öz növbəsində onsuz da sosial problemlərdən əziyyət çəkən vətəndaşları çıxılmaz duruma salır”, – deyə mütəxəssis vurğulayıb.

Alim beynəlxalq standartlarda olan dörd əlillik dərəcələrinin özlərinin də kateqoriyalara bölündüyünü diqqətə çatdırıb: “Azərbaycanda tətbiq olunacaq qaydalarda kateqoriyalar olsaydı, beynəlxalq standartlara yanaşma kimi qəbul edilə bilərdi. İndiki halda isə bu hal yoxdur və bu sahədə ciddi uğurlardan danışmaq mümkün deyil”.

“Əlil bəzən bir sıra səbəbdən əmək qabiliyyətini itirir. Məsələn, hərəkət məhdudiyyəti olan əlil var ki, digər orqanları qaydasındadır. Əlil də var, hərəkət edə bilmir, üstəlik, görmə qabiliyyəti yoxdur. Bu məqam yeni qanunvericilikdə tənzimlənməyəcək. Sosial təminat dövlətin əsas vəzifələrindən biridir və biri olmalıdır”, – deyə İbadoğlu fikrini yekunlaşdırıb.

Həmçinin oxuyun

Sərnişinə təpik atan sürücü işinə qaytarıldı – VİDEO

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində insident yaşanıb. …