Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Sosial / “Əlillərin pensiyasının hesablanması qaydası dəyişəcək” – DEPUTAT

“Əlillərin pensiyasının hesablanması qaydası dəyişəcək” – DEPUTAT

“Azərbaycanda artıq sovet dönəmində mövcud olmuş I, İİ və III qrup əlillik dərəcələrindən imtina olunur, orqanizmin funksiyalarının itirilmə faizləri əsasında əlillik səviyyəsi müəyyənləşir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, bu gün parlamentin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı 60 qanunvericilik aktına əlavə və dəyişikliklər barədə məsələlərə baxılıb və bu məsələlər parlamentin plenar iclasına tövsiyə olunub: “Azərbaycan 2018-ci ildən BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasını ratifikasiya edib. Konvensiyanın tələblərindən biri də milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırmaqdır. Məhz bu tələbdən irəli gələrək 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul olunub. Bu gün qanunlara dəyişiklik də həmin uyğunlaşdırma prosesinin davamıdır. Beləliklə, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən, əgər orqanizmin funksiyası 30 faizə qədər pozulubsa, əlillik dərəcələri müəyyənləşmir. Sadəcə, şəxs peşə vəzifəsini yerinə yetirərkən əmək, yaxud peşə xəsarəti alması nəticəsində orqanizmin funksiyasını 30 faizə qədər itiribsə, müəyyənləşdirilən faizə münasib olaraq işi yerindən həmin şəxsin əməkhaqqına, yaxud pensiyasına əlavə veriləcək. İnsanın hər hansı funksiyasının 30 faizə qədər pozulması onun hər hansı əmək qabiliyyətinə mane olmur. Onu da qeyd edim ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, insan əmək qabiliyyətinin 30 faizini itirirdisə, III dərəcə əlillik verilirdi, 29 faiz əmək qabiliyyətini itirənlərə isə əlillik dərəcəsi verilmirdi”.

Parlamentin komitə sədri qeyd edib ki, dəyişikliklərə əsasən, orqanizmin funksiyaları 31 faizdən 60 faizə qədər pozulubsa, hazırdakı mövcud III əlillik dərəcəsinə bərabər əlillik, orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə hazırdakı mövcud II əlillik dərəcəsinə bərabər əlillik, orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə hazırdakı mövcud I əlillik dərəcəsinə bərabər əlillik müəyyənləşəcək. Eyni zamanda orqanizmin funksiyaları 31 faizdən 60 faizə qədər pozulubsa, əlavə kriteriyalar müəyyənləşəcək və gələcəkdə onların pensiyası hesablanarkən o faizlərə uyğun pensiyaların artımı müəyyən olunacaq. Yəni hazırkı III qrupun pensiyası 31-60 faiz orqanizmin funksiyası pozulanların start pensiyası hesab olunacaq, ancaq gələcəkdə pensiyalar artırılarkən bu pensiyalar orqanizmin funksiyası pozulması faizlərinə uyğun artacaq. Bu dəyişikliklər həm 18 yaşına qədər uşaqların, həm də 18 yaşından böyük əlillərin pensiyalarının geniş spektrdə müəyyənləşməsinə şərait yaradacaq”.

M. Quliyev bu dəyişiklərin bir çox üstünlükləri olacağını vurğulayıb: “Birincisi, artıq əlillik dərəcələrin özündə də faiz nisbətləri olacaq və buna uyğun olaraq vətəndaşın reabilitasiya potensialı müəyyənləşəcək, Fərdi Reabilitasiya Proqramı qəbul olunacaq. Gələcəkdə də onların pensiyaları artanda orqanizmin funksiyalarının itirilməsi faizlərinə uyğun artacaq”.

Parlamentin komitə sədri əlilliyin müəyyən edilməsi qaydasının dəyişdiyini də nəzərə çatdırıb: “Artıq qanunvericilikdə göstəriləcək ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (88 saylı forma) TƏBİB-in mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 gün müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 gün müddətinə uzadılmaqla keçiriləcək. İndiki halda isə əlilliyin müəyyənləşdirilməsi bir, hətta bir neçə ay çəkir. Bu da müsbət dəyişiklikdir. Bu qanunların gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”./APA

Həmçinin oxuyun

Zorlanan qızcığazlar, bıçaqlanan qadınlar… – Sığınacaqdan REPORTAJ

Azərbaycanda hər üç qadından biri zorakılığa məruz qalır. Bu qadınların bir çoxu ailəsini dağıtmamaq üçün …