Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Əlillərin işə götürülməsinənə nəzarəti təkmilləşdirmək təklif olunur – ŞƏRH

Əlillərin işə götürülməsinənə nəzarəti təkmilləşdirmək təklif olunur – ŞƏRH

Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən ediləcək. Bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 22-ci maddəsində (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) bildirilir ki, “Məşğulluq haqqında” qanuna uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əlillərin işə götürülməsinə dair bəzi hallarda sahibkarlıq subyektləri müxtəlif arqumentlərin gətirilməsi yolu ilə bu öhdəliklərdən yayınırlar: “Onlar bunu iş qabiliyyətinin zəif olması, öhdəliyin yerinə yetirilməməsi və yaxud da təyinatına uyğun olmayan tapşırıqların verilməsi yolu ilə edirlər. Sahibkarlıq subyektləri qeyd etdiyimiz faktlarla bunu arqumentləşdirirlər. Nəticədə bu, əlillərin özünə inamını sarsıdır və onların yenidən bu işlərdən imtina etməsinə gətirib çıxardır”.

Ekspertin sözlərinə görə, kvota məsələsi qanunvericilikdə var: “Bu kvotanın müəyyənləşdirilməsindən daha çox nəzarət mexanizmləri və əlillərin təkmilləşdirilməsi tədbirləri genişləndirilməlidir. Yəni müxtəlif peşə sahələrinə yiyələnmələri yolu ilə əlillərin iqtisadiyyat üçün yararlılığı təmin olunmalıdır. Təbii ki, Azərbaycanda kifayət qədər müxtəlif sahələrdə müəyyən peşə bacarıqlarına malik olan əlillər var”.

R.Həsənov bildirib ki, aidiyyatı dövlət qurumları da bu təyinatları, göndərişləri müəyyən edərkən vətəndaşın bacarıqlarına uyğun istiqamətlərin seçilməsinə daha çox diqqət ayırmalıdır: “Məsələn, rəssamlıq bacarığı olan bir əlil maliyyə sahəsində fəaliyyət göstərən şirkətə göndərilirsə, təbii ki, bu əlil orada öz yerini tapa, karyerasını qura bilməyəcək. Və nəhayət sonda ya sahibkarın, ya da özünün təşəbbüsü ilə işdən kənarlaşmış olacaq. Ona görə də daha yaxşı olar ki, nəzarət mexanizmləri təkmilləşdirilsin və paralel olaraq əlillərin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər genişləndirilsin”.

O vurğulayıb ki, əlillər ölkə əhalisinin təxminən 4-5 faizini təşkil edir və onların məşğulluğunun təmin edilməsi, rifahının yüksəldilməsi, iqtisadi proseslərə cəlb edilməsi həm iqtisadi inklüzivliyin təmin olunması, həm də işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılması baxımından kifayət qədər əhəmiyyətli məqamdır: “Beynəlxalq təcrübəyə də əsaslanmaqla bu istiqamətdə tədbirlərin gücləndirilməsi əhəmiyyətlidir. Həmçinin, yeni qanun layihəsinin də hansı standartlara, tələblərə uyğun olmasından daha çox, işləkliyinin təmin olunmasına nəzarət təşkil edilməlidir”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə açıqlamasında deyib ki, bu, əlillərin işlə təmin olunması üçün metodlardan biridir: “Amma hazırda əlillər ilə bağlı bir sıra proqramlar mövcuddur. Hesab edirəm ki, bu proqramların inkişafına daha çox ehtiyac var. Bu da əlillərin qabiliyyətlərinə uyğun biliklərini artırmaq və ümumiyyətlə, müəssisələrdə monitorinq keçirmək ilə bağlıdır”.

“Monitorinq zamanı əlillərin fəaliyyətinə uyğun gələn sahələrin mövcudluğu, əlilin o işi bacara bilməsi yoxlanılmalıdır və bu halda onu tövsiyə etmək olar. Məsələn, müəssisədə əlilə bacarmadığı işi verirlərsə, belə çıxır ki, əlilə həmin müəssisə baxmalıdır və elə ona görə əlili müəssisəyə veriblər. Amma halbuki bu gün müəssisələr 22 faiz əmək haqqı fondundan pul verirlər ki, bu, Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Və bu, ona görə verilir ki, əlillərin himayəsi ilə məşğul olunsun” – deyə o bildirib.

Ekspertin qənaətincə, əlillərə uyğun iş yerlərinin aşkar edilməsi və buna uyğun əlillərin bilik və bacarıqları artırıldıqdan sonra onlara təqdim olunması daha yaxşı olar.

Qeyd edək ki, qanun layihəsində bildirilir ki, işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında yeni hazırlanan “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Bundan öncə, yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə edilib. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …