Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əli Kərimlinin sabiq xanım müşavirindən AXCP sədrinə və çevrəsinə şok ittihamlar

Əli Kərimlinin sabiq xanım müşavirindən AXCP sədrinə və çevrəsinə şok ittihamlar

Zərifə Məhəddinova “Yeni Müsavat”a sensasion faktlar açıqladı; “Bizləri indi yox, 22 il əvvəldən satıblar…”; “AXCP-də olarkən gördüklərimdən, yaşadıqlarımdan iyrəndim”; “Milli Şuranın mitinqləri siyasi biznes layihəsidir”

AXCP sədri Əli Kərimlinin 4 ay öncə müşavirlikdən azad etdiyi Zərifə Məhəddinova ölkəni tərk edib. Hazırda sabiq xanım müşavir Avropa ölkələrinin birindədir. Onun hazırda olduğu yer heç kəsə məlum deyil. 

Facebook üzərindən Z.Məhəddinova ilə həyatı, siyasi fəaliyyəti və son günlərdə yaşanan hadisələrlə bağlı söhbət etdik. 

– Məlum olduğu qədər hazırda ölkədə deyilsiz?

– Bəli, didərginəm.

– Sosial şəbəkədə Elçibəyi satanlarla bağlı bir statusunuz var idi. Bu, sizi daha çox gündəmə gətirdi…

– Elçibəy Kələkiyə gedəndə 6 ay özümə gələ bilmədim. Apardığımız mübarizəni bir anda yerə vurub, qurduğumuz dövləti nəlbəkidə Əliyevlərə təqdim etdi. Onu satanlar da oldu. Amma həmin adamları onun yanına mən yığmamışdım. Biz indi deməliyik ki, Elçibəy yaxşı, ətrafı pis idi? Hazırda çox təəssüf edirəm. Elçibəyin bizlərə miras qoyub getdiyi qondarma liderlərin arxasında olduğum üçün. Bir sözlə, bundan utanıram.

– Niyə utanırsınız?

– Bir vaxt gələcək, gələcək nəsillər araşdırıb, bizə tüpürəcəklər. Təəssüf ki, onda deyəcəklər ki, onların arasında belə bir qadın da olub. Ondan rahatam ki, heç zaman susmadım. Daim sözümü çəkinmədən dedim. AXCP-də olarkən gördüklərimdən, yaşadıqlarımdan iyrəndim. Təəssüf ki, mənə vaxtında deyirdilər, amma inanmırdım. Şər-böhtana məruz qaldım. Onlar demokratik düşüncəmdən, sözü üzə açıq deməyimdən, hadisələrin gedişini anlamağımdan, cəmiyyətdə artan nüfuzumdan qorxub, əlaltılarının vasitəsilə mənə şər-böhtan atdılar.

– Onlar dedikdə kimləri nəzərdə tutursunuz?

– 57 yaşım var. Bu yaşda mənə heç bir ləkə yapışmaz. Lakin onlar məni iqtidarın agenti adlandırıblar. KQB-yə işləyən damğasını vurublar. Bunu onlara bağışlamayacağam. Onlar dedikdə Əli Kərimli və ətrafını nəzərdə tuturam. Əslində bu gün ki AXCP 5-10 nəfərdən ibarətdir.

– Demək istəyirsiniz ki, bu işlərin başında Əli Kərimli durur?

– Özü durmursa, bu, daha pisdir. O, orda kukladır? Artıq Əli Kərimli heç nə edə bilməz. Əvvəla, onun xisləti budur. İkincisi də, o, saqqalı çoxdan çaqqalların əlinə verib. Gözü kölgəli adam çox atılıb-düşə bilməz.

“Əslində bu gün ki AXCP 5-10 nəfərdən ibarətdir” 

– Gözü kölgəli demək nə?

– Görəsən bu adamların əslində rütbəsi nədir? Polkovnik, podpolkovnik yoxsa mayor? Məsələn, bir fotoqraf dünyadan köçərdi. Amma hamı bilərdi ki, o, fotoqraf yox, əslində KQB-nin agenti imiş. Onların heç birinə inanmıram.

– Sizi nə üçün müşavirlikdən çıxardılar?

– İllərlə millətin apardığı mübarizəni satıb pula çevirən, xalqın milli ruhunu öldürən, onun özünəgüvənini sarsıdan, ətrafında qoçu və şər-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran heç bir kəs bu xalqın qulluğunda ola bilməz. Bunların apardıqları çirkin oyunları görürdüm. Heç bir müdafiəm yox idi. Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə, yaltaqlanırdılar. Heç səmimi olmadılar. Hamı qorxurdu. Hətta hakimiyyətdən qorxmadıqları qədər partiya rəhbərliyindən qorxurdular. Bilirdilər ki, partiyadakı diktator, elə-belə diktator deyil. Daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şər-böhtan dəstəsi var. Elə şərləyərdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi.

– Yəni tutdura bilərdi?

– Məgər tutulanların həbsində onların əli yoxdur? Əmin edirəm ki, var. Hətta İlqar Məmmədovun həbsində belə onların əli var. Çünki o, rəqib idi, bunların çətirinin altına girmək istəmirdi. Seymur Həzi və Asif Yusifli oyanmışdılar. Qurultay tələb edirdilər. Rəhbərlikdə dəyişiklik istəyirdilər. Artıq dirəşmişdilər. Gözəl Bayramlı və Həsən Kərimovun dəyişməyini çox istəyirdilər. Necə olur ki, digər cəbhəçilərə 15-25 sutka verib, sonra azad edirlər. Seymur və Asif isə bir neçə il həbs cəzası aldılar. Bu adamların əxlaqı qüsurludur.

“Əli Kərimli saqqalı çoxdan çaqqalın əlinə verib” 

Bircə onu bilirəm ki, AXCP rəhbərliyindəki adamlar heç məktəb direktoru olmağa da layiq deyillər. Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar. Bəzilərinin də qarşısına alma-armud tökəsən, bazarda satsınlar. Onda daha faydalı olar. Bunlar nə bilir ki, milli ruh nədir? Görün, Elçibəy kimləri bizə miras qoyub. O, deyirdi ki, zamana ehtiyac var. 22 il keçdi. Yenə də zamana ehtiyac var? Bu 22 ildə xalqımız sovetin 70 ilindən daha çox sıxılıb, çöküb. İnam, etibar itib.

– Çıxış yolunu nədə görürsünüz? 

– Sovet vaxtı düşünürdük ki, bu millət ayılar, fürsətdən istifadə edər. Etdi də. Amma bir qrup şarlatana uyduq. Ömrümüz yanlış qapılarda keçdi. Lider dediyin seçkiyə qatılar, ya udar, ya uduzar. Hər seçkidə Etibar Məmmədovu, Rüstəm İbrahimbəyovu, Cəmil Həsənlini, Arif Məmmədovu qabağa verməz. Arifi tanımıram. Amma izlədiklərimdən görürəm ki, növbəti şarlatandır. Samirə Samirə Elmanqızı adlı birisi onun adından status paylaşmışdı. Mən bilirəm ki, bu saxta profil əslində Gözəl Bayramlınındır. O, statusu oxuyub, Arifin də pultunun bunların əlində olduğunu gördüm. İnsanları cinayət qədər bir araya gətirən ikinci bir motiv yoxdur. Pislər daim birləşə bilir, təəssüf ki, yaxşılar birləşə bilmir. Bu mübarizədə təkəm. Arxamda nə qrupum, nə dəstəm, nə də qoçularım var.

– Gündəmi dəyişəcək gənclik var?

– Əlbəttə var. Sadəcə indiyə qədər biz onların qarşısını kəsmişdik. Artıq bu manelər aradan qalxmağa başlayıb. Mən hər zaman Tural Abbaslı və ətrafına dəstək olmuşam. Tural bəyin qurultaydakı çıxışını Amerikada dinlədim. O qədər ağladım ki. Çünki indiyə qədər belə gəncliyin qarşısında çəpər olmuşuq. Gənclərə heç vaxt yalan demədim. Hər zaman gəncliyi dəstəkləyəcəm.

Seymur Həzinin, Asif Yusiflinin həbsində AXCP rəhbərliyinin əli var – çünki onlar oyanmışdılar, qurultay tələb edirdilər” 

AXCP-dən çıxandan sonra digər siyasi təşkilatlardan təkliflər oldu?

– Çox oldu. Təkcə Azərbaycan yox, Avropadan belə. Hətta YAP-dan belə təklif aldım. Deputatlıq yeri ilə birlikdə. Rədd elədim. Bu cür siyasətdən iyrəndim. Siyasətin bir əxlaqı olmalıdır. Amma Tural Abbaslını dəstəkləyəcəm. Hazırda Müsavatda əqidəsi və mübarizələrinə hörmət etdiyim gənclərin əksəriyyəti Turalın yanındadır. Amma AXCP-də belələri yoxdur. Çünki qul, kölədilər. Onlardan bir şey olub, ortalığa çıxan deyillər. Vaxtı ilə Tural Abbaslı barəsində belə, AXCP daxilində mənfi fikir yaratmağa çalışdılar. Hətta məni də məcbur edirdilər. Lakin daim onun fəaliyyətini izləyirdim və xoşuma gəlirdi. Ona görə də heç kimə inanmadım. Bu gün də haqlı olduğumu gördüm. Müsavatda hazırda rəhbərlikdə haqqı boğan çox insanlar var. Amma onlar belə, sərhədi keçmirlər. Lakin cəbhəçi elə oğlan və qızlar var ki, şit, tərbiyəsiz statuslar yazmaqdan zərrə qədər çəkinmirlər. Çünki yuxarıda oturanların əxlaqında qüsur var. Ona görə də, belə yönləndirirlər. Görün, kimi el anası, qəhrəmanı etmək istədilər? Bir kişinin bir qadına simpatiyası, hissləri və hətta sevgisi ola bilər. Bu, sadəcə heyranlıq doğura bilər. Lakin iyrənc şantajla, əxlaq normalarından kənar işlərlə məşğul olmaq, bunu siyasətə gətirmək murdarçılıqdır. Sən sözün düzünü deyəni sıradan çıxar, sonra da əxlaqsızın birini millətə sırımağa çalış. Bu həyasızlığın formulasıdır. Cəmil, Şahvələd və Xədicə mənim üçün ölüblər. AXCP-də yalnız çayxana söhbətləri, ara vurmaq və düzəltmək işləri gedir. Kimdir orda siyasətçi? Gözəl, Həsən və Məmməd İbrahim? Onların heç birini siyasətçi kimi qəbul etmədim. Fuadı isə, ümumiyyətlə silmişəm. O partiyaya həqiqətən Əliyə inanıb gəlmişdim. Gördüklərimdən məhv oldum. Orada siyasət, millətin bu günü və gələcəyi adına heçnə yoxdur. Hamı Kəmalə Bənəniyarlı ilə münasibətimi pul məsələsi kimi qələmə verir. Əsla belə deyil.

– Bu arada Kəmalə Bənəniyarlı ilə narazılığınız nədən doğdu?

– Onu yanıma xüsusi adamlar, orqanlar yerləşdirmişdi. O, birbaşa Gözəlin tapşırıqlarını yerinə yetirirdi. O vaxt Əli Kərimli məni müşavir təyin edəndə oradakı qadınlar narazı qalmışdılar. Gözəl həmin yerə şoferi Nüşabəni keçirmək istəyirdi. Gözəl məni həzm edə bilmirdi. Həm potensialım var idi, həm də qadın idi. Paxıllıq, qısqanclıq və bir də lazımı yerlərdən aldığı əmrlərə görə, məni sıradan çıxarmalı idi. Bunu özü edə bilməzdi. Sadiq köləsi Kəmalə etdi. Haqqımda olmayan şər-böhtanları ona yazdırdı. Bunların üstünü örtmək üçün isə, pul məsələsini ortaya atdılar. O qadın mənim kimi başqa adamlara da pul atıb. Bu, səbəb deyildi. Səbəb əslində rəhbərlikdəki bir qrup adamın xüsusi orqanlarla bağlılığıdır. Əli Kərimli də həmin adamları bilir. Bütün gücü ilə müdafiə edir. Əli Kərimli məni çıxarmadı. Hətta mənə deyirdi ki, səbr et, yoluna qoyacam. Amma mən Gözəl, Həsən və digərlərinin siyasətinin əxlaqa uyğun olmadığını deyib çıxdım.

Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar. Bəzilərini də bazara yollayasan alma-armud satsınlar. Onda daha faydalı olarlar” 

– Partiyada konkret hakimiyyətlə əlaqəsi olanlardan kimlərin adlarını çəkə bilərsiniz?

– Bu suala heç kəs cavab verməz. Amma kifayət qədər əsas və sübutlarım var. Artıq heç bir siyasi quruma inanmıram. Bəlkə yeni nəsə yaranar, ortaya siyasət qoyarlar, ondan sonra siyasətə qayıdaram. Bizləri indi yox, 22 il əvvəldən satıblar. Hərəkatın başında duranlar satıblar. Sıravini heç vaxt satın almazlar. Birimiz bunu tez, birimiz gec anladıq. Satılmaq kəlməsini yalnız rəhbərə aid edirəm. Sıravi nəyi satacaq, nəyini satacaq, neçəyə satacaq? İqtidara yalnız insanları aldadıb arxasınca aparan, lazım olanda qızmış kütləni sakitləşdirən, xalqın hirsi soyuyandan sonra icazəli mitinq keçirən rəhbər lazımdır. Yığ bir neçə yüz adamı “Məhsul” stadionuna, bir-iki ağız qışqırıb getsin.

– Belə mitinqlər keçirməkdə məqsəd nədir? 

– Puldur. Bəlli ünvanlardan pul alırlar hər mitinqə görə. Siyasi alverlə məşğul olur həm Milli Şura, həm də AXCP. Milli Şuranın mitinqləri siyasi biznes layihəsindən başqa bir şey deyil. Vaxtı ilə xalqın qurduğu dövləti ötürdülər bu rejimə. İndi də quyruq bulayıb, guya naz edirlər. Rauf Arifoğlunun çox gözəl bir sözü var: “Bizim iqtidar boyda müxalifət dərdimiz var”.

– Hazırda nə işlə məşğulsunuz?  

– Həyatımın ən ağır günlərini yaşayıram. Həbsimin bir addımlığında idim. İyrəndim getdim.

– Həbsinizə səbəb nə ola bilərdi?

“Deyirlər ki, Əli gözəl natiq, Cəmil tarixçi alim, Rüstəm kinodramaturqdur. Nəticə?” 

– Hər şey. Meydanlarda idim, “nakolka” verənlərim yanımda idi. Bu həbslər kimlərəsə divident gətirirdi. Hətta özünü qəsdən tutduran belə görmüşəm. Hazırda çox uzaqlardayam. Mühacir kimi gəlsəm, bundan yaxşı idi. Bunlar hər şeyimi əlimdən çıxardılar.

– Nə mənada? 

– Evim, bütün ailə üzvlərimin maşınları, qızlarımın adına olan torpaq sahələri əlimdən alındı. Məni satdılar. Kömək etdiklərim satdı. İqtidara ötürdülər ki, mən müxalifətə yardım edirəm. Həqiqətən edirdim. Yarım milyon dəyərində torpağım İpək Yoluna düşdü. Bütün millət kompensasiya aldı. Məndən başqa. Mağazama gəldilər, satıcını qorxutdular və oğurluq etdilər. O qədər qudurmuşdular ki, qızlarımın maşınını saxlayıb incidirdilər. Əvvəl qızlarım getdi, sonra da mən. Geridə xəyanətlərdən savayı heçnə qalmayıb. Hazırda burda da məni şantaj edirlər. AXCP cildində olanlar. İnsan, kişi olmaq, çətin anlarda həqiqətin yanında olmağı hər adam bacarmaz. Deyirlər ki, Əli gözəl natiq, Cəmil tarixçi alim, Rüstəm kinodramaturqdur. Nəticə?

– Qayıtmağı düşünürsünüz? 

– İndi mən də Rüstəm kimi deyim ki, bilet alıb gəlirəm? Çətin gələrəm. Bir arzum var. Ürəyimdə əziyyətli mübarizəmizi bu günlərə gətirənlərə olan nifrətim soyusun. Belə yaşamaq çox çətindir.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın