Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Əli Əsədov vəzifəsindən niyə uzaqlaşdırılmır?

Əli Əsədov vəzifəsindən niyə uzaqlaşdırılmır?

“MTN işi”ndə adı keçən iri ranqlı məmuru hakimiyyət üçün vazkeçilməz edən nədir? Təhlükə Əsədovdan sovuşub?

Qabil Hüseynli: “Vacib kadr olduğunu hesab etmirəm”
 
Ərəstun Oruclu: “Əli Əsədov niyə vəzifəsindən azad olunmalıdır, yaxud…”
Ötən il oktyabrın 17-də baş verən “MTN qalmaqalı”ndan sonra bəzi iri ranqlı məmurların vəzifələrindən azad olunacağı, hətta həbs ediləcəyi deyilirdi. Belə şəxslərdən biri, bəlkə də, birincisi prezidentin iqtisadi əlaqələr üzrə köməkçisi Əli Əsədov idi. 
Mətbuatda zaman-zaman onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinin olması barədə yazılar dərc olunub. Hətta onların Bakının 20-ci sahə massivində yerləşən “Narşərab” restoranında “MTN qalmaqalı” baş verənə qədər tez-tez görüşdükləri deyilirdi. Bütün bunlara görə Əsədovun həbs olunacağı son aylarda ictimaiyyət daxilində gəzən əsas söz-söhbətlərdən biri idi.
Amma göründüyü kimi, Əsədov hələ də iş başındadır. Hətta təhlükənin onun  üzərindən sovuşduğunu demək olar. Çünki iqtisadi böhranın fonunda hakimiyyətin ciddi kadr dəyişikliyinə gedəcəyi inandırıcı görünmür. Lakin MTN-də baş verən proseslərdən dekabrın 21-ə, yəni devalvasiya baş verdiyi günə qədər Əsədov barəsində hər hansı bir qərarın verilməsi mümkün idi. Amma hakimiyyət ondan vaz keçmədi.
Ə.Əsədovu iqtidar üçün vazkeçilməz edən səbəblər müəmmalıdır.
Politoloq Qabil Hüseynli hesab edir ki, hakimiyyət kadr islahatlarında ehtiyatlı hərəkət edir: “İqtidar nə qədər kadr islahatlarında ehtiyatlı davransa da, artıq bu proseslərə start verib. Bu islahatların müəyyən mərhələsində lazım olmayan kadrlarla iqtidar vidalaşacaq. Onları yeni gənc kadrlarla əvəz edəcək. Ona görə də bu gün Əli Əsədov barəsində qəti fikir bildirmək çətindir. Çünki hər şey ölkə prezidentinin iradəsindən asılıdır. Açığı, hakimiyyət üçün onun vacib kadr olduğunu hesab etmirəm”.
Politoloq Ərəstun Oruclu bu sualın cavabını başqa amillərdə axtarmağın vacib olduğunu qeyd etdi: “Bu sualın cavabı ondadır ki, “MTN işi”nin baş fiquru olan Eldar Mahmudov indiyə qədər niyə həbs olunmayıb? Əgər o, həbs olunmayıbsa, onun istintaqa cəlb olunması barədə məlumat yoxdursa, “MTN işi”ndə gedən istintaq barədə ictimaiyyət məlumatlandırılmırsa, o zaman sual olunur ki, Əli Əsədov niyə vəzifəsindən azad olunmalıdır, yaxud həbsə alınmalıdır? Onun barəsində yazılanlar, yaxud deyilənlər sadəcə ehtimallardır. Əsədovun vəzifəsindən çıxarılmalı olduğunu deyə bilmərəm. Çünki bu barədə hansı əsasların olduğunu bilmirəm”.
musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın