Xəbər verildiyi kimi, Azərbaycanın rus icması Rusiyanın ən iri ictimai təşkilatlarından biri – Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə bağlı bəzi dövlət qurumlarının qərarı ilə bağlı kəskin etirazını bildirib. İcma hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, eləcə də bu ölkələrin xalqları arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
ÜAK öz fəaliyyətini həmişə Rusiya qanunvericiliyi çərçivəsində həyata keçirib. İctimai-siyasi stabillik, Rusiyanın siyasi quruluşuna loyallıq hər zaman ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub.
Azərbaycanın rus icmasını ÜAK-la möhkəm əməkdaşlıq münasibətləri, mədəni və mənəvi əlaqələrin inkişafı üzrə birgə iş bağlayır və bu ictimai birliyin ləğv olunması Azərbaycanda yaşayan rusları narahat etməyə bilməz.
Azərbaycanın rus icması ictimai təşkilatı respublikadakı fəaliyyətində Azərbaycanın ali rəhbərliyinin, hökumət və dövlət orqanlarının hərtərəfli diqqəti və dəstəyini hiss edir.
Azərbaycanda rus dili və rus mədəniyyətinin inkişafı və qorunması hərtərəfli dəstək görür, ölkədə rusdilli tədris mövcud olan 350 məktəb fəaliyyət göstərir. Bütün ali təhsil müəssisələrində rusdilli fakültələr var.
Şübhəsiz ki, bu, Rusiyadakı müəyyən dairələrin pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Məqsəd iki ölkə arasında münasibətlərə kölgə salmaqdır. Bu baxımdan Azərbaycandakı rus icmasının buna etiraz etməsi təqdirəlayiq addımdır.
Maraqlıdır, bəs diaspor təmsilçiləri buna necə yanaşır?
Məsələyə münasibət bildirən Beynəlxalq Diaspor Mərkəzinin idarə heyətinin üzvü, tanınmış diaspor fəalı Ələmdar Nəbiyev rus icmasının sərgilədiyi mövqeyi dəstəkləyir: “ÜAK neçə illərdir fəaliyyət göstərir və böyük nüfuza malikdir. Belə bir qurumun sıxışdırılması, əlbəttə ki, təsadüfi addım sayıla bilməz. Məsələ ondadır ki, Rusiyadakı müəyyən dairələr ermənilərin mənafeyindən çıxış edərək bu cür təxribat xarakterli işlərlə məşğul olur. Təqdirəlayiq haldır ki, Azərbaycandakı rus icması buna öz etirazını bildirib. Çünki həqiqətən də ruslara Azərbaycanda hər cür şərait yaradılıb. İki ölkə arasında sıx iqtisadi-siyasi, mədəni əlaqələr var. Azərbaycan həmişə maraqlıdır ki, qonşu ölkə ilə münasibətlər yüksək səviyyədə olsun. Belə olan halda, hansısa dairələrin ÜAK-ın qeydiyyat məsələsinə yenidən baxmaq cəhdi, əlbəttə ki, başadüşülən deyil”. (Baki-Xeber)