ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası 2017-ci il fevralın 23-də Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb. Məlumata görə, bu, Arizona Nümayəndələr Palatası tərəfindən Xocalı soyqırımına dair qəbul edilən ilk rəsmi sənəddir.
Nümayəndələr Palatasının Təsisatlar Komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyib.
Bəyannamədə xüsusilə vurğulanıb ki, bu soyqırımı törədənlər hələ də azadlıqdadır və məsuliyyətə cəlb olunmayıblar.
Bəyannamədə o da qeyd olunub ki, bu, Arizona qanunverici orqanı tərəfindən Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənəd 2015-ci ilin 26 fevral tarixində qanunverici orqanın yuxarı palatası – Arizona Ştat Senatı tərəfindən qəbul edilib.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb. Xocalı qırğınını indiyədək 12 dövlət – Meksika, Pakistan, Kolumbiya, Çex Respublikası, Rumıniya, Bosniya və Herseqovina, Peru, İordaniya, Panama, Honduras, Sudan, Cibuti soyqırım kimi tanıyıb.
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası 17 noyabr 2012-ci ildə, qurumun Zirvə Konfransı isə 7 fevral 2013-cü ildə Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Ümumilikdə, Birləşmiş Ştatlarda Xocalı soyqırımını tanıyan ştatların sayının ilbəil artmasının əhəmiyyətinə siyasilər necə yanaşır?
Məsələyə münasibət bildirən Beynəlxalq Diaspor Mərkəzi idarə heyətinin üzvü, tanınmış diaspor fəalı Ələmdar Nəbiyevin sözlərinə görə, nə qədər çox ştat soyqırımı tanısa, bu bir o qədər erməni vəhşiliyinin ifşası baxımından faydalıdır: “O baxımdan çalışmalıyıq ki, Birləşmiş Ştatlardakı bütün ştatlar bunu soyqırım kimi tanısın. Buna nail ola bilsək, o zaman Xocalı qətliamı məsələsini Konqresin aşağı və yuxarı palatalarında müzakirəyə çıxarmaq mümkün olacaq. Biz bu istiqamətdə nə qədər ciddi uğur əldə edə bilsək, bir o qədər dünya ictimaiyyətinə Ermənistanın birbaşa təcavüzünə məruz qaldığımızı sübut edə bilərik. Bəlkə o zaman torpaqların işğaldan azad edilməsi ilə bağlı Ermənistana real təzyiqlər artsın. Ona görə də hesab edirəm ki, bu yöndə daha çox səy göstərməliyik. İstər diplomatik, istərsə də digər sahələrdə bütün imkanlarımızı işə salmalıyıq. Xüsusən də diaspor təşkilatlarının üzərinə böyük iş düşür. Fikrimcə, sistemli şəkildə bununla bağlı fəaliyyət aparılmalıdır. Etiraf etmək lazımdır ki, son illər Xocalı soyqırımının tanıdılmasında xeyli işlər görülüb. Ancaq, istənilən halda, bununla kifayətlənə bilmərik”. (Baki-Xeber)
Vidadi ORDAHALLI
Ana səhifə / Sosial / Ələmdar Nəbiyev: “Çalışmalıyıq ki, Birləşmiş Ştatlardakı bütün ştatlar bunu soyqırım kimi tanısın”
Həmçinin oxuyun
Vətəndaşlar “Oba Market” ilə bağlı məhkəməyə müraciət etdi
Vətəndaşlar – Əzizəli Rəhimov və Məhəmməd Mirzəzadə “Oba Market” MMC ilə bağlı məhkəməyə müraciət edib. …