Əhməd Şahidov: “Biz Avropa Parlamentinin rəhbərliyinə bu barədə məlumat verəcəyik”
Ermənistan mətbuatının verdiyi məlumata görə, fevralın 14-də Strasburqda yerləşən Avropa Parlamentinin binasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “ombudsman”ı Ruben Melikyan mətbuat konfransı keçirib.
“Obudsman”ın həmin tədbiri Avropa Parlamentinin Lyuksemburqdan olan üzvü Farnk Enqellə birgə keçirdiyi deyilir. Mətbuat konfransında bildirilib ki, “ombudsman”ın bir sıra parlamentarilərlə görüşü olub və həmin təmaslarda aprel döyüşləri barədə müzakirələr aparılıb. Melikyan bildirib ki, o, Avropa Parlamentinin üzvlərinə bəzi sənədlər də təqdim edib. Separatçı bir qurumun rəhbəri ilə bu formada təmasların qurulmasını necə qiymətləndirmək olar?
Avropa Parlamentində mütəmadi tədbirlər keçirən hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qondarma qurumun təmsilçisinin açıqlaması ilə tanışdır:
“Bilirsiniz ki, Strasburqdakı sözügedən binada tədbir keçirmək problem deyil. Hətta sadə insanlar belə ora daxil ola bilir. Çox maneəsiz şəkildə Avropa Parlamentində gedən dinləmələri izləmək olur. Ola bilər ki, sözügedən şəxs də ora həmin statusda daxil olub. Ən diqqətçəkən məqam isə Lyuksemburqdan olan parlamentarinin onunla birgə tədbir keçirməsidir. Hər halda, yayılan informasiyada belə deyilir. Ola bilər ki, növbəti erməni uydurmasıdır. Amma bu fakt təsdiqini taparsa, biz həmin deputatın özünə və onun təmsil olunduğu ölkəyə etirazımızı bildirəcəyik. Eyni zamanda Melikyanın hansı deputatlarla görüş keçirdiyini müəyyən edib həmin deputatları yenidən maarifləndirəcəyik. Melikyan bildirir ki, onun çıxışının böyük bir hissəsi Lapşinə həsr olunub. Buna görə onun narahatlıq keçirməsi anlaşılan deyil. Amma görünür ki, onlar istənilən məsələdə özlərini reklam etməyi düşünür. Həmin adamın özünün təqdimatı yalnışdır. Dünyada heç kim tərəfindən tanınmayan bir separatçı qurumda “ombudsman” necə ola bilər? Biz Avropa Parlamentinin rəhbərliyinə də bu barədə məlumat verəcəyik ki, gələcəkdə separatçıların onların tribunasından yararlanmasına imkan verməsinlər”.
Məhəmmədəli QƏRİBLİ