“Zabrat qəsəbəsində nümunə göstərməyə bircə park tapa bilməzsən…” - DEPUTAT
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Milli Məclisin iclasında hökumətin illik hesabatı barədə çıxış edib, bəzi problemlərə diqqət çəkib.
Hesabatın yetərincə əhatəli bir sənəd olduğunu bildirən deputat daha sonra deyib:
“Hətta daha dəqiq anlaşılsın deyə, ayrıca icmal hesabatı da hazırlanıb. Öncə məhz böhran vəziyyətinin idarə olunmasında çevikliyə görə cənab baş nazirə və bütün müvafiq icra qurumlarının rəhbərlərinə, əməkdaşlarına təşəkkürümü bildirirəm. Naxçıvana İrandan PUA ilə hücum baş verən kimi, həm Bakıda, həm də Naxçıvanda bütün icra orqanları səfərbər olmuşdu. Xüsusilə Naxçıvanda yerli icra hakimiyyəti orqanlarının hədəf olaraq seçilən ərazilərdə əhalinin çevik təxliyyəsi və resursların intizamlı səfərbərliyi istiqamətində fəaliyyəti olduqca tədqirəlayiqdir. Bu hadisə bir daha Azərbaycan cəmiyətinə göstərdi ki, ölkəmizin ən prioritet məsələsi məhz təhlükəsizlikdir və onun da təmin olunmasında ölkə prezidentinin kompromissiz qətiyyəti durur. Hər dəfə 5 min illik tarixi ilə öyünən dövlətlərin ağıllı diplomatiya və xarici siyasət kursu aparmaması səbəbinə illərdir əziyyətlə formalaşdırdıqları hərbi və iqtisadi infrastrukturu bir neçə günün içində darmadağın edildi. Cəmi 35 illik müstəqillik tarixi olan bir dövlət isə öz məhdud resursları həm ərazisini işğaldan azad edir, həm də ABŞ, Çin, Avropa Birliyi kimi dünya nəhəngləri ilə bütün layihələrdə boy göstərir, həm də xaosa bürünmüş dünyada təhlükəsizliyini təmin edə bilir.
Vaxt amilini nəzərə alaraq təmsil etdiyim seçki dairəsinin problemlərini önə çəkməyi zəruri hesab edirəm. Qeyd edim ki, ötən il qaldırdığım bir sıra məsələlərlə bağlı hörmətli baş nazirin diqqətlə yanaşması və müvafiq göstərişlər verməsini təqdirlə qarşılayıram”.
F.Mustafa problemlərə diqqət çəkərək bildirib ki, təmsil etdiyi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolu binaları ilə bağlı heç bir irəliləyiş yoxdur:
“Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi də yenə növbəti illərə ertələnib. Əminəm ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik basqıdan qorumaq şərti ilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina söhbətinə son qoyula bilər.
Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını Sabunçu rayonuna göndərirlər. Avtomobil yolunun üzərində əməlli-başlı bir müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yox, nə yağırsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər.
Qeyd edim ki, Neft Şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizin qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərinin boş qalmış xeyli hissəsində də artıq neft də çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmanın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq. Halbuki, artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik. Ancaq uzun müddətdir burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salinmasına təşəbbüs göstərilir. Aldığım məlumata görə yeni çəkilən Dərnəgül- Sea-Breeze yolunun Balaxanıya yaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdə tutulur, əlbəttə bu ideyanı alqışlayıram. Eyni parkdan Balaxanı ilə Zabrat arası yolun sol tərəfinə geniş ərazidə salınması imkanlarına baxılmasını da hökumətdən xahiş edirəm. Real olaraq 150 min əhalinin yaşadığı Zabrat qəsəbəsində nümunə göstərməyə bircə park tapa bilməzsən. Həm də bunu dövlətin maliyyə vəsaiti ilə deyil, sahibkarları stimullaşdırmaqla etmək mümkündür”.
Musavat.com