“Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması sülh quruculuğu prosesində önəmli rol oynayır. Sahibkarlıq subyektləri bu baxımdan əhəmiyyət kəsb edir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar” adlı sessiyada çıxış edərkən bildirib.
Deputat qeyd edib ki, sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda vahid bazar konseptini nəzərdən keçirmək olar: “30 illik münaqişə dövründə regionda ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və Gürcüstanın iqtisadi bazarları var idi. Artıq vahid bazar barədə düşünmək olar. Bu, iqtisadi artıma töhfə verəcək. Sülhün sosial-iqtisadi dividentləri var.
Azərbaycanın regionun enerji təhlükəsizliyinin gücləndirilməsində rolu artır. Azərbaycanın geosiyasi mövqeyi möhkəmlənir. Orta Dəhlizin regional imkanlarının artması Azərbaycanın beynəlxalq yükdaşıma gəlirlərini artırır”, - deyə deputat vurğulayıb.