Müdafiə Nazirliyi uçan dronla bağlı açıqlama verməyə məcburdur
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda müşahidə olunan pilotsuz uçuş aparatı ilə bağlı rəsmi məlumatlandırmanın verilməməsini tənqid edib.
Deputat bildirib ki, martın 16-da Bakı səmasında dron uçuşu müşahidə olunub, lakin müvafiq qurumlar tərəfindən ictimaiyyətə operativ açıqlama verilməyib.
Onun sözlərinə görə, dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşları vaxtında və dəqiq informasiya ilə təmin etməkdir.
“Belə hallarda məlumat verilməməsi çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu da dövlət qurumlarına inama mənfi təsir göstərir”, - o bildirib.
Həsənquliyev qeyd edib ki, dövlət orqanları ictimaiyyəti vaxtında məlumatlandırmalı, yaranan suallara aydınlıq gətirməlidir. Deputat əlavə edib ki, onun bu çıxışının Müdafiə Nazirliyinə çatdırılması məqsədəuyğundur.
Anews.az