Sosial şəbəkədə biz:
Memorandum imzalandı: Sonra nə olacaq?
Xəbər Şəkli

Memorandum imzalandı: Sonra nə olacaq?

18 June 2026, 14:54
Siyasət

Amerika Birləşmiş Ştatları və İranın rəsmi nümayəndələri sülh yolu ilə nizamlanmaya dair çərçivə sazişinin əldə olunduğunu bildiriblər. Saziş ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını və Hörmüz boğazından kommersiya gəmilərinin sərbəst keçidinin təmin edilməsini nəzərdə tutur.

Artıq ABŞ və İran prezidentləri Donald Tramp və Məsud Pezeşkian rəqəmsal şəkildə anlaşma memorandumu da imzalayıblar.

Hələlik tam şəkildə açıqlanmayan saziş şərtləri İranın nüvə proqramı ilə bağlı məsələnin açıq qaldığını göstərir. Bu mövzu danışıqların növbəti mərhələlərində müzakirə olunacaq.

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb:

“İran İslam Respublikası ilə saziş bağlanıb”.

Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayan Pakistanın baş naziri isə X sosial şəbəkəsində bildirib ki, əldə olunan razılaşma bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və tam dayandırılmasını nəzərdə tutur.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyi də bildirib ki, bütün istiqamətlərdə, o cümlədən Livanda hərbi əməliyyatlar bazar ertəsi axşamı tamamilə dayandırılacaq.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi isə bəyan edib ki, atəşkəs rejiminin 60 günlük uzadılması İranla bağlı sanksiyaların yumşaldılması da daxil olmaqla daha geniş razılaşma üzrə danışıqlar aparmaq üçün nəzərdə tutulub.

Bu bəyanata İsrail tərəfindən dərhal reaksiya verilməyib. İsrail daha əvvəl bildirmişdi ki, o, ABŞ və İran arasında aparılan danışıqların iştirakçısı deyil.

Lakin regionda gərginliyin hələ də qalmaqda davam etdiyi şəraitdə bu memorandumun uzunömürlü olacağına dair ciddi şübhələr var. Atəşkəsin qısamüddətli olacağı riski yoxdurmu? Məsələn, Hizbullah tərəfindən İsrailə qarşı hər hansı təxribat qaçılmaz olaraq cavab zərbəsinə və əldə olunmuş razılaşmaların dağılmasına gətirib çıxara bilər.

Bundan əlavə, Yaxın Şərqin müxtəlif bölgələrində İran və ABŞ maraqlarının toqquşması da çoxsaylı risk nöqtələri yaradır. Belə vəziyyətdə istənilən insident bir anda tammiqyaslı müharibəyə ola bilər.

Pressklub.az-ın suallarını tanınmış analitiklər cavablandırıblar.

İsrailli hərbi ekspert David Qendelman xatırladıb ki, ABŞ və İran arasında aparılan bütün danışıqlar prosesi kifayət qədər kövrək xarakter daşıyır.

Əvvəlcə memorandum dərc olunduqdan sonra onun konkret detallarına baxaq, daha sonra isə yekun saziş üzrə danışıqlar prosesinin necə gedəcəyini qiymətləndirək. Trampın razılaşma əldə etmək istəyinə baxmayaraq, iranlılar elə tələblər irəli sürə bilərlər ki, hətta Trampın onu yerinə yetirməyə gücü çatmasın və danışıqlar iflasa uğrasın. Əgər Tramp onu yerinə yetirsə, bu, ABŞ tərəfindən elə bir güzəşt olacaq ki, Yaxın Şərqdə qüvvələr balansı dəyişə bilər.

İsraili isə nə ümumilikdə İranla hər hansı razılaşma, nə də konkret olaraq Livan məsələsi üzrə saziş qane etmir. Görək, İsrail rəhbərliyinin Trampa qarşı çıxmaq və öz xəttini davam etdirmək üçün iradəsi nə qədər olacaq”, – Qendelman bildirib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə öz növbəsində qeyd edib ki, bu memorandum tərəflərin hərbi qarşıdurmanı dayandırmaq və çoxsaylı mübahisəli məsələlərin həllini siyasi-diplomatik müstəviyə keçirmək niyyətindən xəbər verir.

Buraya Hörmüz boğazındakı fəaliyyət, İranın nüvə və raket proqramları, İranın proksi qüvvələrinin fəaliyyəti, eləcə də ABŞ-ın İran yaxınlığındakı hərbi mövcudluğu daxildir. Mühüm məqamlardan biri də İranın beynəlxalq sistemə reinteqrasiyası və ona qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasıdır. Hazırda tərəflər atəşkəs rejiminin 60 gün uzadılması və Hörmüz boğazından sərbəst keçidin bərpası barədə razılığa gəliblər.

Atəşkəs hələ də kövrək olaraq qalır və ən mürəkkəb məsələlərdən biri İsrailin şimalındakı vəziyyətdir. “Hizbullah” İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb edərək atəşi davam etdirir. İsrail isə “Hizbullah”ın mövqeləri aradan qaldırılmayınca və təhlükəsizlik təminatları əldə olunmayınca qoşunlarını geri çəkməkdən imtina edir. Çünki əvvəlki təcrübədə İsrail qüvvələri geri çəkildikdən sonra silahlı qruplaşmalar yenidən həmin ərazilərə qayıdıblar.

Burada ciddi risk mövcuddur: əgər İsrailin Beyrutdakı hədəflərə zərbələrinə cavab olaraq “Hizbullah” raketlər və ya pilotsuz uçuş aparatlarından istifadə edərsə, İsrail birbaşa İran ərazisinə zərbələr endirə bilər.

Belə bir vəziyyətdə əldə olunmuş razılaşmalar sürətlə pozula bilər. Ona görə də qarşıdakı 60 gün yalnız atəşkəs dövrü deyil, həm də tərəflərin həqiqətən siyasi həll yoluna hazır olub-olmadığını göstərəcək sınaq mərhələsi olacaq”, – Musabəyov bildirib.

Onun sözlərinə görə, vəziyyətin kövrək olmasına baxmayaraq, həm ABŞ, həm Fars körfəzi ölkələri, həm də İran bu atəşkəsin qorunmasında maraqlıdır. “ABŞ futbol üzrə dünya çempionatının keçirildiyi və ölkənin 250 illik yubileyinin qeyd olunduğu dövrdə ciddi hərbi toqquşmalardan yayınmağa çalışır. Bundan əlavə, Vaşinqtonun qarşısında Fars körfəzində bloklanmış təxminən 2000 gəmini çıxarmaq və dünya bazarına neft tədarükünü bərpa etmək vəzifəsi dayanır. Enerji daşıyıcılarının qiymətlərinin aşağı salınması həm prezident Donald Tramp, həm də qlobal iqtisadiyyat üçün son dərəcə vacibdir.

İranın özü də fasiləyə ciddi ehtiyac duyur. Çünki ölkənin neft anbarları və hətta köhnə tankerləri belə ixrac edilə bilməyən neftlə dolub. Satış imkanlarının məhdudluğu səbəbindən yataqların fəaliyyətinin dayandırılması isə texnoloji baxımdan ağır nəticələrə gətirib çıxara bilər.

Bundan başqa, İranın fevral hücumu zamanı ali lider Əli Xameneinin və onun ailə üzvlərinin həlak olmasından sonra hakimiyyətin konsolidasiyası üçün vaxta ehtiyacı var. Hazırda ölkənin idarə olunması faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusuna keçib ki, bu da fövqəladə vəziyyət yaradıb. Prezident, parlament və dini dairələr kimi mülki institutlar idarəçilikdən kənarda qalıblar və bu, ölkə daxilində ciddi narazılıq doğurur.

Ehtiyatların bərpası və daxili problemlərin həlli üçün iki aylıq fasiləyə ehtiyac var. Bu da tərəfləri əldə olunmuş razılaşmalara əməl etməyə sövq edə bilər. Hələlik bu dövrün uzunmüddətli sazişin bağlanması baxımından nə dərəcədə səmərəli olacağını demək çətindir.

60 günün tamamında, hətta daha əvvəl hərbi qarşıdurmanın yenidən başlanması riski mövcuddur. Bununla belə, regionda sabitliyin bərpasına dair ümidlər də qalmaqdadır. Hazırkı şəraitdə daha dəqiq proqnozlar vermək isə kifayət qədər çətindir”, – politoloq yekunlaşdırıb. pressklub.az