Korrupsiyalamış icra hakimiyyəti sistemi dəyişməsə...
Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 rayondan (Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən) ikisinin icra başçısı həbsdədir.
Bu ilin iyunun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi əməliyyat zamanı Musa Şəkiliyiev saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Oktyabrın 25-də istintaq orqanının təqdimatı ilə keçmiş icra başçısının həbs müddəti daha 4 ay uzadılıb. M. Şəkiliyiev xüsusilə külli miqdarda mənimsəmə və digər vəzifə cinayətlərində ittiham olunur.

Oktyabrın 29-da DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan Balakən rayonunun icra başçısı İslam Rzayev barəsində hələlik məhkəmə qərarı yoxdur. Onun korrupsiya cinayətlərinə görə şübhəli şəxs kimi saxlanıldığı məlumdur. Hər iki icra başçısı müvafiq olaraq 2011 və 2010-cu illərdən bu vəzifəni tutub.
Qeyd olunan iqtisadi zonaya daxil olan digər 3 rayonun (Oğuz istisna olmaqla) icra başçıları da həbsdəki həmkarları kimi uzun müddətli icra başçısı karyerasına malikdirlər.

Azərbaycanda Əhmədzadələr vəzifələri və var-dövlətləri ilə tanınırlar. Uzun müddət Şimal-Qərb bölgəsindəki turizm, istehsalat və kənd təsərrüfatı obyektləri onların nəzarətində olub. Onların investisiya və gəlir mənbələri yalnız Azərbaycanla məhdudlaşmır, Avropanın bahalı paytaxtlarında dövriyyəsi milyonlarla ölçülən şirkətlər və çoxmilyonluq daşınmaz əmlakın sənədlərinə də Əhmədzadələrin adları yazılıb.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində yerli gəlirlər çox aşağı səviyyədədir, bəzi rayonların gəlirləri xərclərini ödəyə bilmir və büdcədən ayrılan dotasiya hesabına fəaliyyət göstərirlər. Məsələn, gələn ilin büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 16 milyard 910 milyon manat məbləğində müəyyən olunub. Layihəyə əsasən, bu məbləğə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan 334,4 milyon manat, həmçinin yerli xərclər üçün nəzərdə tutulan 759,135 milyon manat daxildir.
Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 milyard 817,312 milyon manat səviyyəsində müəyyən olunub.
Beləliklə, rayonların büdcədə payı təxminən 1 milyard manat ətrafında dəyişir. Dövlət büdcəsi ənənəvi olaraq Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının 90 faizdən çox gəlirləri (əsasən neft-qaz gəlirləri) hesabına doldurulur.
Qeyd edək ki, ötən iki onillikdə regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün bir neçə dövlət proqramı icra olunub, ümumilikdə 100 milyard manata yaxın investisiya yatırılıb. Lakin proqramlar kağız üzərində icra edildiyindən sərmayələr gəlir gətirmir.
Uzun illər vəzifədə qalan, dövlətin mühüm postunu gəlir mənbəyinə çevirən icra başçıları və onların yaxın çevrəsi, rayonların gəlirli sahələrini ələ keçirərək böyük gəlir götürüb milyonçulara çevriliblər. Bu sistem dəyişməzsə, yeni kadr təyinatları da vəziyyəti dəyişdirməyəcək. Hətta bəzi rayonlara gənc icra başçıları təyin olunsa da, əhali məmnun deyil və inkişaf hələ də nəzərəçarpan deyil.
“AzPolitika.info”