Sosial şəbəkədə biz:
Hər iki ölkə bütün sahələrdə möhkəm dostluq tellərinə malikdirlər - DEPUTAT
Xəbər Şəkli

Hər iki ölkə bütün sahələrdə möhkəm dostluq tellərinə malikdirlər - DEPUTAT

24 June 2026, 12:21
Siyasət

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir sıra vacib məqamları ilə yadda qaldı. Əməkdaşlıq üzrə 12 sənədin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələ açacaq. Türkmənistan dövlət başçısı Qarabağa səfər etdi və həm işğal zamanı dağıdılmış yerlər, həm də Zəfərdən keçən qısa müddətdə reallaşan quruculuq işləri ilə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarında hər iki ölkənin geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik olması və bu sahədə səylərin birləşdirilməsi üzrə əməkdaşlıq xüsusi qeyd edildi.

Ölkələrimiz Xəzər dənizdə yerləşən “Dostluq” neft-qaz yatağının birgə işlənməsi üzrə əməkdaşlıq edirlər. 2021-ci ildə Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yatağın neft ehtiyatlarının 200 milyon tona çata biləcəyi, təbii qaz ehtiyyatının isə 100 milyard kubmetr olduğu güman edilir. Bu, hər iki dövlətin valyuta gəlirlərinin artmasına xüsusi töhvə deməkdir. Birgə əməkdaşlıq həmçinin dövlətlərin geo-siyasi mövqeyini daha da gücləndirməkdədir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha təsdiq etdi ki, hər iki ölkə sadəcə "Dostluq" yatağın birgə işlənməsində deyil, bütün sahələrdə möhkəm dostluq tellərinə malikdirlər. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, ikitərəfli əlaqələrdə yeni səhifə açağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir.

Vüqar Bayramov, millət vəkili