Gürcüstan Bakı–Tbilisi qatarlarının bərpasını elan edir, Azərbaycan tərəfi susur
Altı illik fasilədən sonra bu il mayın 26-dan Bakı və Tbilisi arasında gündəlik sərnişin qatarlarının hərəkəti bərpa olunacaq. Bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi saytında yayılıb.
Məlumata görə, qərar mayın 18-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasından sonra əldə olunub. Görüş çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.
Gürcüstan hökumətinin yaydığı açıqlamada qeyd olunur ki, tərəflər Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının yenidən başlanması barədə razılığa gəliblər. Qatarların hər gün fəaliyyət göstərəcəyi bildirilir.
Bununla yanaşı, görüşdən sonra enerji və nəqliyyat sahəsində bir sıra sənədlər də imzalanıb. Bunlara Azərbaycan və Gürcüstan arasında elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı 20 illik hökumətlərarası müqavilə, həmçinin 2003-cü ildən qüvvədə olan qaz alqı-satqısı sazişinin daha 20 il müddətinə uzadılması daxildir.
Sənədləri Gürcüstan tərəfdən iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov imzalayıblar.
Azərbaycan tərəfi isə indiyədək Bakı–Tbilisi sərnişin qatarlarının fəaliyyətinin bərpası ilə bağlı rəsmi açıqlama verməyib. Yerli media orqanlarında da məsələ ilə bağlı məlumat yayılmayıb.
Qeyd edək ki, son illərdə Gürcüstan tərəfi bir neçə dəfə Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası üzrə razılıq əldə olunduğunu bildirsə də, Bakı bu məlumatları təkzib etmişdi.