Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun suçu nə: pul və…

Ziya Məmmədovun suçu nə: pul və…

Nazirin rəhbərlik etdiyi Voleybol Federasiyasının işçiləri 4 aydır məvacib ala bilmir; Cavid Qurbanov isə idmançıları maliyyələşdirməkdən imtina edib; Məmmədovların daha bir biznesi – Qubadakı “Rixos Quba” oteli də əllərindən çıxıb

Taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsinin Nəqliyyat Nazirliyindən alınması, prezident İlham Əliyevin sentyabrın 8-də keçirdiyi müşavirədə nəqliyyat sektorundakı özbaşınalıqları tənqid etməsi Ziya Məmmədovu medianın az qala “ulduzuna” çevirib. Uzun müddətdir ortada görünməyən nazir isə həm yerini nişan vermir, həm də inadkarcasına susur.

İş o yerə çatıb ki, nazirin “yerinə hazırlandığı” deyilən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova yaxınlığı ilə tanınan media qurumları da bu mövzuya əvvəlki ehtiyatlıqla yanaşmırlar, Z.Məmmədovun nazir kimi sayılı günlərinin qaldığını iddia edirlər. Bu, əlbəttə ki, hakimiyyətə yaxın qrupların Z.Məmmədovla bağlı informasiyalarından qaynaqlanır və bu baxımdan diqqət çəkir. 
İş o yerə çatıb ki,  Azərbaycanın ən iri oliqarxlarından biri olan Z.Məmmədovun  prezidenti olduğu Voleybol Federasiyasının işçiləri belə dilə gəliblər. Məlum olub ki,  300-400 nəfərə yaxın  federasiya işçisi  artıq 4 aydır ki, maaş ala bilmir. Avropa Oyunları zamanı heç bir yer tuta bilməyən Voleybol Federasiyasının işçilərinə o vaxtdan bu günə qədər əmək haqları verilmir. Əvvəllər Voleybol Federasiyasını Cavid Qurbanov maliyyələşdirib. C. Qurbanova müraciət etdikdə, QSC sədri artıq bu işdə heç bir məsuliyyət daşımadığını deyib. İşçilər federasiya prezidenti Ziya Məmmədovdan da  müsbət cavab ala bilməyiblər. 
Bundan əlavə, legioner oyunçular Voleybol Federasiyasını məhkəməyə verib. Artıq legioner qızların qaldığı kirayə evlərdən də xəbərdarlıq gəlib. Çünki 4 aydır ki, legioner qızların kirayə haqları da verilmir və ev sahiblərindən xəbər göndərilib ki, əgər üç gün ərzində kirayə pulları verilməsə, qızları əşyaları ilə birgə evdən çıxaracaqlar. Bu xəbərin ən ilginc tərəfi C.Qurbanovun artıq Ziya Məmmədovun rəhbərlik etdiyi federasiyanı maliyyələşdirməkdən imtina etməsidir. Bu həm də o deməkdir ki, C.Qurbanov kifayət qədər müstəqilləşib, nazir isə nəzərəçarpacaq dərəcədə zəifləyib…
 
 
Xatırladaq ki,  nazir oğlu Anar Məmmədovun  rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı da  bugünlərdə fəaliyyətini dayandırıb. Alyansın Vaşinqtondakı mərkəzi ofisini bağlayaraq bunu “maddi vəziyyətlərinin ağır olması” ilə əlaqələndiriblər.  
Ölkənin ən iri oliqarxının birdən-birə kasıblaması əlbəttə ki, fantastik film kimi qeyri-realdır. Mümkündür ki, Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alındıqca, nazir də əlavə pul xərcləməyə əvvəlki qədər həvəsli deyil. Üstəlik, lisenziya ilə bağlı prezidentin fərmanı nəqliyyat nazirini milyonlarla gəlirdən də məhrum edir. İddialar var ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacaq. Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi deyilir. Amma niyə axı ölkənin ən qüdrətli naziri hakimiyyətin nəzərindən bu qədər düşsün? Son günlər ən aktual suallardan biri, bəlkə də birincisi budur: Ziya Məmmədovun suçu nə? 
İndiyədək bu mövzuda çox yazılıb, ən müxtəlif  versiyalar səslənib. Nazirin hakimiyyətin “qara siyahısında” olan Abbas Abbasovla dostluğundan tutmuş, Rusiya prezidenti Vladimir Putinə “yol axtarmağa” qədər versiyalar ortaya atılıb. Hətta onun Amerika prezidentliyinə namizədliyi irəli sürülən Donald Trumbla hansısa gizli sövdələşmələrinədək versiyalar səslənib. Son günlər ən çox səslənən versiya isə nazirin iqtidarla pul söhbətində “ilişməsi” göstərilir.
Məlumata görə, bir neçə gəlirli sahəyə nəzarət etdiyindən  Ziya Məmmədovun “maliyyə xəyanəti”ndə suçlanması ehtimalı başqalarından daha çoxdur. 
Bu mövzuda yazan “Azadlıq” qəzeti iddia edir ki, nazirin “vurulması” üçün hakimiyyətin əlində sübut var: “Əgər Ziya Məmmədov vurulmaq üçün hazırlanıbsa, deməli, onun ”dövlətçiliyə”, yəni həmin “qara kassaya” sadiq olmadığını sübut edən dəlillər tapılıb. İndi durum bir qədər fərqlidir. Əvvəlki illərdə olduğu kimi, israfçılığa yol verilməməlidir. Ziya Məmmədov isə görünür, sözün yumşaq mənasında, “israfçılıq”lara, birbaşa mənasında isə mənimsəməyə yol verib və bu yoldan o tərəfə komandadan kənara atılmaq gəlir”.
Yeri gəlmişkən, sentyabrın 10-da məlumat yayılıb ki, Bakıda “Transgate” MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib. “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.  Nəqliyyat nazirinin yaxın ətrafına bağlı olan “Transgate” faktiki şəhər nəqliyyatından uzaqlaşdırılıb.
Virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi məlumata görə isə Məmmədovların daha bir biznes aktivi – Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.
 
Beləliklə, nazir ərtrafında baş verənlər açıq qalan sualı bir daha yada salır: Ziya Məmmədovun suçu nə? 
 
“Yeni Müsavat”

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın