Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov “şimal quberniyası”nı itirir

Ziya Məmmədov “şimal quberniyası”nı itirir

Nazir Qubada söz sahibidirsə, niyə hoteli əlindən alınsın?; Məmmədovlar Bakı Avtovağzal Kompleksini öz pullarına tikiblər və asanlıqla təhvil verməyə də bilərlər, amma ortada Fərhad Əliyev nümunəsi varsa…

 
Nəqliyyat naziri Ziya Məmmədov nəzarətində olan sahələrə əl qoyulması barədə xəbərlərə reaksiya vermir. Ötən həftəsonu Bakı-Sumqayıt elektrik qatarının istifadəyə verilməsi ilə bağlı tədbir maraqla gözlənilirdi. Çünki nəqliyyat naziri uzunmüddətli aradan sonra yenidən prezidentlə birgə efirdə görünməli və bununla da “vurulması” barədə xəbərləri nöqtələməli idi. Amma nazir bu tədbirdə də görünmədi. Prezidenti yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov müşayiət etdi. 
Məlumata görə, nazir mərasimə, ümumiyyətlə, dəvət olunmayıbmış. Bu isə təbii ki, C.Qurbanovu aşan bir məsələdir və onun özfəaliyyəti hesab oluna bilməz.
Nəqliyyat nazirinin tədbirdə görünməməsi onun başı üzərində təhlükənin olduğunu göstərir. Üstəlik, nazirin siyasi hakimiyyətin nəzərindən düşməsi iddiası ilə yanaşı, dəmir yollarının da  Z. Məmmədovun nəzarətindən çıxarılması ilə bağlı yayılan xəbərləri təsdiqləyir. 
Qeyd edək ki, son bir ayda Z. Məmmədov xeyli maddi itkilərə məruz qalıb. Taksilərə lisenziya verilməsi Nəqliyyat Nazirliyindən alınıb (qərar gələn ildən qüvvəyə minəcək və bu sahə «ASAN xidmət»ə həvalə olunacaq), nazirin yaxın ətrafına məxsus “Transqeyt” MMC-nin marşrut avtobusları xətdən çıxarılıb.
Bir neçə gün əvvəl nazir və oğluna məxsus “Rixos Quba” hotelinin də onun əlindən alındığı haqda məlumat yayılıb.
“Rixos Quba Azerbaycan” hotelinin açılışı 2013-cü ildə olub. Açılışda nazir oğlu Anar Məmmədov da iştirak edib. Qudyalçayın sahilində inşa olunan bu hotel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubdan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla, 210 hektar ərazini əhatə edir.
Hotelin bugünlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir. Amma kimliyi bilinmir. Məmmədovlar “Rixos Quba”nınonlardan alınması xəbərini təkzib etməyiblər. Yada salaq ki, Quba Z. Məmmədovun kurasiyasındadır. Qubadakı hotelin əlindən alınması isə o anlama gəlir ki, tezliklə bu sorumluluq da ondan alınacaq və ya bəlkə də artıq alınıb. Məntiqlə nazir Qubada kuratordursa, niyə hotel əllərindən alınsın?
Yaxın vaxtlarda sərnişindaşımanın da nazirin nəzarətindən çıxarılacağı söylənilir. Məlumatda deyilir ki, mümkündür ki, sərnişindaşıma Z. Məmmədovun nəzarətindən çıxarılandan sonra Məmmədovlar Bakı Beynəlxalq Avtovağzalına idarəçiliyi də itirməli olacaq. Bu istiqamətdə mediada xəbərlər yayılsa da,  nazirin deputat qardaşı Elton Məmmədovun kurasiya etdiyi avtovağzalı onlardan almaq elə də asan olmayacaq.
Çünki Bakı Beynəlxalq Avtovağzalının nəqliyyat naziri Ziya Məmmədovun və onun yaxınlarının şəxsi mülkiyyəti olduğu hələ bir neçə il əvvəl rəsmən təsdiqlənib. AzadlıqRadiosunun bir neçə il əvvəl apardığı araşdırma nəticəsində üzə çıxmışdı ki, bu nəhəng obyekti nazirin deputat qardaşının Vircin adalarında təsis etdiyi offşor şirkət idarə edir. Belə ki, obyektin tikintisini nazir oğlunun başçılıq etdiyi o vaxt “ZQAN Holdinq” (indi “Garant-Holdinq”) adlanan şirkət həyata keçirib, tikinti işləri üçün dövlət büdcəsindən maliyyə ayrılmayıb. Maliyyə və Nəqliyyat nazirlikləri də rəsmən təsdiqləyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlətin vəsaiti xərclənməyib.
E. Məmmədov həmin şirkətin təsisçisi olduğunu təsdiqləyib: “Mən deputat kimi kommersiya fəaliyyəti ilə məşğul ola bilmərəm. Amma mənim hansısa bir şirkət təsis etməyimdə heç bir problem yoxdur”. E. Məmmədov şirkətdə ondan başqa da təsisçilərin olduğunu deyib, ancaq kommersiya sirrini əsas gətirərək adları açıqlamayıb. Həmçinin avtovağzalın tikintisi üçün maliyyə vəsaitinin hansı qaynaqlardan əldə edildiyini deməyib. Belə aydın olur ki, avtovağzal kompleksi ata, oğul və əminin müştərək işidir. Yəni Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri isə bu beynəlxalq avtovağzala lisenziya verib…
 
Hüquqi baxımdan avtovağzalın alınması çətin olsa da, Məmmədovlar istehkam qurum sahib olduqları obyekti qoruyan deyillər. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun biznesmen qardaşı Rafiq Əliyevin həbsindən sonra onlara məxsus əmlakların necə əllərindən alındığını xatırlatmaq kifayətdir. Gözlənilir ki, Məmmədovlar dirəniş göstərməyin necə təhlükəli olduğunu anlayırlar və “təhvil-təslim”də əlavə səs-küy yaratmaq istəmirlər.     

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın