Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov İsveçrədən müalicədən qayıtdı və işə çıxdı – rəsmi açıqlama

Ziya Məmmədov İsveçrədən müalicədən qayıtdı və işə çıxdı – rəsmi açıqlama

Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov: “Cənab nazirin ətrafında süni ajiotaj yaradılır”

 
Məzuniyyətdə olduğu dövrdə rəhbərlik etdiyi qurumun səlahiyyətləri alınan nəqliyyat naziri dünən işə çıxıb. “Yeni  Müsavat”a müsahibə verən Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib ki, nazir Ziya Məmmədov oktyabrın 23-nə qədər rəsmi olaraq əmək məzuniyyətindədir: 
– Amma Ziya müəllim, digər illərdə olan əmək məzuniyyətlərində olduğu kimi bu il də məzuniyyət dövründə işə gəlib, müəyyən tapşırıqlar verir. Bu gün səhərdən Ziya Məmmədov işə çıxıb. Sizinlə danışdığım müddətdə də nazir iş başındadır, öz kabinetindədir, funksiyaları daxilində müəyyən tapşırıqlar, göstərişlər verir. Yazılanlar hamısı boş söhbətdir.
 
– Nazirin işə 4 gün tez çıxmasının səbəbi barəsində yazılanlar ola bilərmi? 
– Ümumiyyətlə, Ziya Məmmədov yazılanlardan heç bir narahatlıq keçirmir. Çünki yazılanların heç bir əsası yoxdur. Bir var rəsmi fakt, hansısa səlahiyyətlərin alınması, bir də var ki, bəzi saytların yazdığı “tutulub”, “həbs olunub” kimi cəfəngiyyatlar. Yəni əsassız yazılara heç bir münasibət bildirmir. Hələ nazirin həbsi ilə yanaşı mənim də həbsim barədə xəbər yazırlar. Bir zəng edib soruşan da yoxdur ki, belə bir məsələ var, ya yox!
– Ziya Məmmədovun səlahiyyətlərinin bəzilərinin alınması dediyiniz söz-söhbətlərə rəvac verir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı, ötən həftə nazirliyin səlahiyyətləri alınaraq Baş Dövlət Yol Polisinə verildi. Nə baş verir? 
– Ziya Məmmədov ətrafında süni ajiotaj yaradılır. İndiyədək müxtəlif nazirliklərin səlahiyyətləri alınıb digərinə verilib və yaxud nazirlik ləğv olunub. Amma bu cür ajiotaj yaradılmayıb. Hazırda islahatlar gedir. İqtisadi sahədə həyata keçirilən islahatların bir tərəfi də əhaliyə daha rahat, keyfiyyətli xidmət göstərilməsinə hesablanıb. Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərdən biri də lisenziyaların verilməsi idi. Bu sahə “ASAN xidmət”ə verildi ki, vətəndaşlar ora müraciət etməklə lisenziyaları rahat şəkildə ala bilsinlər. Bunda Nəqliyyat Nazirliyinin özü də maraqlıdır ki, işimizdə şəffaflıq yaranır, yüngülləşir. Bu yaxınlarda taksilərə, yük maşınlarına nəzarəti yol polisinə verdilər. Hər hansı bir nazirliyin ətrafında islahatların aparılması prezidentin səlahiyyətindədir. Yəni nazirliyin səlahiyyəti başqa bir nazirliyə də verilə bilər. Bu dəyişiklikləri sırf Ziya Məmmədovun adı ilə bağlamaq ədalətsizlikdir. Ziya Məmmədov xalqa, dövlətə sədaqətlə qulluq edən adamdır.
– Son illər mövqeyi gücləndirilmiş, geniş səlahiyyətləri olan bir nazirin səlahiyyətləri niyə qəfil və ardıcıllıqla onun əlindən alınır? 
– Səlahiyyətlərin alınması aparılan islahatlarla bağlıdır. Sadəcə, jurnalistlər bunu başqa yerə yozurlar. İndiyə qədər bir nazirlik göstərə bilərsinizmi ki, onun səlahiyyətləri bu və ya başqa şəkildə dəyişikliyə uğramasın? Yoxdur belə nazirlik! Hazırda ölkədə çevik xidmətlər göstərmək niyyəti ilə islahatlar aparılır. İslahatlar bundan sonra da davam edəcək. Bu islahatların hörmətli nazir Ziya Məmmədovun adı ilə bağlanmasının səbəbini başa düşə bilmirəm.
– Ziya Məmmədov baş verənlərlə bağlı mətbuat konfransı keçirib mətbuat nümayəndələrinin suallarına aydınlıq gətirə bilərmi? 
– Nazir əmək məzuniyyətindən qayıdandan sonra bu məsələyə baxıla bilər. Amma hörmətli nazirin mənə həmişə tövsiyəsi bu olub ki, peşəkar jurnalistlərin sualı cavabsız qalmasın. Nəqliyyat Nazirliyi ilə bağlı kim yazı yazmaq istəyirsə, sualları varsa, o suallar cavablandırılsın. Birbaşa nazirliyin səlahiyyətləri ilə bağlı suallara cavab verilir. Şayiələrə isə münasibət bildirilmir. Ziya Məmmədov heç vaxt mətbuatdan qaçmayıb. Müxtəlif dövlət tədbirlərində də dəfələrlə müsahibələr verib.
– Nəqliyyat müfəttişlərinin fəaliyyəti dayandırılıb? 
– Göstəriş verilib ki, nəqliyyat müfəttişlərinin fəaliyyəti dayandırılsın. Bu müddət ərzində uyğunlaşma getməlidir. Çünki həmin fərmanda göstərilib ki, müəyyən müddətə qədər uyğunlaşma getməlidir. Səlahiyyətlərin müəyyən hissəsi də qalıb. Səlahiyyətlər tam şəkildə alınmayıb deyə uyğunlaşma gedir. Nəqliyyat Nazirliyi hansı işə baxacaq, Dövlət Yol Polisinin səlahiyyətləri nə olacaq, buna uyğun qərarlar qəbul ediləcək.
– Uyğunlaşma aparılandan sonra nəqliyyat müfəttişləri fəaliyyət göstərməyəcək? 
– Yox. Bəzi səlahiyyətlər qalacaq. İndidən nəsə demək düzgün olmaz. Ola bilər ki, ixtisar getsin. Səlahiyyətlər tam ləğv olunmayıb deyə konkret nəsə demək tezdir. Uyğunlaşma dedikdə səlahiyyətlərin bir hissəsi təhvil verildikdən sonra qalan səlahiyyətlərin icrası ilə bağlı məsələlər aydınlaşdırılmalıdır.
– Bakı Beynəlxalq Avtovağzalının girişlərindən birinin  bağlanması ilə bağlı məsələyə də, zəhmət olmasa, aydınlıq gətirərdiniz.
– Bu məsələ ilə bağlı son qərarı gözləyirik. Qərar açıqlanandan sonra ictimaiyyətə məlumat veriləcək.
– Prezident yanında son müşavirədə Ziya Məmmədovun iştirak etməməsi onun məzuniyyətdə olması ilə bağlı idi? 
– Həmin müddətdə Ziya müəllim xaricdə idi.
– Konkretləşdirmək olarmı? 
– İsveçrəyə müalicəyə getmişdi.
 
– Yəqin bu gün Ziya müəllimlə görüşmüsüz. Əhvalı necədir? 
– Normaldır. Ziya müəllim çox optimist adamdır. Əhval-ruhiyyəsi də çox yüksəkdir. Ziya müəllim pessimizmə qapılan adam deyil. Dövlətə, xalqa xidmət edən adam olub, bundan sonra da belə olacaq.
– Barəsində yazılan peşəkar və qeyri-peşəkar yazılara Ziya Məmmədovun reaksiya verməməsi normaldırmı? 
– Ziya Məmmədov oktyabrın 23-nə qədər məzuniyyətdədir. Məzuniyyətdən sonra ola bilər ki, açıqlama da, müsahibə də verəcək. Hörmətli nazir mətbuata həmişə açıqdır və həmişə də açıq olacaq.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın