Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov hələ də nəqliyyat naziri imiş – RƏZALƏT…

Ziya Məmmədov hələ də nəqliyyat naziri imiş – RƏZALƏT…

Dünya qloballaşır. Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz orbitə süni peykini də buraxıb. Yeni əsr informasiya texnologiyaları sahəsində inqilablar vəd edir. Texnologiya zamanı qabaqlayır. 21-ci əsrin insanı üçün sürət və komfort, istənilən informasiyanı anındaca əldə etmək ən önəmli məsələlərdəndir. İnformasiya savaşında güc mərkəzinə çevrilmək, informasiya təhlükəsizliyini qoruyub saxlamaq istəyən ölkələr üçün bu sahə prioritet təşkil edir.

Ölkəmizdə fəaliyyət göstərən dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və “Elektron hökumət”in formalaşdırılması zəruri məsələlərdən birinə çevrilib. Bu zərurət vətəndaşlarımızın hər hansı bir dövlət orqanına zamanında müraciət etmək, məlumat almaq, qarşılaşdığı problemləri daha tez və daha rahat bir şəkildə həll etmək istəyi ilə bağlıdır. Məhz elə buna görə ölkə rəhbərinin tapşırığı ilə demək olar ki, bütün dövlət orqanlarının saytı yaradılıb.

Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu vasitə o zaman effektli olur ki, yaradılmış informativ resursunu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə ölkəmizin bəzi dövlət orqanlarının saytları kimi. Elə saytlar var ki, onlara nəzər saldığımız zaman “yenilənmək” sözünün “y” hərfi də dilimizə gəlmir.

Dövlət orqanlarının internet saytlarının tez-tez yenilənməsi bütün jurnalistlər üçün də vacibdir. Əgər bu saytlar vaxtında yenilənsə baş verən hadisələr, yeniliklər barədə ictimaiyyətə daha tez məlumat verilər, jurnalistlər də mətbuat xidmətlərinin rəhbərlərini tapmaq üçün dəridən-qabıqdan çıxmazlar.

İndi isə keçək əsas məsələyə. Başlayaq internet saytı daim yenilənən dövlət orqanlarından. Azərbaycan Respublikası Baş Prokurorluğunun, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Gömrük Komitəsinin saytları demək olar ki, hər gün yenilənir. Hətta bu saytlar içərisində elələri var ki, gün ərzində bir neçə dəfə yenilənir, baş verən hadisələr barədə ictimaiyyətə operativ məlumat verilir. İnsafən deyək ki, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər nazirliklərinin saytları da hər gün olmasa belə yenilənənlər sırasındadır.

Ancaq digər nazirlik və komitələrin saytlarının tez yenilənəni 20 gün bundan əvvələ təsadüf edir. İnternet saytı yenilənməyən bütün dövlət orqanlarına özlüyümüzdə bir bəhanə tapa bildik. Ancaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə heç cür haqq qazandıra bilmədik. Nədən ki bu nazirliyin strukturu və adı dəyişilsə də internet saytı hələ də dəyişilməyib. Həm də bu nazirlik belə işdə gərək birinci ola axı. Çünki söhbət informasiya texnologiyalarından gedir.

Nəqliyyat Nazirliyi ləğv olunsa da onun internet saytı hələ də qalır. Hətta oxcular “nazir” Ziya Məmmədovun qəbul günləri ilə də tanış ola bilərlər.

İnternet saytı tez-tez yenilənməyən dövlət orqanlarından biri də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir. Belə ki, məhz bu komitənin dəstəyi ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu haqqında saytda heç bir məlumat tapa bilmədik. Hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur.

İndi isə yerli icra hakimiyyətlərinin saytlarına nəzər salaq. Vay, vay, vay. Bəzi mərkəzi icra hakimiyyətlərinin saytları bunların yanında toya getməlidi ki. Bu nədi? Nə? 2015? Bakı Şəhər İcra Hakimiyyətinin saytı sununcu dəfə 2015-ci ildə yenilənib? Gözlərimizi bir neçə dəfə yumub açırıq. Yox, yox, yalnış görmürük. Belə çıxır ki, 2015-ci ildən Bakı Şəhər İcra Hakimiyyətində heç bir yenilik olmayıb? Üç ildir yenilənməyən sayt kimə lazımdır?

Yaxşı, Bakının rayonlarının icra hakimiyyətləri heç olmasa 3-4 gündən bir internet saytlarını yeniləyirlər.

Nə isə, uzatsaq çox yazmalı olacağıq. Gəldiyimiz qənaət budur ki, əksər dövlət orqanlarının, təşkilatların saytları mütəmadi yenilənmir. Bu isə çox da çətin məsələ deyil. Onsuz da bütün sahələrdə hər gün bir yenilik olur. Sadəcə bir mütəxəssis işə götürüb həmin məlumatları saytlara yerləşdirmək lazımdır…

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın