Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Zavodları əlindən alınmış Zülfüqarlıların nümayəndələri mətbuat konfransı keçirdi

Zavodları əlindən alınmış Zülfüqarlıların nümayəndələri mətbuat konfransı keçirdi

Vaxtilə 1500-ə qədər adamın çalışdığı müəssisənin işçiləri hüquqlarının bərpasını tələb edirlər

Yanvarın 28-də “Bakıelektrostamp” zavodunun konfrans zalında Zülfüqarlı qardaşlarının zavodlarında çalışmış əmək kollektivlərinin 300-ə yaxın üzvü, zavod rəhbərliklərinin iştirakı ilə mətbuat konfransı keçiriblər. Kollektiv üzvləri zavodların qanuni sahiblərinə qaytarılmasını və iş yerlərinin açılmasını tələb edirlər.
 
 
“Ümidimiz cənab prezidentədir”
 
Tədbirdə zavodun icraçı direktoru Ramiz Əhmədov çıxış edərək bildirib ki, mətbuat konfransı keçirməyə məcburdurlar: “Çünki kollektiv üzvlərinin cənab prezidentə müraciətləri əngəllənir. Əminik ki, dövlət başçısı İlham Əliyevə mətbuat vasitəsilə müraciət edəndən sonra bizim zavodlar açılacaq. Möhtərəm prezident, siz 2016-cı ili dərin islahatlar ili adlandırdınız. İnanırıq ki, zavodlar sahiblərinə qaytarılacaq və biz yenidən işlə təmin olunacağıq. Biz kollektivlərimiz adından cənab prezidentə müraciət edirik ki, bizim zavodların sahiblərinə qaytarılması, yaradılan əngəllərin aradan qalxmasına göstəriş versin. Ümidimiz cənab prezidentədir”.
 
R.Əhmədov deyib ki, Zülfüqarlı qardaşları dağılmış, istehsal gücü sıfıra bərabər zavodları aldıqdan sonra müasir tələblərə cavab verən məhsullar istehsal edən müəssisələrə çeviriblər: “Sahibkarlar Nurəddin və Loğman Zülfüqarlı qardaşları 2002-ci ildə Heydər Əliyevin iş adamlarına çağırışı ilə Rusiyada qurduqları biznes fəaliyyətlərini yarımçıq buraxaraq Azərbaycana geri dönüblər. 2002-ci ilin mayında mərhum Heydər Əliyevin məsləhəti və göstərişi ilə o zaman ölkəmizdə fəaliyyətini tam dayandıran, bizim hazırda olduğumuz ”Bakı Elektroştamp” zavodunu özəlləşdirərək “Bakı Elektroştamp” ASC-ni yaratdılar. Müəssisədə 400-ə qədər yeni iş yerləri açıldı. Müəssisə sahibkarlar tərəfindən özəlləşdirildiyi gündən fəaliyyəti zorla dayandırıldığı günədək Zülfüqarlı qardaşları “Bakı Elektroştamp” ASC-yə 25 milyon manat civarında sərmayə yatırıblar”.
O deyib ki, Zülfüqarlı qardaşları 2003-cü ilin iyununda yenə də mərhum prezidentin məsləhəti və göstərişi ilə fəaliyyətini tamamilə dayandırmış “Bakı Poladtökmə” zavodunu özəlləşdirərək “Bakı Poladtökmə” ASC-ni yaratdılar: “Həmin müəssisədə 800-dək insan işlə təmin edildi. Hər iki müəssisənin istehsal etdiyi məhsullar daxili istehlakçıların tələbatını ödəməklə yanaşı xarici bazarlara da uğurla ixrac olunurdu ki, bunun da nəticəsində ölkəmizə külli miqdarda xarici valyuta daxil olurdu. Qısa vaxtda Rusiya, İran, Çin, Hindistan, Ukrayna, Türkiyə kimi dövlətlərin iri şirkətləri ilə çoxşaxəli biznes əlaqələri quruldu”.
R.Əhmədov bildirib ki, zavodlar zor gücünə Zülfüqarlı qardaşlarından alınandan sonra 1750 nəfər işçi işsiz qalıb.
R.Əhmədovun sözlərinə görə, zavodların talanmasına “Baku Steel Company”nin sahibi Rasim Məmmədov rəhbərlik edib. Zavodlar Gəray Məmmədov adlı çobanın adına rəsmiləşdirilib. Məsələnin üstü açılandan sonra isə zavodlar Kərəm Həsənovun birinci müavini Rüstəm Şahbazovun sürücüsünün adına rəsmiləşdirildi.
 
“Nə qarayaradır ki, düşüb Azərbaycan iqtisadiyyatının canına?”
“Bakıpoladtökmə” zavodunun kadrlar şöbəsinin rəisi Fazil Hüseynov deyib ki, zavodun bünövrəsinin qoyulmasından son zəbt olunduğu günlərə qədər orada işləyib: “Haradansa bir Rasim Məmmədov peyda oldu, gəlib mənimlə bərabər zavodun kollektivini çölə atdırdı. Sual verirəm: Rasim Məmmədov kimdir? Nə qarayaradır ki, düşüb Azərbaycan iqtisadiyyatının canına? Bu qədər insanın işsiz qoyulması kimə lazımdır? Loğman Zülfüqarlını ölkədən didərgin saldılar. Zavodların da işini iflic etdilər. Bizlərin çörəyini kəsdilər. Loğman Zülfüqarlı bu zavodu alanda burada istehsal gücü sıfır idi. Qısa müddətdə istehsal gücünü ayda 8-10 min tona çatdırdı. Bu adam menecerdir”.
 
“Qaytarın zavodları sahiblərinə. Ölkə prezidentinə qarşı getməyin!”
Tədbirdə iştirak edən fəhlə qadın isə deyib ki, bu gün Azərbaycan iqtisadi baxımdan çox pis durumla üz-üzədir:“Buradakı insanların yarıdan çoxu dilənçi durumundadır. Axı biz düşmən deyilik. Niyə bizə qarşı belə edirlər? Qoysunlar işimizi işləyək. Bu yaşda hara gedək? Metallurgiya sənayenin bel sütunudur. Əgər metallurgiya varsa, deməli, dövlətin sənayesi, iqtisadiyyatı yaxşı inkişaf edir. Tələbimiz odur ki, zavodlarımızı sahiblərinə qaytarsınlar. Bizlər Zülfüqarlıların iş bacarığına bələdik. Qaytarın zavodları sahiblərinə. Ölkə prezidentinə qarşı getməyin! Biz iş istəyirik”.
Kollektivin üzvü Vaqif Musayev deyib ki, üst-üstə 10 min nəfər Zülfüqarlı qardaşlarının zavodlarından dolanırdı: “Mən bu gün bura gəlməyə yolpulu tapa bilmirdim. Borcun içində batırıq. Banklar bir tərəfdən bizdən borcları istəyir. Mən ailə başçısıyam, uşaqlar yemək istəyir. Evimi dolandıra bilmirəm. Prezident İlham Əliyev, səsimizə səs verin. Ailəmizi dolandırmaq istəyirik. Biz işləmək istəyirik. Biz prezidentimizə inanırıq. Sahibkarı qaytarın, zavodu işlətsin, bizlərə çörək versin!”
“Rasim Məmmədov zavodları sahibindən alıb” 
Nailə Həsənquluqızı zavodlar zəbt olunana qədər  kimyaçı-mühəndis vəzifəsində çalışıb: “Sahibkarı çıxardılar. Bizə dedilər ki, öz hesabınıza işdən azad olma haqda ərizə yaz. Yazdıq. Amma bizə son haqq-hesabı vermədilər. 10-12 nəfər 2014-cü ildə məhkəməyə müraciət etmişik. Bu günə qədər haralara müraciət etməmişik? Əmək Müfəttişliyi, Prezident Administrasiyası, ombudsmanlıq cavab yazırlar ki, haqq-hesabınız verilməlidir. Burada Rasim Məmmədovun maşınları nümayiş olundu. Mənim 4 min manat pulumu vermirlər, deməli, dilənçidirlər, fəhləyə pul vermək olmaz? Rasim Məmmədov zavodları sahibindən alıb bu bir tərəfə, üstəlik, biz işçilərin pulunu da vermir. Fəhlə ilə də kəllə-kəlləyə gəlirlər. Bu adamların devizləri ”tapdalayım keçim”dir. Mən zəhmət haqqımı istəyirəm. Loğman Zülfüqarlını mənim gözümün qabağında buradan yola saldılar. Ona imkan vermədilər ki, kabinetindən şəxsi əşyalarını götürsün. Pencəyini götürüb çıxdı”.
Keşlə qəsəbəsindəki zavoda basqın zamanı xəsarət alan işçi Zahid Hüseynov deyir ki, Rasim Məmmədovun quldurluğuna son qoyulmalıdır.
Qarabağ müharibəsi iştirakçısı, fəhlə Natiq Qasımov iş yerlərinin qaytarılmasını istəyir: “10 qardaşıq. Hamımız döyüşmüşük. Xəstə anamız var. İşsiz-gücsüzük. Anam deyir ki, məni də apar, sözümü prezidentə deyim. Bizi Rasimin quldur dəstəsi işsiz qoyub. Onu axtarıram ki, özümü maşınının altına atım. Başqa yolum qalmayıb. Bizim zavodu qaytarın”.
 
“Bu adam dövlətə qarşı, ölkəyə qarşı iqtisadi sabotajla məşğuldur”
Səhmdar Zahir Beydullayev deyir ki, zavoda gələndə özü də durumdan qorxuya düşüb: “İndi zavoda baxıram, elə bil ki, bura bomba düşüb. Bu adamı durdurun. Kimdir Rasim Məmmədov? O, ölkənin iqtisadiyyatını niyə dağıtmalıdır? Bu adam dövlətə qarşı, ölkəyə qarşı iqtisadi sabotajla məşğuldur. Bu qədər adamı işsiz qoymaq nə deməkdir? Biz divident ala bilmirik”.
1984-cü ildən zavodda işləyən Tamilla Quliyeva deyib ki, Zülfüqarlılar tamamilə dağılmış müəssisəni ayağa qaldırıblar: “Pulsuz yemək, isti geyim, bayramlarda bizə ərzaq verdilər. Zavodun kollektivə olan bütün köhnə borclarını verdilər. Bizim kollektivdə elə fəhlələr var ki, mühəndislərdən savadlıdır”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın