Ana səhifə / Siyasət / Zabrat bələdiyyəsində qanundan kənar işlər görülür

Zabrat bələdiyyəsində qanundan kənar işlər görülür

Adil Hənifəyev bələdiyyəni öz qanunlarıyla idarə edir

Son aylar paytaxtda torpağın qiyməti kəskin artıb. Bu da bələdiyyə sədrlərini torpaq satışına həvəsləndirib. Bu bələdiyyələrdən biri də Zabrat bələdiyyəsidir. Bizə verilən məlumata görə, Zabrat bələdiyyə sədri Adil Hənifəyev torpaq satışını sənədləşmə əsasında aparmır. Satılan torpaqların pulları isə birbaşa sədrin cibinə gedir. Hənifəyevin vətəndaşlara verdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Dəfələrlə bələdiyyə sədrinin qanunvericiliyin tələblərini pozaraq torpaq satışıyla məşğul olması barədə geniş məlumatlar versək də, sədr barəsində hələ də ciddi ölçü götürülmür.

Bələdiyyəyə ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyən Hənifəyevin yığılan vəsaitləri özününküləşdirdiyi deyilir. Bələdiyyə sədrinin başı torpaq satışına qarışdığına görə, Zabrat qəsəbəsinin sosial problemləri hələ də həllini gözləyir. Qəsəbə sakinlərinin şikayətlərinə görə, Adil Hənifəyevdən aldıqları torpaqlar üzərində tikilən evlərə hələ də sənəd ala bilmirlər. Rəsmi sərəncamın olmadığını bəhanə edib sənəd vermirlər. Məhz elə sədrin laqeydliyi ucbatından qəsəbədə kifayət qədər evlər sənədsiz qalıb. Dövlətin bələdiyyəyə ayırdığı vəsaitlərə baxmayaraq, məhəllələrarası yollar bərbad gündədir. Lakin hesabatlara gəlincə, bələdiyyə sədri elə təsəvvür yaradır ki, sanki Zabrat qəsəbəsi güllük gülüstanlıqdır. Qəsəbənin bir dənə həll olunmamış problemi qalmayıb. Sakinlər kef içində yaşayırlar. Qanunsuz işlərini ört-basdır etməyə çalışan sədr hesabatlarda şişirtmələrə yol verir.

Zabrat bələdiyyəsi əvvəlki illərdə olduğu kimi bu gün öz fəaliyyətsizliyi ilə seçilir. Qurum üzərinə düşən işləri yerinə yetirmək gücündə deyil.

Bundan başqa redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Adil Hənifəyev Zabrat qəsəbə icra nümayəndəsi ilə şərik ev alveri ilə də məşğul olur. Belə ki, bələdiyyə sədri və icra nümayəndəsi 307 saylı orta məktəbin, 15 saylı Bakı Peşə Liseyinin, Zabrat Diaqnostika Müalicə Mərkəzinin yaxınlığındakı boş qalmış torpaqları müxtəlif adamların sənədləşdirərək həmin ərazilərdə çoxlu sayda evlər inşa ediblər və bundan sonra isə hazır evləri satışa çıxarıblar. Bildirilir ki, 2-3 otaqlı həmin evlərin minimum satış qiyməti 70 min manatdan başlayır. Qeyd olunur ki, icra nümayəndəsi və bələdiyyə sədri son 2 ildə 100-ə qədər hazır ev satıblar.

Bundan başqa sakinlər bələdiyyə seçkilərindən sonra hər şeyin yoluna düşəcəyinə inansalar da, görünən odur ki, Zabrat qəsəbəsinin problemləri öz aktuallığını qoruyub saxlayır. Sakinlərin şikayətində bildirilir ki, Zabrat bələdiyyəsi vaxtında küçələri zir-zibildən təmizləmir. Ümumiyyətlə, sakinlərin çoxu onu tanımır. Vətəndaşları dinləmək, onların problemləriylə maraqlanmaq bələdiyyə sədrinə yad olan xüsusiyyətləri. Qeyd edək ki, Bələdiyyə yerli sosial məsələlərin həlli ilə məşğul olmalıdır. Bələdiyyə üzvləri vətəndaşlarla görüşlər keçirməli, bu və digər məsələlərlə bağlı müzakirələr aparıb, o müzakirələrə uyğun işlərini qurmalıdırlar. Lakin Zabrat bələdiyyə sədri və bələdiyyənin üzvləri vətəndaşlarla görüş keçirib onların şikayətinə qulaq asmırlar.

gundelikbku.com

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın