Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “Hərbi bazaya ehtiyac yoxdur, Türkiyə çox yaxındır”

Zərdüşt Əlizadə: “Hərbi bazaya ehtiyac yoxdur, Türkiyə çox yaxındır”

“Ölkəmizdə xarici hərbi bazanın yerləşdirilməsinə ehtiyac yoxdur”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə “Reytinq”ə müsahibəsində bildirib.

Politoloq qeyd edib ki, Türkiyə ilə Naxçıvan sərhəddədir. Əgər təhlükə Ermənistandan gələcəksə, Türkiyənin Ermənistanla sərhədləri var: “Hamı da bilir ki, Türkiyənin qoşun hissələri iki saatdan sonra İrəvanda ola bilər. Odur ki, “baza” sözü əhəmiyyətini itirir. Sadəcə, bizdə Roma papasından daha çox katolik olmaq istəyən, İlham Əliyevdən daha çox cənab Ərdoğanı sevmək istəyən adamlar var”.

Z.Əlizadənin sözlərinə görə, Rusiyanın Ermənistanda 102-ci hərbi bazası mövcuddur və orada 5 min nəfərlik güclü ordusu, raket-təyyarə sistemi var: “Bu baza 44 günlük müharibə zamanı Ermənistana kömək edə bildimi? Yox. Deməli, bu özü-özlüyündə hansısa zəmanətdir”.

“Bəzi politoloqlar hesab edirlər ki, onların əsas rolu Azərbaycanda Türkiyə bazasının yaradılmasına nail olmaqdır. Baza həm də sənin ölkə kimi süverenliyindən müəyyən qədər imtina etməyin deməkdir”-deyə politoloq vurğulayıb.

Z.Əlizadə deyib ki, Azərbaycanın döyüş təcrübəsi olan azı 50 minlik ordusu var, yaxşı texnikası, hava qoşunları, xüsusi təyinatlıları – hər şeyi var: “Bizə qarşı isə indiki halda 1960 rus sülhməramlısı durub. Həm də nə biz Rusiya ilə, nə də Rusiya bizimlə müharibə aparmaq istəmir. Əksinə, Rusiya çalışır ki, Azərbaycanla əməkdaşlığı möhkəmləndirsin. Ona düşmən Azərbaycan – yəni ikinci Ukrayna və ya Gürcüstan lazım deyil”.

Politoloqun fikrincə, Rusiyanın Ukrayna, Moldova, Gürcüstan problemləri var. Artıq Ermənistan da Rusiya üçün problemdir, inanılmış müttəfiq deyil: “Əksinə, İrəvanla müqayisədə Putinin Azərbaycanla daha sıx münasibətləri, qarşılıqlı inam və etimadı var. Odur ki, bütün bunları nəzərə alaraq tələsməyək”.

Şuşa Bəyannaməsini şərh edən Z.Əlizadə deyib ki, ilk dəfə tam açıq şəkildə deyilir ki, Azərbaycana qarşı üçüncü dövlət müharibəyə başlasa qarşısında Türkiyəni görəcək: “Bəyannamədə açıq yazılıb ki, hər hansı dövlət əlini Azərbaycana uzatsa həm də Türkiyə ilə qarşılaşacaq. Məlum məsələdir ki, bu, kimə yönəlib. İndiki şəraitdə Azərbaycan-Rusiya münasibətləri normal olsa da, bu, Rusiya və Ermənistana xəbərdarlıqdır”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …