Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Zəngəzur dəhlizinin işə düşməsində iki əngəl

Zəngəzur dəhlizinin işə düşməsində iki əngəl

“Altılıq formatı”nın yaranmasında və Zəngəzur dəhlizinin işə düşməsində bir sıra maneələr var. Bunlardan birincisi, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı və razılaşmalıdır. İkincisi, Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarının birində 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirib. Bu da səbəbsiz deyil. Belə ki, Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmir yolu da işləmir.

Politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğan bugünlərdə Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif edib ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Ərdoğan israrla təklifini xatırladıb. Əslində Ərdoğan bununla Gürcüstanla Rusiya arasında vasitəçilik təklif edib. Bunu Azərbaycan parlamentindəki çıxışında Ərdoğan özü ilk dəfə olaraq, açıq söylədi. Görünən budur ki, Gürcüstan üçün qərar vermək çətindir. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil.

Ərdoğanın Gürcüstanla Rusiya arasında vasitəçiliyi nə dərəcə uğurlu ola bilər?

Hulusi Kılıç: Ermənistanın bu hücumuna göz yummaq olmaz

Hulusi Kılıc: “Sayın Cümhurbaşqanı ona dedi ki…”

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc bununla bağlı “Yeni Müsavat”a açıqlama verdi: “Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu ”altılıq formatı”nın gerçəkləşməsini arzulayır. Amma bilirsiniz ki, Gürcüstan Rusiya ilə yaşadığı problemlər üzündən bu formata qoşulmaq istəmir. Gürcüstanın baş naziri Türkiyəyə səfər edərkən, sayın Cümhurbaşqanı ona dedi ki, “altılıq formatı”na qoşulmağınız problemlərinizi çözər. Rəsmi Tiflis hələ ki qoşulmaq istəmədiyini bəyan edib. Onları yola gətirmək üçün Ankarada görüş keçirildi. “Altılıq formatı”nın olmasını Türkiyə, Rusiya və Azərbaycan istəyir”.

Azerbaijani Popular Front Party headed by Razi Nurullayev renamed

Razi Nurullayev: “Bunu reallaşdırmaq asan olmayacaq”

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Gürcüstanı yola gətirməyin yollarından danışdı: “Hesab edirəm ki, ”altılıq formatı”nın işləməsi hər bir ölkə üçün vacibdir. Ölkələrin də bunu anladığı düşüncəsindəyəm. Amma bəzi problemlər bunun reallaşmasına mane olur. Ümumilikdə isə hər bir dövlət qəbul edir ki, bu hər kəs üçün faydalıdır. Ərdoğanın Rusiya ilə Gürcüstan arasında vasitəçilik etdiyi artıq məlum olub. Cümhurbaşqanı bu prosesi davam etdirəcək. Düşünürəm ki, Rusiya tərəfindən burada heç bir problem yoxdur. Problem Gürcüstan tərəfindədir. Rəsmi Tiflis bu formatı qəbul etməlidir. Amma məsələ burasındadır ki, heç də bunu reallaşdırmaq asan olmayacaq. Bunun da səbəbləri var. Gürcüstan Cənubi Zəngəzur dəhlizinin açılmasını heç də yaxşı əlamət hesab etmir. Bağlı qapılar arxasında mövqeyi belədir. Sadəcə, açıq şəkildə buna mənfi münasibətini bildirmir. Cənubi Zəngəzur dəhlizinin açılması Gürcüstanda belə bir təəssürat yaradır ki, Gürcüstan üzərindən keçən koridorlar zəifləyəcək və bununla da ölkə olaraq, Azərbaycan, Türkiyə, Avropa üçün önəmi azalacaq. Amma mənə elə gəlir ki, marşrutların çox olması heç də bu və ya digər dövlətin mövqelərinin zəifləməsi anlamına gəlməməlidir. Əslində Cənubi Zəngəzur dəhlizi heç də Gürcüstan üzərindən keçən layihələrin önəminin azalmasına yox, əksinə, layihələrin önəminin artmasına gətirib çıxarır. Rəsmi Tiflisin özü də Zəngəzur dəhlizindən çox faydalı şəkildə istifadə edə bilər, yüklərin daşınması və s. kimi işlərdə. Bu baxımdan hesab edirəm ki, Cənubi Zəngəzur dəhlizinin Gürcüstana verəcəyi önəm onlara düzgün izah olunsa və bunu ərazilərindən keçən dəhlizlərə bir təhlükə kimi görməsələr, hesab edirəm ki, razılaşma daha asan olacaq. Digər bir məsələ isə Gürcüstan və Rusiya arasında olan münasibətlərin yaxşılaşmasıdır. Düşünürəm ki, istənilən halda Rusiya və Gürcüstan arasındakı münasibətlərin yaxşı olması çox vacibdir. Hər iki tərəf bunu yaxşı anlayır. Sadəcə olaraq, Gürcüstanda bir sıra siyasi qüvvələr var ki, Rusiyaya münasibətdə heç də yumşalmaq istəmirlər. Bunu ictimai rəydə digər siyasi partiyalar üçün mənfi yöndə istifadə etməyə meyllənirlər. Əslində Gürcüstanın siyasi partiyaları, hakim elitası Rusiya ilə əlaqələrin düzəlməsində maraqlıdır. Amma digər partiyaların, siyasi qüvvələrin bunu qara piar kampaniyasına çevirəcəyindən ehtiyat edirlər. Bax bu məsələlərdə əgər Türkiyə və digər ölkələr gürcü hökumətini ölkədəki siyasi qüvvələrin bunu qara piar kampaniyasına çevirməyəcəyinə inandıra bilsələr, o zaman Gürcüstan daha tez bu anlaşmada razılığa gələ bilər”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …