Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Zəlimxan Yaqubun vəfatı bütün Türk dünyasının itkisidir”

“Zəlimxan Yaqubun vəfatı bütün Türk dünyasının itkisidir”

Bir az əvvəl Taylandda rəsmi görüşdə telefonuma gələn məsajdan böyük bir üzüntü duydum. Gözəl, Ustad şairimiz, dəyərli insan, əziz ailə dostumuz, Xalq şairimiz Zəlimxan Yaquba Allahdan rəhmət, əzizlərinə və bütün sevənlərinə səbr diləyirəm.Nur içində yatsın gözəl şairimiz.
Bir neçə gün əvvəl telefonla danışmışdıq. Nə qədər xəstə olsa da heç zaman insanla danışanda bunu çox bəlli etməyə çalışmazdı. O qədər gözəl xatirələri qaldı ki, sadalamaqla birməz. Onu tanıyanda balaca qız idim. Əziz əmim, dəyərli alim Qəzənfər Paşayevlə tez-tez bizə gələrdilər. Azərbaycanın bir çox tanınmış ziyalıları, şairləri ilə bəzən evimizdə onların səhərə qədər bitməyən gözəl söhbətlərini dinləyərdik. Rəhmətlik atam çox gözəl şeir deyərdi və Zəlimxan müəllimlə saz havaları müşayiəti ilə dedikləri şeirlər, o gözəl məclislər uşaqlığımın ən əziz xatirləridir. Kimlər olmazdı o məslicdə. Azərbaycanın ən dəyərli şair, yazar, sənətkar və ziyalıları. Artıq bir çoxu aramızda yoxdur. Amma könüllərimizdə hələ də yaşayırlar. Zəlimxan müəllim o məclislərin ən gənc şairi, ziyalılarından idi. Sən yaxşı şeir deyirsən deyərdi və bəzən mən də o məclislərin balaca üzvü kimi məclisdəki böyük şairlərin şeirlərini söyləyərdim. Gözəl günlər idi. Amma Zəlimxan müəllimlə ailə dostluğu hər zaman davam etdi. Bir neçə il əvvəl Gürcüstanda keçirilən bir tədbirlə bağlı Bakıdan Borçalıya qədər maşınla birlikdə getdik. Zəlimxan müəllim, mən və anam. Bütün yolu boyu o qədər maraqlı xatirələr danışdı, yeni şeirlərini söylədi ki, Borçalıya nə zaman yetişdik xəbərimiz belə olmadı. Çox maraqlı insan idi. Bir də görürsən zəng edərdi ki, indi Krımdayam, Krım türklərinin sürgünü ilə bağlı poema yazmışam, qoy bəzi hissələrini sənə oxuyum. Dinləyərdim və hər zaman olduğu kimi ürəyinizə sağlıq, çox gözəldi, var olun deyərdim. Bir də görürsən Orta Asiyadan, Türküstandan zəng vurardı, bəzən Borçalıdan və digər Türk yurdlarından. Türk dünyası sevdalısi dəyərli bir şair idi Zəlimxan Yaqub. Onun vəfatı bütün Türk dünyasının itkisidir. Peyğəmbər əfəndimizə yazdığı möhtəşəm poemasının çapdan əvvəl bəzi hissələrini bizdə qonaq olan zaman necə həyacanla,sevgi ilə söylədiyini unuda bilmərəm. Böyük Azərbaycan sevdalısı idi Zəlimxan Yaqub. Bakı, Təbriz, Borçalı, Dərbənd, Göyçə, Vətənimizin hər bir yanına o qədər böyük sevgi daşıyırdı ki, qəlbində bəzən sözlər belə kifayət etmirdi o sevgini ifadə etməyə. Azərbaycan və Türk dünyası böyük bir şairini itirdi. Amma o hər zaman könüllərimizdə də, ədəbiyyatımızda da yaşayacaq. Sizi hər zaman gözəl xatirələrlə yad edəcəyik dəyərli Zəlimxan müəllim.
Qənirə Paşayeva, millət vəkili

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın