Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yumurta bahalaşdı, bazar qarışdı…

Yumurta bahalaşdı, bazar qarışdı…

Eyyub Hüseynov: “Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enməz”
İllərdir davam edən “yumurtanın qiyməti” problemi yenidən aktuallaşıb. Səbəb isə odur ki, paytaxt bazarlarında yumurta qısa müddət ərzində 47 faiz bahalaşıb. İndi ərzaq dükanlarında və iri marketlərdə fabrik yumurtasının 1 ədədi 13-14 qəpiyə satılır. Belə ki, əgər əvvəllər yumurtanın 10 ədədi 70-90 qəpiyə təklif edilirdisə, bu gün 1manat 30 qəpiyə təklif edilir. Yumurtanın əhalinin gündəlik ərzaq səbətində nə qədər mühüm yer tutduğunu və tələbatın nə dərəcədə yüksək olduğunu nəzərə alsaq, 4-5 qəpiklik artım düşündüyümüzdən daha ciddi bir problemdir.

Qiymət artımı rəsmi şəkildə təsdiqlənib. Rəsmi statistikaya görə, noyabr ayında yumurtanın 10 ədədinin ölkə üzrə orta qiyməti 1,38 manat olub. Bu, yanvar ayı (0,94 manat) ilə müqayisədə 46,8 faiz çoxdur. Kənd yumurtasına gəlincə, əvvəllər qiyməti 15-20 qəpik arasında dəyişirdisə, indi 20-30 qəpik arasında dəyişir.

Xatırladaq ki, 2011-ci ildə yumurtanın qiymətinin kəskin artması problemi yaşanarkən ölkə başçısı bu məsələ ilə bağlı çıxış edərək, süni qiymət artımının dayandırılmasını tələb etmişdi. Görünür, hazırkı situasiyada da ölkə başçısı səviyyəsində müdaxiləyə ehtiyac var.
Yumurtanın bahalaşmasının səbəblərinə gəlincə, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bunun obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəb kimi manatın devalvasiyasından sonra xaricdən alınan quş yemlərinin qiymətinin qalxması, quşçuluq firmalarında quşlara verilən dərmanların və onların böyüməsi üçün lazım olan preparatların qiymətinin artmasını göstərmək olar. Çünki dolların bahalaşması ilə əlaqədar adıçəkilən məhsulların ölkəyə gətirilməsi də bahalaşıb. Daxildə quş yemlərinin istehsalı kifayət qədər deyil. Baytarlıq ləvazimatları isə ümumiyyətlə istehsal edilmir, bütünlüklə xaricdən gətirilir. Subyektiv səbəb isə ölkəyə gətirilən mallara nəzarətin güclü olması və daxili bazarı qorumaq adı altında xaricdən gətirilə biləcək daha ucuz məhsullara nəzarətin həyata keçirilməsidir. Yaradılan bu monopoliya qiymətlərin də süni şəkildə dəstəklənməsinə səbəb olur. Əslində bunun çox asan yolları var. Türkiyədən Rusiyaya ixrac olunan məhsullara embarqo qoyulması fonunda həmin məhsulların, özəlliklə də yumurtanın Azərbaycana idxal edilməsi bazarda qiymətlərin hiss edilən dərəcədə yumşalmasına gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün sadəcə rəqabətli mühit yaradılmalı və oyun qaydaları şəffaf olmalıdır ki, həm daxili istehsalçılar, həm də ölkəyə mal gətirənlər fəaliyyət göstərə bilsinlər: “Bu rəqabətdən qazananlar da vətəndaşlar olacaq. Lakin bəzi dairələr, xüsusən də bazarlara nəzarət edən məmurlar bu rəqabətin yaradılmasında maraqlı deyillər” .

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi: “Belə bir həqiqət var ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enməz. Təsadüfi deyil ki, hələ 2011-ci ilin 16 yanvar tarixində Nazirlər Kabinetinin yığıncağından başlayaraq, ölkə prezidenti dəfələrlə qiymət artımının qarşısını almaq üçün iş aparılması ilə bağlı dövlət orqanlarına tapşırıqlar vermişdi. O zaman da yumurtanın qiymətinə toxunmuşdu. Səbəblərdən biri odur ki, marketlərdə böyük biabırçılıqlar var. Marketlər təkcə ticarətlə məşğul olmurlar, onlar mağazanın rəflərini icarəyə verirlər. Kim məhsulunu daha çox diqqət çəkən yerdə yerləşdirmək istəyirsə, o daha çox pul verməlidir. Elə yumurta satan şirkətlər də məhsullarını sata bilmək üçün piştaxtaları icarəyə götürür və pul ödəyirlər. Bu vəsait də məhsulun qiymətinin üzərinə oturur. Həmçinin marketlər məcbur edir ki, tələbatın nə qədər olmasından asılı olmayaraq piştaxta tam doldurulsun. Bu zaman da məhsulun bir hissəsi satılmadığından geri qaytarılır. Bundan daha çox çörək zavodları narahatdırlar. Bundan əlavə, hər satılan dövriyyədən market sahibləri pul alırlar. Yəni məhsulların üzərinə qiymət qoyub satmaqdan əlavə, hər 1000 manatlıq satışa görə 100 manat alırlar. Marketin illik icarə haqqı ödənildikdən sonra da əlavə vəsait, müştərilərə hədiyyələr verilməsi və sair tələb olunur. Bu vəsaitlər isə vergidən yayınan pullardır”.

QHT sədri qeyd etdi ki, bütün bu yığımlar sonradan toplanaraq, məhsulun üzərinə gəlir və istehlakçının cibindən çıxır: “Bu halların qarşısı alınmalı, marketlərin fəaliyyəti tənzimlənməli, süni qiymət artımının qarşısı alınmalıdır. Əgər dövlət bu tədbirləri görsə, qiymətlər 20-25 faiz aşağı düşər, istehlakçıların da hüquqları bu şəkildə pozulmaz. Bundan əlavə, ölkə başçısının da qeyd etdiyi kimi, karter sövdələşmələri var ki, iş adamları yığılıb birgə razılığa gələrək, məhsullarını yüksək qiymətə təklif edirlər. Bunun qarşısı alınmalıdır”.

Azərbaycanın əsas quşçuluq və broyler təsərrüfatlarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, son bir ayda quşçuluq müəssisələrində yumurta istehsalı 20-25 faiz artıb: “İstehsal ən yüksək həddinə çatıb. Tələbat da artıb. Burada mövsüm amili də az rol oynamır. Yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Belə bir şəraitdə kimlərinsə qıtlıq haqqında danışması yersizdir. Bu gün yumurtanın 10 ədədi marketlərə 1,10 manata verilir. Dükan isə öz növbəsində 20 qəpik qazana bilər. Daha yüksək qiymətə yumurta satanlara görə istehsalçı cavabdeh deyil” – deyən A.Vəliyev xatırladıb ki, haqsız rəqabətə və qiymətlərin süni artımına nəzarət edən dövlət qurumu var və o, qanuni yollarla satıcıları intizama dəvət etməlidir.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın