Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yeni Qarabağ təşəbbüsləri – Rusiya problemin həllini istəyirmi? – ŞƏRH

Yeni Qarabağ təşəbbüsləri – Rusiya problemin həllini istəyirmi? – ŞƏRH

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında İsveçrənin Davos şəhərində daha bir qeyri-formal görüşün keçirilməsi işğalçı ölkədə Paşinyana hücumların artmasına səbəb olub. Gözlənildiyi kimi, bu hücumlar ən çox “məxməri inqilab” nəticəsində hakimiyyətdən devrilmiş radikal qüvvələrin, “müharibə partiyası” və Qarabağa klanı təmsilçilərindən gəlir.

Belə görünür ki, onlar bununla təzə baş naziri ölkə daxilində nüfuzdan salıb, onun hökumətinin daxili dayaqlarını zəiflətmək və bu fonda revanş götürmək ümidi ilə yaşayırlar. İddiaların bir motivi də Davosda Əliyev-Paşinyan görüşünün saat yarım çəkməsi ilə bağlıdır. Yəni sual edilir ki, əgər bu, adi görüşdüsə, tərəflər saat yarım ərzində nədən danışıblar?

Əslində isə iki tərəf arasında ilk növbədə etimad mühitinin yaradılması və konfliktin dinc yolla həllini irəli aparmaq yönündə ən yüksək səviyyədə səylər davam etdirilir. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, Davos görüşü Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Sitat: “Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu ilin 16 yanvar tarixində Parisdə, 2018-ci ilin 3 dekabr tarixində isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Tam formatda dövlət başçıları səviyyəsində görüş bir qayda olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur”.

*****

Ancaq deyəsən, İlham Əliyev və Nikol Paşinyan arasında artan birbaşa təmaslar Rusiyadakı müəyyən çevrələri də narahat etməyə başlayıb. Onlar Ermənistan daxilində siyasi qarşıdurmanın kəskinləşməsi və beləliklə, bu fonda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması perspektivinin əlçatmaz olmasına çalışırlar. Məsələn, iki gün öncə rusiyalı politoloq, ermənipərəst mövqeyi ilə tanınan Stanislav Tarasov iddia edib ki, iyun ayında işğal altındakı bir neçə rayon Azərbaycana qaytarılacaq.

Onun bu fikirləri həm Ermənistanda, həm də elə Azərbaycanda birmənalı qarşılanmayıb. Əlbəttə ki, nə vaxtsa Ermənistan onsuz da zəbt elədiyi ərazilərdən çıxmalı olacaq. Bu proses 2019-cu ildə də başlaya bilər. Ancaq bunun konkret tarixi hələlik bəlli deyil. Ən azından ona görə ki, İlham Əliyevlə Nikol Paşinyan arasında tam formatda görüş hələ olmayıb. Rusiya tərəfindən də Dağlıq Qarabağ ixtilafının həllində dönüş yaratmaq üçün hansısa hərəkətlilik görünmür.

Bu xüsusda politoloq Elxan Şahinoğlu güman edir ki, Tarasovun “rayonlar boşaldılacaq” fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır. Onun sözlərinə görə, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Nikol Paşinyandan xoşu gəlmir.

“Rusiyalı politoloq Stanislav Tarasovun ”Nikol Paşinyan iyun ayında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad edəcək” fikri təsadüfü deyil. Tarasov Gəncədə doğulmasına rəğmən, qatı ermənipərəstdir, Moskvada ermənipərəst “Reqnum” agentliyinin baş analitikidir. O, Azərbaycan və azərbaycanlılar əleyhinə tonlarla yazı yazıb, ömrü boyu erməni separatçılarına xidmət edib”, – deyə ekspert qeyd edib.

Politoloq onu da vurğulayıb ki, Stanislav Tarasov Qarabağ klanının “vuran əli”dir: “Ona görə də Tarasov ”rayonlar boşaldılacaq” dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəiflətmək, onu “təslimçi” kimi qələmə verərək Qarabağ klanının hücuma keçməsinə şərait yaratmaq niyyəti güdür. Yəni o, dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də demir”.

*****

Beləliklə, Azərbaycan və Ermənistan arasında ölkə rəhbərləri və XİN başçıları arasında Qarabağla bağlı artan təmaslardan spekulyativ istifadə cəhdləri də ortadadır. Təbii ki, çox şey öz xalqı ilə açıq danışmağa üstünlük verən Nikol Paşinyandan asılı olacaq. O, artıq Davos görüşü ilə bağlı ermənilərə izahat verib. Lakin Ermənistanın yeni, sələflərindən fərqli olaraq əli günahsız azərbaycanlıların qanına batmamış lideri anlamamış deyil ki, Qarabağ münaqişəsi həll olunmadan, yaxud konfliktin həllində dönüş üçün Azərbaycanla mühüm anlaşma əldə edilmədən, Türkiyə və Azərbaycanla sərhədlər açılmadan daxildə onun heç bir iqtisadi-siyasi islahatı, Rusiyadan vassal asılılığını aradan qaldırmaq yönündə səyləri baş tutası deyil.

Azərbaycan və Türkiyə ilə anlaşmanı isə məhz Paşinyan təmin edə bilər. Bundan ötrü onun öz xalqından güclü mandatı var. Erməniləri bu anlaşmanın vacibliyinə məhz o inandıra və öz xalqını sülhə də o hazırlaya bilər. Əks halda, onun iqtidarının ömrü uzun çəkə bilməz. Çünki narazı əhalidə haqlı sual yaranacaq ki, əgər hələ də erməni ailələrinə tabutlar bəxş edən Qarabağ, dolanışıq və iqtisadi güzəran problemləri həllini tapmayacaqdısa, onda xalq inqilab edib hakimiyyəti niyə dəyişirdi?

Davos görüşündən dolayı daha bir sual Rusiya ilə bağlıdır. Bu ondan ibarətdir ki, Paşinyandan xoşlanmayan rəsmi Moskva, konkret olaraq, prezident Vladimir Putin Dağlıq Qarabağ məsələsində gerçəkdənmi tezliklı irəliləyiş olmasını arzu edir, yoxsa Qarabağ məsələsindən istifadə edib Paşinyanı başqası ilə əvəzləmək planı var? Ümumiyyətlə, Bakı və İrəvan arasında Moskvanın vasitəçiliyi olmadan baş tutan son yüksək səviyyəli təmaslar Kremli narahat eləmir ki, nəhayət, yeni Qarabağ təşəbbüsləri Rusiyanın ürəyincədimi?

Bu kimi sualların hamısına yəqin ki, önümüzdəki bir neçə ayda aydınlıq gətiriləcək. (Musavat.com)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …