Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yeni ildə əfv olacağı dəqiqləşib

Yeni ildə əfv olacağı dəqiqləşib

Azay Quliyev: “Bütün işlər başa çatandan sonra…”; Yeni ildə əfv sərəncamı imzalanacağına dair məlumatlar artıq təsdiqini tapır

Heç şübhəsiz ki, bu cür sərəncamlarda cəmiyyətin diqqətində olan siyasi məhbuslardan əfv yazanlar daha çox azadlığa buraxılır. Hazırda həbsxanalarda əfv yazmalarına baxmayaraq, cəza çəkən siyasi məhbuslar kifayət qədərdir. Bu sıraya NİDA-çı gəncləri (Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Ömər Məmmədov, Əbdül Əbilov), “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlini, hüquq müdafiəçisi Rəsul Cəfərov və başqalarını əlavə edə bilərik.
Əfv yazmayan, amma cəzalarının 1/3-ni çəkən siyasi məhbuslardan da Yeni ildə azad olunacaqları ehtimal edilənlər az deyillər. Bu sıraya Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli daxildir.
Ümumiyyətlə, üzümüzə gələn əfvin əvvəlkilərdən ciddi şəkildə fərqlənəcəyi, daha çox məhbusa şamil olunacağı deyilir.
Əfv Komissiyasının üzvü, deputat Azay Quliyevin son olaraq, əfvlə bağlı açıqlaması əfv sərəncamına olan inamı daha da artırıb. “Əfv Komissiyası bütün müraciətləri araşdırır. Komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkildə araşdırsın və bundan sonra müvafiq qaydada cənab prezidentə tövsiyə xarakterli bir təklif təqdim etsin. Bütün işlər başa çatandan sonra son söz cənab prezidentin olacaq” – deyə komissiya üzvü bildirib.
Qeyd edək ki, hər bayram öncəsi həbsxanalarda əfv yazmayan siyasi məhbusların demək olar ki, hamısına əfv ərizəsi yazmaq üçün təkliflər edilir.
Məhbus ailələrinin bu məsələ ilə bağlı mövqelərini aldıq.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atasına bununla bağlı müraciətin olmadığını söylədi: “Atamla keçən həftə görüşdüm. Bu vaxta kimi ona əfv yazması üçün hər hansı bir müraciət və təzyiq olmayıb”.
REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova da bu cür təklifin olmadığnı bildirdi: “Hələ ki belə bir hal yoxdur. Amma bir neçə ay bundan əvvəl olmuşdu. Onun əfv yazmasına çalışmışdılar. Amma nail ola bilməmişdilər. İndi güman etmirəm ki, bir daha bu cür təzyiq olsun”.
Müsavatçı gənclər Fərəc və Sirac Kərimli qardaşlarının atası Raqif Kərimli övladlarının belə hallarla rastlaşmadıqlarını qeyd etdi: “Vaxtaşırı görüşürük, telefonla danışırıq. Belə təkliflərin olduğunu deməyiblər. Əgər olsaydı, mənə  deyərdilər. Ümumiyyətlə, heç bir məhbusa hələ ki, belə bir təklif olunmayıb”.
Sonda xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki məşhur siyasilərdən “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəməsi keçiriləcək. Proses artıq sona yaxınlaşır. Bugünkü məhkəmədə prokurorun vicdan məhbusuna iş istəyəcəyi, müdafiə tərəfinin çıxış edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın