Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Yeni Azərbaycan” qəzeti Mübariz Mənsimovu niyə tirajlayır? — Bir müsahibənin qaranlıq tərəfləri…

“Yeni Azərbaycan” qəzeti Mübariz Mənsimovu niyə tirajlayır? — Bir müsahibənin qaranlıq tərəfləri…

Azərbaycan dövlətinə külli miqdarda borcu olan iş adamı Mübariz Mənsimovun məlum müsahibəsindən sonra Azərbaycan cəmiyyətində ciddi mübahisələr yarandı. Onu tənqid edənlər də var, müdafiə edənlər də. Hətta bu iki qrup arasında söz savaşının yaşandığı da aydın görünür. Sosial şəbəkələrdə gedən mübahisələrdə Mübariz Mənsimovu müdafiə edən profillərin əksəriyyətinin feyk olması da ayrı bir həqiqətdir. Ancaq Mübariz Mənsimovun müsahibəsindən çox, müsahibəni hansı media orqanına verməsi bu məsələdə əsas diqqətçəkən məqam oldu.

Müsahibəni “Yeni Azərbaycan” qəzeti alıb. Bu qəzet hakim yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır və əsas işi partiyanın ideologiyasının təbliğatı olmalıdır. Qəzetin səhifələrində partiyanın lideri, Prezident İlham Əliyevin təbliğatı aparılırsa, bəs mübariz Mübariz Mənsimovun təbliğatı niyə aparılmalıdır?! 

Mübariz Mənsimovun hakim partiyanın rəsmi media orqanına müsahibə verməkdə məqsədinin özünü təmizə çıxarmaq olduğu bəllidir. Lakin müsahibəni oxuduqda ortaya bir neçə həqiqət çıxır.

Hər şeydın əvvəl Mübariz Mənsimov iş adamı, biznesmendən daha çox, “mafiya lideri” kimi danışır. Təsəvvür edin YAP-ın rəsmi orqanında bu şəxs deyir ki, “Lotu Quli” ilə telefon söhbətində kimlərinsə ünvanına ən pis söyüşləri söydüm və sair…

Bununla yanaşı, Mübariz Mənsimovun müsahibəsinin başdan ayağa şişirdilmiş fikirlərdən ibarət olduğu aydın görünür. Bu adam iddia edir ki, hərbi xidməti Əfqanıstanda keçib, lakin jurnalist Eynulla Fətullayev onun yalanını ifşa etdi. Belə ki, 1987-89-cu illərdə hərbi xidmətdə olan Mübariz Mənsimovun hərbi vəzifəsi Qoşun Qidasının aşbazı olub. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür. Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində təxris olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib.

Bəs Mübariz Mənsimov niyə yalan danışır?

Aydındır ki, bu şəxsin əsas niyyəti özünü təmizə çıxarmaqdır və bu məqsədlə hər cür yalana əl atır. Lakin bu məsələdə yenə də əsas məqam “Yeni Azərbaycan” qəzetinin bu şəxsə niyə tribuna verməsi, onun yalanlarını, uydurmalarını, qeyri-etik söhbətlərini tirajlamasıdır. 

Mübariz Mənsimov siyasətçi deyil, ictimai xadim deyil, incəsənət, yaxud ədəbiyyat nümayəndəsi də deyil. Nə üçün hakim partiyanın rəsmi orqanı onun təbliğatını aparmalıdır?!

Mübariz Mənsimovun biznesinin də qaranlıq olduğu barədə kifayət qədər məlumatlar, iddialar var. Hətta, ABŞ-da erməni diasporunun fəal üzvü, Qarabağın işğalının legitimləşdirilməsi istiqamətində çalışan Levon Termenjyanla ortaqlığı da bəllidir. Mübariz Mənsimov indi heçnə olmamış kimi özünü təmizə çıxarmağa çalışır və elə danışır ki, sanki bütün azərbaycanlıların problemini bu həll edir.

Türkiyədə Mübariz Mənsimovun qapısını kömək üçün döyən soydaşlarımızın da üzləşdiyi pis münasibətlər haqda da kifayət qədər məlumatlar var. Lakin nədənsə Mübariz Mənsimovdan “qəhrəman” yaratmaq istəyən mediada bunlar haqda bir kəlmə belə məlumat yayılmır, əksinə onun hansısa yardımı şişirdilərək, günlərlə təbliğ olunur. Artıq bunun kampaniya xarakteri daşıdığı heç kəsə sirr deyil.

Çox təəssüf ki, belə cılız təbliğat kampaniyalarına Yeni Azərbaycan Partiyasının qoşulması da artıq media üçün mənfi presedentlər yaradır və belə görünür ki, əlində bir qədər imkanı olan istənilən şəxs hakim partiyanın rəsmi mətbuat orqanına müsahibə verə, həm də istədiyi jarqonla danışa, istədiyi iddiaları irəli sürə və istədiyi uydurmalarla çıxış edə bilər.

Və heç zaman unutmamalıyıq ki, “Yeni Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının və Prezident İlham Əliyevin apardığı ardıcıl və uğurlu siyasətin təbliğatçısıdır, daha Mübariz Mənsimov kimi işbazşların deyil!

Vaqif Hüseynli
Demokrat.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …