Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Yaxın zamanda Qarabağda gərginliyə şahid ola bilərik”

“Yaxın zamanda Qarabağda gərginliyə şahid ola bilərik”

Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk telekanalına müsahibə verib və postmünaqişə dövründə yaranan gözləntilərdən danışıb.

Prezidentin çıxışını şərh edən “Valday” klubunun eksperti Fərhad Məmmədov Sputnik.az-a bildirib ki, dövlət başçısı Rusiya tərəfinin diqqətinə çatdırıb ki, Bakı Ermənistanın silahlanması prosesini diqqətlə izləyir. Münaqişə bitdiyindən otuz il ərzində başqa dövlətin ərazisini işğalda saxlayan bir dövləti yenidən silahlandırmağın mənası yoxdur. Bölgənin bu cür militarizasiyası nəticədə yeni müharibəyə səbəb ola bilər. Siyasətçi hesab edir ki, bi mesaj Rusiyanın hərbi-siyasi rəhbərliyinə yönəldilib.

O hesab edir ki, Ermənistana otuz il ərzində milyardlarla dollar qiyməti olan silahların ötürülməsinə baxmayaraq, bunun heç bir praktiki nəticəsi olmadı: bu ölkə İkinci Qarabağ savaşında uduzdu.

Ekspert deyir ki, yəni prezident bir tərəfdən Yerevana hərbi dəstəyin perspektivsiz olduğunu göstərdi, digər tərəfdən də eyham vurdu ki, Ermənistanın militarizasiyası uzunmüddətli sülhə gətirib çıxarmayacaq.

Azərbaycanın hazırda Rusiyadan üçtərəfli bəyanatların bütün müddəalarının yerinə yetirilməsini gözlədiyini deməklə Əliyev xatırladıb ki, bu sənəd üzrə Moskvanın da öhdəlikləri var. Xüsusilə, Məmmədovun fikrincə, Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlı kontingent təhlükəsizliyin təmin olunması funksiyasını icra etməli, eləcə də erməni silahlı birləşmələrinin qalıqlarını Qarabağdan çıxarmalıdır.

Əliyevin Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyana xəbərdarlığını xatırladan siyasətçi qeyd edib ki, Ermənistanda müharibədən sonra yaranan geosiyasi reallıqlara ayıq başla baxmalıdırlar. Ermənistanda yeni müharibə və yeni ərazilərdən dəm vuran David Tonoyan kimi bir nazir artıq var idi. Məmmədov deyir ki, nəticədə məhz onun vəzifədə oluğu vaxt Ermənistan Azərbaycana biabırçı şəkildə məğlub oldu.

Əgər indiki müdafiə naziri də döyüşkən ritorikanı seçirsə, o zaman nəticələrini də gözə almalıdır. Ekspert təəssüf edir ki, bu nəticələrin zərbəsi nazirin özünə deyil, əsgərlərə dəyəcək.

“Təcrübə göstərir ki, Ermənistanda müharibədə məğlubiyyətə, işlərin axsamasına və s. görə heç kim məsuliyyət daşımır. Əvəzində sadə vətəndaşlar o məmurların bacarıqsız idarəetməsinin nəticələrindən hədsiz əziyyət çəkirlər”, – Sputnik Azərbaycan-ın həmsöhbəti deyir.

“Əgər Ermənistan rəhbərliyi konstruktiv addımlar atmasa, yaxın zamanlarda həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda gərginliyin artmasının şahidi olacağıq, Azərbaycan tərəfinin fəaliyyəti isə Yerevan üçün qarşısıalınmaz olacaq”, – Məmmədov yekunlaşdırıb.

Təhlükəsizlik məsələləri üzrə rusilyalı ekspert Yevgeni Mixaylov isə öz növbəsində əmindir ki, Əliyev bu cür sərt bəyanatları havayı yerə səsləndirmir.

Onun sözlərinə görə, Bakı erməni tərəfinin vəziyyətdən, Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsindən sui-istifadə edərək, onların arxasında gizlənərək bu nöqtəyə yeni qüvvələr toplamasından hədsiz narazıdır. Eləcə də erməni tərəfi müxtəlif təxribatlar törədir, Azərbaycanın mövqelərinə zərbələr endirir, sonra isə hər şeydə Bakını günahlandırır.

“Mən Bakı ilə Moskvanın əlaqələrini kifayət qədər konstruktiv hesab edirəm və erməni tərəfi nə qədər istəməsə də, hesab edirəm ki, Əliyevin ifadələrini Rusiyanın ünvanına sərt ittiham kimi qitmətləndirmək lazım deyil. Əksinə, o, Moskvanı regionda tezliklə sülh və sabitlik əldə etmək üçün səyləri koordinasiya etməyə səsləyir”, – deyən ekspert Əliyevin: “Bakı Moskvanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda sülhün təmin olunmasında səylərini davam etdirəcəyinə ümid edir” sözlərini sitat gətirib.

Onun qənaətinə görə, Moskva da Bakı kimi Qarabağ üzrə üçtərəfli bəyanatların reallaşdırılmasında maraqlıdır və Qarabağda vəziyyətin yenidən gərginləşməsini dəqiq istəmir.

Bu gün Qarabağda vəziyyət əvvəl olduğundan heç də asan deyil. Ermənistan öz oyunlarını oynamağa, bölgəyə Fransa və ABŞ-ı cəlb etməyə və bununla da Rusiyaya pəl vurmağa çalışır, ekspert deyir.

“Hesab edirəm ki, Bakı ilə Moskva razılığa gələcəklər. İstənilən halda hesab etmirəm ki, Rusiya yeni müharibənin başlanmasına sövq edən hansısa addımlar atsın”, – Mixaylov bildirir.

“Rusiyanın Ermənistanı silahlandırmasına dair Bakının narahatlığına gəlincə, burada anlamaq lazımdır ki, Rusiya tərəfi Yerevana hansısa supermüasir silah verməyəcək. Heç yaxşı hücum silahı da göndərməyəcək. Bölgə yenidən müharibə astanasında dayanarkən Rusiya vəziyyəti qəlizləşdirməyəcək”, – ekspert vurğulayıb.

“Yerevan hazırda odla oynayır. Bunu Moskvada da, Bakıda da anlayırlar. Mən də hesab edirəm ki, bütün bunlara baxmayaraq, Rusiya ilə Azərbaycan vəziyyətin böhran həddinə çatmasına imkan verməzlər”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …