Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasına düşdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə xilas ola bilmişdilər.
Vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın.
Yaxın Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı…
Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Yaxın Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar.
Bu gün Amerika Yaxın Şərqdə qarşısına qoyduğu məsələlərin heç birini uğurla yerinə yetirə bilmir. Bu məsələlər hansılardır:
1. Lazım gələrsə hərbi gücdən istifadə etməklə belə, Amerikanın marağını müdafiə edib saxlamaq.
2. Yaxın Şərqdə İsrailin təhlükəsizliyini təmin etmək.
3. Çin və Rusiyanın artan nüfuzunun qarşısını almaq və bu ölkələri maksimum zəiflətmək.
İsrailin təhlükəsizliyini təmin etmək məsələsinə gəlincə. Birləşmiş Ştatlar 1948-ci ildən, İsrailin yarandığı gündən bu missiyanı öz üzərinə götürüb. Son dövrlərdə isə Trampın prezident seçilməsi ilə daha da fəallaşan yəhudi lobbisinin təzyiqi altında İsrailin təhlükəsizliyi prioritet məsələyə çevrilib. Həm yəhudi lobbisi, həm də İsrail dövləti Donald Tramp qədər onlara yaxın olan ikinci dövlət başçısına rast gəlməyəcəklərini başa düşür və əllərinə düşmüş bu imkandan maksimum faydalanmağa çalışırlar. Bu cəhdlərin nəticəsi də Qüdsün İsrailin paytaxt edilməsi kim divident formasında onlara geri qayıdır. İsrailin təhlükəsizliyi son dövrlər ABŞ-ı o qədər narahat edir ki, hətta zaman-zaman Amerika öz maraqlarını belə İsrailin təhlükəsizliyinə qurban verməkdən çəkinmir. Qüdsün İsrailin paytaxtı elan olunması məsələsi məhz belə addımlardandır. Trampın bu qərarı, bildiyimiz kimi Amerikanın Yaxın Şərqdəki imicinə ölümcül zərbə vurdu. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi Amerikanın region üzrə ənənəvi müttəfiqləri belə bu zərbənin təsirindən nokauta düşdülər. Onlar hələ də Amerika ilə münasibətdə özlərini müdafiə etmək üçün bəhanələr axtarışındadırlar.
Çin və Rusiyanın dünyada, o cümlədən Yaxın Şərqdə artan nüfuzunun qarşısının alınmasında Vaşinqtonun gördüyü tədbirlərin nəticə verməsi haqqında isə ümumiyyətlə söhbət açmağın yeri yoxdur. Amerikada prezidentlər bir-birini əvəz etdikcə Çinə olan hiddət və nifrət artır. Çini qlobal konfliktlərin həll olunmasına cəlb etmək, bu və ya digər dövlətlərin üzərinə salmaq cəhdi isə hələ də nəticə vermir. Yaxın Şərqdə ABŞ öz mövqelərini Rusiyanın ixtiyarına buraxmaqda davam edir. Trampın az qala bütün çıxışlarında, “biz Yaxın Şərqdə 6-7 trilyon dollar itirmişik” – deyə fəryad etməsi Rusiya və Çin tərəfindən qulaqardına vurulur. ABŞ-ın xərclədiyi trilyonlar Çinin iqtisadi ekspansiyasını daha da gücləndirir.
Əlimusa İbrahimov, politoloq