Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yaxın Şərqdə İŞİD uduzdu, Rusiya gedir, ABŞ qalır – ŞƏRH

Yaxın Şərqdə İŞİD uduzdu, Rusiya gedir, ABŞ qalır – ŞƏRH

Qüds min ilə yaxındır təkcə ziddiyyətlərin yarandığı və maraqların toqquşduğu düyün nöqtəsi deyil, həm də dünyada mövqeləri, gücləri aşkara çıxarır. Bu rolu ilə də dünya siyasətinin, beynəlxalq münasibətlərin lakmusu, təyinedicisi funksiyasını yerinə yetirir. Ötən gün Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqin iki ölkəsinə və Türkiyəyə səfəri, İsrailin baş naziri Binyamin Netanyahunun isə Avropa İttifaqı rəsmiləri görüşü bunu bir daha təsdiqləyir.

Bu yazımızda da Rusiyanın Suriyaya yeritdiyi əlavə qüvvələri çıxarması, Vladimir Putinin Suriya, Misir və Türkiyəyə səfərlərini, hərbi xərclərini, ABŞ-ın Yaxın Şərq siyasətini, bölgə üzrə hərbi xərclərini və bu kimi məsələləri nəzərdən keçirib münasibət bildirməyə çalışacağıq.

Beləliklə, dekabrın 11-də Vladimir Putin elan olunmadan Suriyaya səfər edib və bu ölkənin Xmeymim bazasında yerləşən Rusiya hərbi bazasına baş çəkib. Onu hərbi bazada Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi, general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşşar Əsəd qarşılayıb. Vladimir Putin Suriyada hərbçilərlə görüşündə Rusiyanın hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarmağa başlamalarını əmr etdiyini bildirib. Təbii ki, Rusiyanın bu addımının bir neçə səbəbi ola bilər. Heç şübhəsiz, bu, ilk növbədə maliyyə xərcləri ilə bağlıdır. Çünki Rusiyanın Suriyada əlavə qoşununu uzun müddətə saxlaya bilməyəcəyi əvvəllər də deyilirdi. Əgər buna cəhd göstərsə, sovetlərin vəziyyətinə düşə bilərdi. Çünki keçmiş SSRİ də ABŞ-ın sanksiyası altında olduğu bir zamanda Əfqanıstana ordu yeritdi və on ildən sonra da bunun acı nəticəsini çəkdi.

Rusiya prezidenti Vladimir Putin

Bəs Suriyadakı əməliyyatlar Rusiyaya neçəyə başa gəlir? Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hərbi əməliyyatların ilk 6 ayında 559 milyon, 58 min 824 dollar, yaxud 33 milyard rubl xərcləyiblər. Bu isə gündə təxminən 2 milyon 642 min 824 dollar, yaxud 156 milyon rubl deməkdir. Bu ilin iyulunadək Rusiyanın Suriyada xərcləri 1 milyard, 694 milyon 118 dollar olub. RBK-nın hesablamasına görə, Rusiyanın Lazkiyədəki hərbi bazasında 50-dən çox döyüş təyyarəsi və helikopter var. Bundan başqa, daha 58 döyüş maşını da sözügedən hərbi bazaya aiddir.

Ümumiyyətlə, Suriyada hər biri 200 nəfərdən ibarət iki rus texniki dəstək batalyonu xidmət göstərir. Xmeymim və Tartusdakı bazaları hər biri 812 və 600 nəfərdən ibarət dəniz qüvvələri qoruyur. Xəzərdən atılan 26 “Kalibr” raketinin birinin dəyəri isə 184 milyon dollardır. Onun bir atışı isə 800 milyon dollara başa gəlir. Bu hesabla da ruslar orta hesabla günə 4 milyon dollar, 25 günə isə 100 milyon dollar xərcləyirlər. Suriyada havaya buraxılan 71 raket Rusiyaya 58 milyon 447 min 59 dollardan 106 milyon 390 min 588 dollaradək başa gəldiyi qiymətləndirilir. Rusiyanın Suriyada saxladığı şəxsi heyətin 3 min nəfərədək olduğu ehtimal edilir. Rusiya bu il iyulun 18-dək onların yeməyinə 63 milyon 529 min 412 dollar, yaxud gündəlik bir hərbçisinə 12 dollara yaxın (700 rubl) pul xərcləyir. Yeri gəlmişkən, 2017-ci ildə Rusiyanın dövlət büdcəsində hərbi xərclərə təxminən 45,7 milyard dollar ayrılıb. 2018-ci il üçün isə bu rəqəm 46 milyard 764 milyon 117 min 60 dollar (2,77 trilyon rubl) olacaq. ABŞ-ın Müdafiə Nazirliyi isə İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün təkcə terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan “YPG”yə 500 milyon dollarlıq silah, sursat, hərbi texnika və avtomobil verəcək. Pentaqon 2017-ci ildə bu məqsədlə 430 milyon dollar vəsait ayırmışdı. ABŞ hərbi təlimçilərinin hazırladığı “YPG” silahlılarının hər birinə Pentaqon 200-400 dollar məbləğində maaş verəcək.

Nazirliyin məlumatına görə, hazırda bölgədə ABŞ-ın 25 min silahlısı var. Bura Pentaqon hərbçiləri, ABŞ-ın dəstək verdiyi silahlılar və s. daxildir. 2018-ci ildə onların sayının daha 5 min nəfər artırılması nəzərdə tutulub. Ümumiyyətlə, gələn il ABŞ Müdafiə Nazirliyinin büdcəsi ötənilki ilə müqayisədə 74 milyard dollar artaraq 692,1 milyard dollar təşkil edəcək. Ona görə də Rusiya maliyyə səbəbindən Suriyaya yeritdiyi əlavə qoşunu çıxarır. Heç şübhəsiz, bunun həm də təbliğatı yükü var. Rusiya da İraq və Suriyada xərclədiklərini geri qaytarmaq istəyər. Odur ki, İraq və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti ilə silah və neft satışına dair müqavilələri də əldə etmək niyətindədir. Başqa sözlə, Kreml Suriya və İraqda hazırlaşdırdıqlarına bundan sonra silah sata bilər.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Rusiya Prezidenti Vladimir Putinin Misirə səfəri, heç şübhəsiz, həm də hərbi əməkdaşlıq xarakteri daşıyır. Ölkənin Sinay yarımadasında İŞİD terrorçularının fəaliyyət göstərdiyi haqqında məlumatlar yayılır. Bu baxımdan Kreml öz yardımını rəsmi Qahirəyə təklif edə bilər. Çünki Vladimir Putin Misirə İraq hökumətinin terrorçu İŞİD üzərində qələbə qazanıldığını elan etdiyi gününün səhəri gedib. Eyni zamanda Rusiya prezidenti terrorçular üzərində qələbə qazanan bir dövlətin başçısı kimi Misirdə görüşlər keçirib. Vladimir Putin bu üstünlüyü həm də Türkiyə ilə bölüşmək və gələcək fəaliyyəti tənzimləmək məqsədi ilə dekabrın 11-də Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında müzakirə etdikləri məsələlərdən danışıb. Liderlərin görüşü bir saat çəkib. Prezidentlər iki ölkə arasında ticarət dövriyyəsinin artımından, münasibətlərin sabit şəkildə inkişafından söz açıblar. Onlar ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasını tənqid ediblər və bildiriblər ki, bu qərar Fələstin-İsrail münaqişəsində sülh danışıqlarına mane olur. Bu görüşun dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçiriləcək zirvə toplantısından əvvəl keçirilməsinin də siyasi mesajı olmamış deyil. Çünki həmin tədbirdə ABŞ-ın Qüdslə bağlı məlum qərarı müzakirə olunacaq. Əslində, Rusiya Qüdsün qərb hissəsini İsrailin paytaxtı olaraq tanıyır. Bu baxımdan Moskva məsələyə münasibətini illər əvvəl bildirib.

Avropa İttifaqının da mövqeyi belədir. Dekabrın 11-də Binyamin Netanyahu Brüsseldə Aİ Komissiyasının sədri Jan Klod Yunkerlə görüşmək istəyib. Ancaq İttifaqın qərarının dəyişməyəcəyini bildikdən sonra bu görüşü ləğv edib. Onu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini qarşılayıb və Binyamin Netanyahu ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib: “Binyamin Netanyahu bunu başqa ölkələrdən gözləyə bilər. Avropa İttifaqı isə bu istiqamətdə heç bir addım atmayacaq”.

Aİ Komissiyasının sədri Jan Klod Yunker və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerin

Deməli, Qüdslə bağlı məsələyə münasibətdə artıq tərəflər müəyyənləşib. Avropa İttifaqı və Rusiya eyni mövqedən çıxış edir. Türkiyə və başqa müsəlman dövlətlərinin də buna oxşar mövqe sərgiləyəcəyi istisna edilmir. Heç şübhəsiz, Qüdsün bütövlükdə Fələstinin paytaxtı olduğunu və bu istiqamətdə mübarizə aparacaqlarını bəyan edənlər də az deyil. Odur ki, ABŞ ona qarşı tuşlanan beynləxalq təzyiqləri azaltmaq məqsədi ilə İsrailin Təl-Əviv şəhərindəki səfirliyini iki ildən sonra Qüdsə köçürəcəyini bəyan edib. Beləliklə, açıqlamalara inansaq, Suriya və İraqın əraziləri terrorçu İŞİD qruplaşmalarından təmizlənib. Əslində, bölgədə sakitlik hökm sürməli, qaçqınlar öz yurdlarına qaytarılmalı və quruculuq işlərinə başlanılmalı idi. Ancaq bu məsələ az hiss olunur. Görüşlər, tədbirlər, səfərlər, bəyanatlar və qərarlar Yaxın Şərqdəki növbəti hədəfləri ortaya çıxarır.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması, Suriya və İraqda terrorçulara qarşı mübarizə üçün əlavə xərc, qüvvə ayırması hələ uzun müddətə bölgədə lövbərini saldığını sübut edir. Qüdsün Fələstinə aid olmasını iddia edənlərdən biri də İrandir. Deməli, Vaşinqton bununla Tehranın hədəfinə qarşı çıxıb. Ağ evin bölgədə uzun müddətə qalması səbəblərindən biri və başlıcası, heç şübhəsiz, İrandakı hakimiyyətdir, onu da hələlik Ankara və Moskva dəstəkləyir. Ancaq perspektivdə dəyişikliklərin baş verəcəyi də istisna edilmir. Çünki 2018-ci ildə Rusiyada, 2019-cu ildə isə Türkiyədə prezident seçkiləri keçiriləcək. ABŞ isə səfirliyini iki ildən sonra Qüdsə köçürməyi planlaşdırır. Rusiyanın Suriyada bazası qalır, İran isə Suriya və İraqda qalacağını bəyan edib. ABŞ-ın onlarla eyni ölkədə qalması isə imkansızdır. Bu təzadlı vəziyyət isə uzun müddət davam edə bilməz. Çünki əvvəllər onların hamısı bir yerdə İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirdilər. İndi isə onları hansı ortaq mövqe birləşdirəcək?

Beləliklə, baş verən hadisələr fonunda belə qənaətə gəlmək olar ki, Suriya və İraqda İŞİD uduzsa da, yenə ABŞ uddu. Çünki Rusiya da daxil olmaqla digərləri daha çox xərclədilər. Bu xərclər isə ölkələrin iqtisadiyyatına indi etiraf edilməsə də, çox böyük ziyan vurub. Qüdslə bağlı qərar da ABŞ-ın qələbəsinin və başlıca güc olmasının göstəricisidir. Bu həm də Vaşinqtonun özünə sərf edəni həyata keçirmək gücündə olması mənasına gəlir və onun maraqlarına qarşı da, sadəcə, bəyanatlarla çıxılır. İndi beynəlxalq terrorçuluğa qarşı mübarizə aparmaq üçün İŞİD-in peyda olacağı yer ehtimal edilir. Növbə kimindir? İndi hansı dövlətin ərazisinə müdaxilə ediləcək? Hansı münaqişə ədalətsizcəsinə həll olunacaq? …Qüds düyünü hələ çox mətləblərin üstünün açılmasına yardım edəcək. İŞİD-lər gəldi-gedərdi, Qüds mövzusu isə dəyişmir. (Report)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …