Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yaşı gözündə donan qubalı qız – İlhamiyyə Rza Nurayın evindən yazır

Yaşı gözündə donan qubalı qız – İlhamiyyə Rza Nurayın evindən yazır

10 yaşlı qızcığazın fəryadı qulağımdan hələ də getməyib. Bu fəryadın arxasınca Qubaya gəlib çıxmışıq. Olay kifayət qədər ictimailəşdiyindən, təfərrüata varmıram, hər şeyi özünüz məşum videodan görmüsünüz. Məhz ictimailəşməsi səbəbindən, ümid var ki, hər şey ədalətli şəkildə həll olunacaq. Amma bu ictimailəşmənin xeyri varsa,  ziyanını da görməkdəyik və bu, narahatçılıq yaratmaya bilmir. 
Xeyirini qeyd etdim, ziyanı isə, uşağın adının, şəkillərinin mediada yayımlanması, lazımsız, naşı yanaşmaların ürək bulandırması, aləm qarışıb məzhəb itərkən günahsız adamların yarğılanması və uşağa bunun mümkün yan etkiləri.
Bu, bir müddət hələ davam edəcək. Amma narahatçılıq doğuran məqamlar içində ən təhlükəlisi uşağa vurulmuş travmadır, heç şübhəsiz ki, ilk növbədə buna əncam çəkmək və gələcək zərbələrdən qorumaq lazımdır bu qızcığazı.
Millət vəkili Qənirə xanımın yaratdığı imkan və təklifdən yararlanıb səhər saat 9-da komfortlu maşında Qubaya yola düşürük.
– Bilirsən, İlhamiyyə, hər şey yoluna düşəcək, bax, indi Ailə Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da yolda bizə qoşulacaq, məsələni yerində araşdıracaq və hər şey ədalətli və qanuna uyğun bir şəkildə yoluna düşəcək. Amma uşaq ciddi travma alıb. Əsas məqsədim bir az onun könlünü almaqdır. Hədiyyələr də almışam ona, görək üzünü güldürə biləcəyikmi?
– Qanun uşağın maraqlarını hər şeydən üstün tutmalıdır. Qoşulduğumuz beynəlxalq konvensiyalar da bunu deyir. Uşağın maraqları, rəyi əsasdır.
 
– Əlbəttə… – millət vəkili razılaşıb qayğılı bir üz ifadəsi ilə susur…
Yenidən sükutu pozuram:
 

– Görəsən, o videodakı uşağı müdafiə etməyə cəhd göstərən şəxs kimdir bəs? O olmasaydı, insanlığa inamım ölə bilərdi. Hər dəfə uşağı zorla xaladan ayırmaq istəyəndə, kişi nalə çəkirdi ki, bəs, uşağın bağrı yarıldı axı, yazıqdı, belə etməyin.
– Hə, yerində maraqlanarıq. Görək kimdir .
Yolda Aynur xanımın maşını da bizə qoşulur. Beləcə, Quba İcra Hakimiyyəti binasına yetişirik. İcra Hakimiyyəti başçısının iki müavini ilə qısa dialoqdan sonra Nuraygilə (ad şərti deyil, çünki artıq uşağın adı da, görüntüləri də kifayət qədər tirajlanıb) yollanırıq.
Çatırıq. Kifayət qədər mədəni təsiri bağışlayır ailə, sonradan öyrənirəm ki, xalalar müəllimədirlər, uşağın rəhmətlik anası da müəllimə imiş. Nuray xalasının əlini bir anlıq da buraxmır. Göz bəbəkləri sürəkli sağa sola hərəkətdədir, dodaqlarını çeynəyir. Ürküdülmüş dovşan kimi çırpınır ürəyi. Bunu Qənirə xanım uşağı qucaqlayanda dedi, millət vəkilinin tibbi təhsili özünü göstərir:
– Uşağın ürəyi çox sürətlə döyünür. Taxikardiyası var heç şübhəsiz.
Mənsə fikirləşirəm ki, tək taxikardiyası olsa şükür edək, başqa xəstəliklər olmasın barı…
Aynur xanım araşdırmalara başlayır, suallar verir, sənədləri incələyir, şəkil çəkməməyimizi xahiş edir:
– Biz işimizi görürük, şou yaratmırıq. Şəkillərə ehtiyac yoxdur.
Ürəyimdə alqışlasam da onun bu istəyini, sosial şəbəkədə məndən xəbər gözləyənlərə bəzi məqamları maddi sübut şəklində təqdim etmək kimi bir öhdəliyimin də olduğunu fikirləşirəm. Tamam, Aynur xanımın şəklini çəkməsəm də, Nuraydan və qəyyumlarından şəkil çəkməklə bağlı icazə istəyib, müsbət cavab alıram. Səfərdə bizi müşayiət edən Çingiz Bayramovla (Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri) keçirik uşağın otağına. Bayaqdan xalanın əlini buraxmayan uşağı da öz otağına dəvət edincə, yalnız xalası ilə keçməyə razılıq verir. Keçirik və yaxşı mənada heyrətlənirəm. Çəhrayı rəngdə süslənmiş bu uşaq otağında, Nurayın özünəməxsus bir aləmi ilə tanışlığımız başlayır. Pianino, üstündə çox sayda şəkillər, xoşbəxt uşaqlıq anları, gülümsəyən Nuray. Bəli, nəhayət, onun təbəssümünü görürük. Amma hələlik yalnız fotolarda. Bu balaca qızın rəsm çəkməkdən də xoşu gəlir və divara öz işlərini də yapışdırıb. Yerdəki xalçadan tutmuş otağın pərdəsinədək, pərdənin arxasından boylanan dibçək güllərinədək, hər şey uşağa qayğıdan xəbər verir. Xalça da, pərdə də, mebel də qız uşağına yaxın olan mövzulardır. Çəhrayı rəngli prenses şəkilləri hər tərəfdən bizə boylanır.
Nuraydan nəsə ifa etməsini istəsək də imtina edir. Biz də üstünə getmirik. Amma notlar və pianinonun açıq qapağı onun hər gün məşğul olduğundan xəbər verir. Uşağın iki albomu var, icazə alıb, baxırıq. 10 yaşlı uşağın həyatının bütün mərhələləri əks olunub. Bax burda balacadır, xalanın qucağında, ikisi də gülürlər. Burda isə doğum günü tortunun üstündəki şamı üfürür. Beləcə, bir neçə müxtəlif yaşa aid doğum günü şəkillərini izləyirik. Demək ki, onun hər doğum günü ailədə bir bayram imiş…
Bu zaman, Qənirə xanım da otağa gəlib Nuraydan nəsə ifa etməsini xahiş edir. Bayaqdan bizə imtina edən qızcığaz bu dəfə razılaşıb keçir piano arxasına, etüd ifa edir. Alət kökdən düşsə də şövqlə çalır.
Amma hələ də üzündə təbəssüm yoxdur. Nə qədər çalışsaq da könlünü aça bilmirik, deyəsən. Yenidən qonaq otağına qayıdırıq. Xaladan soruşuram:
– Uşaq atasından niyə belə qorxur axı? Səbəb nədir? 
– Nə deyim, biz ona heç vaxt atasını pis tanıtmamışıq. Sadəcə, üzünü görməyib. Görəndə də belə. Məhkəmə uşağı atasına verib. Komitə də öz rəyini verib ki, uşaq hazır deyil ata ilə yaşamağa, tədricən alışdırmaq lazımdır. Budur, baxın, bu sənəddə də var bunlar.
– Bəs atası ilə bu bir ildə ünsiyyəti niyə olmayıb?
– Vallah bizlik nə var, gedək ata axtaraq ki, hardadır, gəlsin? Gəlsə gələrdi də. Biz onun yanına gedəsi deyilik ha…
– Atası alimenti də verirmiş axı, deyəsən.
– Məhkəmə də onun aliment ödədiyini əsas götürüb qərar verəndə, amma biz 1 manat da görməmişik. Sənədlər var ki, ödəyib. Bu da surətləri, baxın. İşlədiyi yerdən baş həkimin və mühasibin arayışı. Biz də getdik həmin banka, maraqlandıq, dedilər bizdə heç hesab da açılmayıb. Hesab olsaydı sizə verilməsə də heç olmasa orda toplanardı.
– Bəs pensiya alırsınızmı, uşağın anasına görə? 
– Yox, heç bilmirik də, müraciət etməmişik. Amma qəyyumluğa görə 60 manat alırdıq.
– Yaxşı bəs ata, bu uşağa ki, illərdir maraq göstərməyib, belə çıxır ki, aliment də ödəməyib, o zaman neynir indi bu təkidlə uşağı, niyə birdən atalıq hissi oyanıb axı sizcə?
– Heç nə deyə bilmərik. Ortada əmlak söhbəti də yoxdur. Amma eşitmişik ki, qoca anası kənddə tək qalmasın deyə, istəyir Nurayı ora aparsın, anasına baxmaq üçün. Başqa əmlak mübahisəsi də yoxdur ortada, nə deyək vallah.
Bundan sonra söhbətə Aynur Sofiyeva qarışıb, uşağı sakitləşdirir ki, qızım, sən istədiyin kimi olacaq, daha böyük qızsan, sənin rəyini soruşacaqlar və sair və ilaxır.
Bu zaman, yoldakı söhbətimizin şahidi olmuş Çingiz bəy məni çağırır:
– İlhamiyyə xanım, yolda soruşurdunuz ki uşağa canı yanan o kişi kimdir? Bax, bu müəllimdir. Cəbrayıl Mirzəliyev. Ona yaxınlaşıb, çox söz demək istəyirəm, amma nədənsə, bir qədər susub, başqa söz tapmayıb, sadəcə, “çox sağ olun” deməkdən başqa bir şey gəlmir əlimdən. Amma bu “çox sağ ol”da o qədər mətləblər var ki…
Sonda görüşümüzün bədii hissəsi Qənirə xanımın hədiyyələri ilə tamamlanır. Kitablar, ardınca gələn nəsihətlər, digər hədiyyələr, uşağın bayaqdan gərgin üzündə bir təbəssüm yarada bilir.
Sağollaşıb ayrılırıq. 
Qayıdanbaş yol söhbətlərimizdə əvvəlki gərginlik yoxdur artıq. İnanırıq ki, Nurayın maraqlarına zidd heç nə baş verməyəcək. Bu vaxt Qənirə xanım, daha bir neçə ailəyə baş çəkməli olduğunu deyir. Bu günlərdə Tovuzda şəhid olmuş əsgərimizin ailəsinə baş çəkəcəkmiş, ordan da Qarabağ qazisinin evinə ziyarətə gedəcəkdi.
Fikirləşirəm ki, problemlərindən xəbər tutmadığımız hələ nə qədər insanlar var bu məmləkətdə, nə yazıq ki, onların dadına çatmaq tək adamın işi deyil. Və nə yazıq ki, belə millət vəkillərimiz azdır, çox az.
Bu paradoks, şair demiş, dərdin çox olması, həmdərdin az olması fikri yol boyu tərk etmir məni.
Eh… tək yolboyu olsaydı, nə vardı ki…








Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın