Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / YAP deputatlarından “balıq-balina” söhbətinə reaksiya

YAP deputatlarından “balıq-balina” söhbətinə reaksiya

Bəzi müxalifətçilərin korrupsiyaya görə həbsləri birmənalı surətdə dəstəkləmək əvəzinə “həbs olunanlar balıqlardı balinaları ovlamaq lazımdır” iddialarına hakim Yeni Azərbaycan Partiyasının deputatları sərt münasibət bildiriblər.

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, cəmiyyəti hansısa qeyri-müəyyən əlamətlərə görə müxtəlif qruplara bölüb sonra da onlara qeyri-etik adlar qoyaraq ötəkiləşdirmək əsla doğru  deyil: “Bu cür bölgü aparanlar ya siyasətçi deyil, ya da siyasi etikadan xəbərsizdirlər. Bu mənada radikal müxalifətin kimlərisə ”balıq”, kimlərisə “balina” adlandırması əslində onların siyasi leksikonunun hansı səviyyədə olmasının göstəricisidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə gəldikdə isə hər şeydən öncə Azərbaycanda hüquqi dövlət var və bu mübarizə də istisnasız olaraq hüquq çərçivəsində aparılır. Qanun qarşısında hamı bərabərdir. Hansısa nazirin, icra hakimiyyəti başçısının yaxud sıravi məmurun qanun pozuntusuna yol verməsinin hüquq qarşısında heç bir fərqi yoxdur. Kim qanunu hansı səviyyədə pozubsa, ona müvafiq olaraq da cəza alacaq. Çünki hər hüquq pozuntusunun özünə görə cəzası var. Kimin nə zaman və nə üçün həbs ediləcəyinə də yalnız hüquq qərar verə bilər. Ona görə də əgər hansısa naziri yaxud başqa bir məmuru törətdiyi əməllərə görə həbs etmək zərurəti yaranacaqsa, hər kəs əmin olsun ki, ölkəmizin hüquq sistemi əsla tərəddüd etmədən bunu həyata keçirəcək.

Hikmət Babaoğlu: Prezident İlham Əliyev Davosda dövlətimizin ...

Hikmət Babaoğlu: “Hansısa nazirin, icra başçısının, yaxud sıravi məmurun qanun pozuntusuna yol verməsinin hüquq qarşısında heç bir fərqi yoxdur”

Müxalifətinsə vəzifəsi bu prosesdə hüquqa və onun tələblərinin yerinə gətirilməsinə yardım etməkdən ibarət olmalıdır. Ancaq təəssüf ki, bəzi radikal qruplar, ya da qeyri-konstruktiv  müxaliflər digər bütün hallarda olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də öz yerlərini və rollarını düzgün müəyyənləşdirə bilmirlər. Ümumxalq mənafeyini təmin edən bu hadisəyə “balıq-balina” bölgüsü səviyyəsində qeyri-ciddi yanaşmaları isə əslində onların özlərinin qeyri-ciddi olmalarından xəbər verir”.

Deputatı sözlərinə görə, kimin necə yanaşmasından və korrupsiyaya qarşı aparılan mübarizəyə necə münasibət bildirməsindən asılı olmayaraq Azərbaycanda bu mübarizə aparılır və gələcəkdə də  qanun pozuntusuna yol vermiş istənilən ranqa aid olan məmura və yaxud başqa səlahiyyət sahibinə qarşı da aparılacaq.

Aydın Hüseynov: “Məcburi köçkünlər hər zaman dövlətin qayğısını ...

Aydın Hüseynov: “Əhali tərəfindən dəstəklənən və alqışlanan prosesi radikalların gözdən salmağa çalışması onların özünə əhali arasında qəzəb yaradır”

Deputat Aydın Hüseynova görə, müxalifətin radikal kəsiminin bəzi təmsilçilərinin ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan kəskin mübarizəni və bu mübarizə çərçivəsində həyata keçirilən həbsləri təqdir etmək əvəzinə, öz xislətlərinə uyğun şərh etmələri onların heç bir müsbət addımı görmək qabiliyyətlərinin olmamasından xəbər verir: “Əvvəllər ”ölkədə korrupsionerlər və rüşvətxorlar həbs olunmur” deyə əsassız yerə haray çəkən radikal müxalif qruplar indi də “korrupsiyaya görə həbs olunanlar balıqlardı, balinaları həbs olunmur” demoqoyiası ilə məşğuldurlar. Bu cür yanaşma radikal qrupların nə dərəcədə qərəzli olmasını göstərir. Rayonda ən yüksək vəzifə icra başçısı vəzifəsidir. Rayonda qanunsuz hərəkətlərə, rüşvətə görə icra başçısı həbs olunursa daha bundan yuxarı vəzifə sahibi yoxdur axı. Ağlına gələn mənasız fikirləri dilə gətirən müxalif qrup təmsilçiləri heç olmasa bunu nəzərə almaq imkanında deyillər. Yerlərdə əhali tərəfindən dəstəklənən və alqışlanan prosesi radikalların gözdən salmağa çalışması həmin qrupların özünə əhali arasında qəzəb yaradır. Ölkədə aparılan islahatlar və rüşvətxorluqla mübarizəni dəstəkləmək əvəzinə, qərəzli yanaşma ortaya qoymaq onların gerçək simasını bir daha ortaya qoyur”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …