Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Yalnız milli birliyimiz və sürətli islahatlar qələbəmizi daimi edəcək” – Ədalət Partiyası

“Yalnız milli birliyimiz və sürətli islahatlar qələbəmizi daimi edəcək” – Ədalət Partiyası

Ədalət Partiyası Zəfər Günü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
Noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurverici günlərindən birinin – ərazisində, təxminən, 30 illik erməni işğalının başa çatmasıyla yekunlaşan Zəfər Gününün ilk ildönümünü təntənəli şəkildə qeyd edəcək. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğalçılardan təmizlənməsi məqsədiylə 2020-ci ilin 27 sentyabrından başlatdığı Vətən Müharibəsi məhz bu tarixdə – ötən ilin 8 noyabrında Şuşa şəhərinin misilisiz şücaət və qəhrəmanlıq nümunələriylə düşməndən azad edilməsiylə yekunlaşmış və Ermənistan tərəfi hərbi məğlubiyyətiylə barışaraq, noyabrın 9-dan 10-na keçən gecə üzərinə öhdəliklər götürməklə atəşkəs sənədini imzalamağa məcbur qalmışdı. Məhz Qarabağın mənəvi paytaxtı, şahlıq tacı və uğur rəmzi sayılan Şuşanın azad edilməsiylə Ermənistanın son silahlı müqavimət ümidləri də məhv edilmiş, onun ölkəmizə qarşı uzunmüddətli işğalçı niyyət və hərbi planlarına sarsıdıcı zərbə vurulmuş, bölgədə böyük sülhün əldə edilməsinin təməlləri atılmışdır. Daha konkret desək, Şuşa zəfəri 30 illik qanlı bir savaşın sonu, regiona rifah və əmin-amanlıq vəd edən böyük sülhün başlanğıcı olmuşdur!

Ədalət Partiyası, ilk növbədə, bu möhtəşəm Gün və Hərbi Zəfər münasibətiylə 44 günlük şərəf imtahanından uğurla çıxmış Azərbaycan xalqını və onun fədakar övladlarını, bu hüdudsuz qələbə sevincini bizə yaşadan Azərbaycan Silahlı Qüvvələrinin cəsur əsgər və zabitlərini, hələ döyüşlərin qızğın gedişi ərəfəsində çox böyük risk və cəsarətlə bütün dünyaya “Şuşasız bizim işimiz yarımçıq qalar!” bəyanatını verən və hərbi əməliyyatlara da uğurla komandanlıq edən Ali Baş Komandan İlham Əliyevi səmimiyyətlə təbrik edir, eyni zamanda, xüsusilə də Vətənimizin azadlığı uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizi, sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini sonsuz minnətdarlıq və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin hər kəs tərəfindən əziz tutulmasının vacibliyini növbəti dəfə bəyan edir.Ədalət Partiyası bu əziz gündə uğurlarımızı təqdir etməklə yanaşı, onu da hakimiyyətin diqqətinə çatdırır ki, 44 günlük Vətən Müharibəsi həm ölkənin zəif, nöqsanlı yerlərini, əsas çatışmazlıqlarını aşkarlayıb ortaya çıxarıb, bütün istiqamətlər üzrə fundamental islahat proqramlarının tətbiqinin və dərinləşdirilməsinin qaçılmazlığı zərurətini yaradıb, həm də qarşıya həlli vacib yeni tələblər qoyub: indi bir tərəfdən, bu zəif və nöqsanlı yerlər aradan qaldırılmalı, dinc və sabitlik şəraitində geniş islahatlar həyta keçirilməli, xüsusən də dövlət aparatını içdən xərçəng şişitək sararaq ölkəni taqətdən salan və beynəlxalq imicinə çox böyük zərbə vuran korrupsiya ilə şiddətli mübarizə aparılmalı, o biri tərəfdən də işğaldan azad edilmiş ərazilərimizdə böyük tikinti-quruculuq işləri və sürətli məskunlaşma aparmalı, Vətən Müharibəsində qazandığımız hərbi zəfəri beynəlxalq müstəvidə diplomatik uğura və bölgədə qalıcı sülhə çevirməliyik.
Ədalət Partiyası hesab edir ki, hər iki istiqamət üzrə uğur hakimiyyətdən böyük zəhmət, peşəkarlıq və yüksək məsuliyyət tələb etdiyi kimi, müxalifətin də üzərinə məsuliyyət qoyur və bu səbəbdən qarşıdakı mərhələdə iqtidarla müxalifətin əməkdaşlığına, milli maraqlar ətrafında sıx birləşməsinə və ortaq qərarlar almasına çox böyük ehtiyac duyulacaq.
Hakimiyyətin Vətən Müharibəsindən əvvəl müxalifət partiyalarıyla başladığı dialoq prosesinin 44 günlük savaş müddətində özünü doğrultduğunu və kritik mərhələdə ölkə içərisində təfriqə salınmasına imkan vermədiyini vurğulayan Ədalət Partiyası hesab edir ki, bununla kifayətlənilməməli, dialoq prosesi inkişaf etdirilərək daha yeni mərhələyə keçilməli, strateji resurs kimi yanaşılan milli birliyin və ciddi siyasi islahatların sağlam bünövrəsinə çevrilməlidir.
Ədalət Partiyası bu qənaətdədir ki, yalnız həqiqi milli birliyə nail olmaq və birgə sürətli islahatlar həyata keçirməklə Vətənimiz Azərbaycanımızı ədalətlə idarə olunan rifah dövlətinə çevirə və 44 gün ərzində qazandığımız zəfərlərimizi daimi edə bilərik! Böyük Əmir Teymur demiş: “Məmləkətlər qılıncla alınar, ancaq yalnız ədalətlə mühafizə olunar”.
Xalqımızın Zəfər Günü mübarək, dövlətimizin zəfərləri isə daha çox və daimi olsun!

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …