Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Xüsusi xidmət orqanları bizi necə dinləyir…

Xüsusi xidmət orqanları bizi necə dinləyir…

Müasir texnikanın şok yenilikləri, ilginc izlənmə vasitələri barədə bilmədiklərimiz…
Bu günlərdə bütün ölkədə əsas müzakirə mövzusu milli təhlükəsizlik nazirinin işdən çıxarılması, MTN-də aparılan həbslər və bunun arxasındakı səbəblərdir. Hələlik ortada dolaşan versiyalardan biri isə gizli telefon dinlənilmələri, məxfi yazışmalara müdaxilə ilə bağlıdır. Bu, hər zaman ölkə insanının “qorxulu röya”sı olub. Sosial mənsubiyyəti, ictimai çəkisindən asılı olmayaraq, insanlarda daim dinlənilmə, izlənmə xofu olub.

Ona görə də sayı gün-gündən artan “izlənmənin qarşısını alan yeni proqramlar” internetə çıxır, insanlar onu telefonlarına yükləyir, özlərini sığortalamağa çalışırlar.

Mövzunun aktuallığını nəzərə alıb, “Yeni Müsavat” telefonları dinləmənin, izləmənin üsulları barədə maraqlanıb və ortaya yeni detallar, maraqlı məlumatlar çıxıb.
Məkanları belə dinləyirlər…

21-ci əsrin ən məşhur izləmə vasitələrindən biri məkan dinləmədir. İçərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə çalışa bilir. Çünki proqram telefonun söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməkdə davam edir.

Məhkəmə qərarı olmadan dinləmə həyata keçirilə bilməz…

İzləmənin ən “zərərsiz” növü heç şübhəsiz ki, mobil telefonların dinlənilməsidir. Bu barədə bir neçə dəfə yazdığımız üçün detalların üzərində dayanmayacağıq. Texnologiya aləmindən anlayışı olan hər kəs özü mobil telefonunun dinlənilməsini aydınlaşdıra bilər. Bunun bir neçə əlaməti var ki, onları yadda saxlayıb, telefonunuzun dinlənilməsi barədə təxminlər yürüdə bilərsiniz.

Bunlardan biri telefonun şarjinın çox tez bitməsidir. Bundan əlavə, qarşı tərəflə danışıq zamanı müxtəlif küy, hətta açıq şəkildə tanımadığınız insanın səsini eşidirsinizsə narahat olmağa dəyər. Mobil telefonunuzda ondan istifadə etmədiyiniz halda belə kompüterin və ya səsgücləndiricinin yanında olduğu zaman müxtəlif müdaxilələrin səsini eşidə bilərsiniz. Dostunuza zəng etdiyiniz zaman əlaqənin çox gec baş tutduğunu və ya əksinə, əlaqənin gec kəsildiyini müşahidə etmisinizsə, bu da telefonunuzun dinlənildiyinə işarə ola bilər. Ümumilikdə telefonunuzda qəribəliklər varsa, məsələn, öz-özünə sönüb yanırsa, bu da sizə bir işarədir.

Dünya təcrübəsində telefon dinləmələri yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Bu dinləmələrə isə siyasətçilər, dövlətin mənafeyinə qarşı çıxış edən insanlar, hansısa qruplaşmalarda şübhəli bilinən şəxslər məruz qala bilərlər. Əgər siz yuxarıda sadalananlar sırasında deyilsinizsə və telefonunuzun dinlənilməsi ilə bağlı şübhələriniz öz təsdiqini tapıbsa, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.

Kalkulyator, “siçan” və daha nələr – hamısı evi dinləyə bilir

Adi məişət əşyalarını xatırladan cihazların köməyi ilə evi dinləmək mümkündür. Bunlardan biri də ölçüləri uyğun olan istənilən quruluşdakı kalkulyatorların içinə yerləşdirilə biləcək bir alətdir.

GSM dinləmə cihazı kalkulyatorun yanında iki ədəd, 1 mm ölçüsündə şarj deşiyi ilə heç bir şəkildə diqqət çəkməyən, quruluşu çox özəl olan bir şarj adaptoru da yerləşir. Onun içindəki sim kartın telefon nömrəsini dünyanın harasında olursunuz olun, hər hansı telefondan zəng edərək 50 kv.m-lik bir ərazini çox rahatlıqla, çox yüksək həssaslıqla dinləyə bilərsiniz.
Kompüterlərin “siçan”ı da zaman-zaman dinləmə cihazı funksiyasına çevrilir. Belə ki, “USB Mouse”un içinə yerləşdirilmiş GSM dinləmə modulu istifadə edildiyi auradakı səslərin məsafə məhdudiyyəti olmadan dinlənilməsini mümkün hesab edir. Cihaza (“mouse”a) SİMkart taxılandan sonra sistem istifadəyə hazırdır. Hər hansı telefondan taxmış olduğunuz karta aid nömrəyə zəng edəndə cihaz avtomatik olaraq açılacaq və yerləşdiyi otağı çox yüksək səs keyfiyyəti ilə dinləməyinizi təmin edəcək. Heç bir formada bayıra səs vermir və fərq edilməsi də mümkün deyil.

Maraqlıdır ki, hətta kompüter söndürüləndə tərkibindəki lithium batareya sayəsində 4 gün gözləmə müddətinə malikdir və 4.5 saat müddətində fasiləsiz dinləmə həyata keçirilə bilər. Kompüter işlədiyi müddətdə isə avtomatik olaraq batareyası “zaryadka” yığır və enerji sıxıntısı olmadan dinlənə bilərsiniz.

Eyni dinləmə alətini kompüterin monitorunda da gizlətmək mümkündür. Monitorun içinə yerləşdirilən professional dinləmə cihazına taxılacaq bir SİM kart ilə dünyanın hər yerindən alətin olduğu yeri dinləmək mümkündür. Yüksək səs keyfiyyəti ilə 50 m2 sahədəki səsləri məsafə məhdudiyyəti olmadan istənilən zaman dinləmək mümkündür. Ofis, ev dinləniləməsi üçün son dərəcə praktik və fərq edilməsi mümkün olmayan bir gizli dinləmə sistemidir. Kompüter daim enerji yığdığı üçün bu dinləmə alətinin də “zaryadka”sız qalma ehtimalı yoxdur. “Adsl” modem dinləmə cihazı, telsiz telefon dinləmə cihazı da bu kateqoriyadandır. Onların içinə də həmin kiçik alətləri yerləşdirməklə müvafiq məkanları dinləmək mümkündür.

Bu gün Azərbaycan dünyanın müxtəlif ölkələri ilə antiterror koalisiyası çərçivəsində, transmilli cinayətkarlığa qarşı mübarizədə yaxın əməkdaşlıq edir. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanları belə xüsusi dinləmə vasitələri ilə təmin edilmiş ola bilər. Bu, nadir hal deyil. Təhlükəsizlik firmaları da bunu edirlər. Üstəlik, baha deyil. Bunlar xüsusi mağazalardan satın alınır. Evdə dinləmə aparılması yeni təcrübə deyil. Sovet dönəmində də evdə dinləmələr aparılırdı. Araşdırma obyekti olan insanların dinlənilməsi üçün evlərinə, iş otaqlarına, daha çox tavanda, ya da divar kağızının altında dinləmə qurğuları yerləşdirilirdi. Bu əməliyyat məxfi şəkildə aparıldığı üçün heç kimin xəbəri olmurdu. SSRİ dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti qanundan kənar idi. Sonradan qanunda düzəlişlər oldu.

Qanuna əsasən, telefon dinləmələri qanunla mümkün deyil. Amma Azərbaycanda hələ də sovet təcrübəsi tətbiq olunur. Öncə məlumatlar əldə edilir. Sübut-dəlil tamam ayrıdır. Əməliyyat məhsullarının sübut-dəlilə çevrilməsi üçün məhkəmə faktına çevirmək lazımdır. Qanunvericiliyə heç kim riayət etmir. Bu gün əslində dinlənmə ilə bağlı qərar verilirsə, onu iki ay geriyə keçirirlər. Oradakı danışıqlardan sübut kimi istifadə olunur.

Fakt onu göstərir ki, sıravi vətəndaş dinlənildiyindən şübhələnə bilməz. Belə ki, bu, ancaq texniki vasitələrlə mümkündür. O sahədə xeyli inkişaf gedib, artıq dinləmə zamanı klassik qaydada mikrofonlardan istifadə edilmir. Mikrosxem formalı çiplər olur. Məlumatları toplayıb şifrələyir. Çip məlumat ötürdükdə onun fəaliyyəti aşkarlana bilər. Bu isə qeyri-mümkündür. Xüsusi xidmət orqanları peşəkar işləyir.

Bu sayaq dinləmə əməliyyatları faktdan daha çox məlumat əldə etmək üçündür. Onun sözlərinə görə, məhkəmələrdə çox nadir hallarda videomüşahidə, ya da dinləmə qurğularının fəaliyyəti nəticəsində ortaya çıxan nəticələr fakt kimi təqdim edilir.

5 yolu var, amma…

Bununla belə, internetdə mobil telefonunuzun dinlənildiyini anlamağın yolları ilə bağlı xeyli material yer alır. Onlardan ən geniş yayılanları nəzərə çatdıraq:

1. Telefonun batareyası həddindən çox qızırsa:

Telefonda çox danışanda onun qızması təbiidir. Ancaq uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək, onun içərisində nə isə baş verir.

2. Telefonun enerjisi tez bitirsə:

Düzdür, bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəccüblüdür.

3. Telefonu bağlayanda gecikmə olursa:

Telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır.

4. Telefonda baş verən qəribə hadisələr:

Əgər telefonunuzun işığı özü-özündən yanıb sönürsə, bağlanırsa, sizi kim isə dinləyə bilər.

5. Telefondan cızıltı səsləri gəlirsə:

Bəzən belə səslərin gəlməsi qüllədə olan problemlərdən irəli gələ bilər. Amma səs və cızıltı daima gəlirsə, bu, telefonun dinlənilməsi deməkdir.

Öncə mesaj göndərirlər, sonra…

Türkiyə Kompüter Mühəndisləri və Proqramçıları Dərnəyinin sədri Yılmaz Sönməz mobil telefonların lMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini deyib. Onun bildirdiyinə görə, mobil telefonlarda dinləmə aşağıdakı ardıcıllıqla həyata keçirilir: “Mesaj göndərilir – dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi ona gələn bu SMS-i açıb, içindəki internet adresinə daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış ”trojan” adlanan casus proqramı mobil telefona yüklənir. İdarə telequlaqda – bu casus proqramı ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.

SMS-lər də izlənilir – mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən ünvana çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.

Sevinc TELMANQIZI

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın