Ana səhifə / Siyasət / Xaricdə gizlənən İŞİD-çi azərbaycanlıları necə zərərsizləşdirməli… – ŞƏRH

Xaricdə gizlənən İŞİD-çi azərbaycanlıları necə zərərsizləşdirməli… – ŞƏRH

“Yaxın günlərdə Suriyada, İraqda döyüşən bir qrup azərbaycanlıların vətəndaşlığı ləğv olunacaq”. Bunları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov BBC Azərbaycancaya müsahibəsində deyib.

O deyir ki, hazırda üçüncü ölkələrdə gizlənmiş belə şəxslərin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır: “Suriyada, İraqda döyüşən azərbaycanlılarla bağlı məsələ hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının nəzarətindədir, onlar üçün prioritet fəaliyyət sahəsidir. Bu hesablama əlbəttə ki, təqribidir. Bu günkü statistikaya görə, o münaqişəyə qoşulmuş 300-ə yaxın azərbaycanlı ölüb. Ümumilikdə götürsək, 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması haqqında məlumat var. Bəzisi döyüşçü kimi, bəzisi onun ailə üzvü kimi gedib. 300-ə yaxının öldüyü barədə məlumat var, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib. Yeni şəxslər də müəyyənləşib ki, onların da vətəndaşlığı ləğv olunacaq. Yəni onlar ölkəyə qayıda bilməyəcəklər. Qayıtdıqları təqdirdə artıq onlar ölkəyə buraxılmayacaqlar. Sağ qalanların üçüncü ölkələrdə gizlənməsi barədə məlumatlarımız var. Bu barədə aidiyyatı qurumlar tərəfdaş ölkələrlə birgə iş aparır”.

S.Heydərovun bu açıqlamaları İŞİD-də qoşulan, daha sonra digər ölkələrədə gizlənən azərbaycanlılarla bağlı məsələni yenidən gündəm edib. İŞİD-ın tərkibində döyüşən və terror təşkilatı tədricən məhv edildikcə üçüncü ölkəyə üz tutan azərbaycanlıların ölkəmiz üçün təhlükə olub-olmadıqları, eyni zamanda, onlarla bağlı hansı tədbirlərin görülməsi məsələləri daha da aktuallaşıb. Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanlarında konkret olaraq bu şəxslərin hansı ölkələrdə olması barədə məlumatın olub-olmadığı suallar doğurur. Eyni zamanda, azərbaycanlı terrorçuların yerlərinin müəyyən edilməsi üçün aidiyyəti orqanların fəaliyyət göstərib-göstərmədikləri də müəmmalıdır. Bu şəxslərin ölkəyə gətirmələrinin mümkünlüyü ilə yanaşı, mümkünsüzlüyündən də söz açılır. Azərbaycanlı terrorçuların ölkəmizə gəlmə imkanları da müzakirə edilir. Belə vətəndaşların ölkə vətəndaşlığından məhrum edilmələri barədə də müxtəlif mövqelər var.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini olmuş Sülhəddin Əkbər terrorçuların Azərbaycan vətəndaşlığından məhrum edilmələrini doğru taktika hesab etmir: “Həmin şəxslərlə bağlı mümkün qədər çalışmaq lazımdır ki, onlar Azərbaycana gətirilsin, qanun qarşısında cavab versinlər. Burada həm Azərbaycanın imkanlarından istifadə edilməlidir, həm də beynəlxalq aləmdə terrorizmlə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarından istifadə olunmalıdır. Azərbaycan bir qədər çətin olsa da, buna nail ola bilər. Bu hər kəs üçün dərs olar ki, Azərbaycanın xüsusi xidmət orqanlarının terrorçuların hansı ölkələrdə olmalarından asılı olmayaraq, onları ölkəyə gətirmək imkanları var. Bir növ hər kəs anlayacaq ki, Azərbaycanın əli uzundur. Bu eyni zamanda, ölkəmizin həm xüsusi xidmət orqanlarının, həm də bir dövlət orqanının nüfuzunun güclənməsinə gətirib çıxara bilər. Buna müsbət bir amil kimi baxmaq lazımdır. Terroristlərin, yaxud beynəlxalq terror təşkilatları sıralarında vuruşanların, terrorizmdə şübhəli bilinənlərin vətəndaşlıqdan çıxarılması mənə elə gəlir ki, problemin köklü həllindən yayınmaqdır. Xüsusi xidmət orqanları onların saxlanılmasına, həbs edilməsinə və ölkəyə gətirilməsinə, hüquq mühafizə sistemlərinin bu istiqamətdə çalışmasına diqqət verməlidirlər. Onlar Azərbaycan qanunvericiliyinə əsasən, haqq ədalət mühakiməsinə çıxarılmalı və cavab verməlidirlər. Belə imkanlarımızın olub-olmasına gəlincə, xüsusi xidmət orqanları həm öz imkanları çərçivəsində, həm də beynəlxalq əməkdaşlıq yaxud ikitərəfli, çoxtərəfli çərçivəsində müxtəlif xüsusi xidmət orqanları ilə informasiya mübadiləsi aparırlar. Bu imkanlarından yararlanıb, Azərbaycan onların yerini müəyyən edə, onları saxlaya və həbslərinə, eləcə də, ölkəyə gətirilmələrinə nail ola bilər. Onlar ekstradisiya ediləndən sonra Azərbaycanın öz qanunları çərçivəsində onları mühakimə etmək hüququ var. Onların təhlükəli olduqlarına gəlincə isə, əlbəttə ciddi potensial təhlükədirlər. Onlar şəxsiyyət vəsiqələrini dəyişdirib, ya saxta, ya da qanuni yollarla müxtəlif ölkələrin vətəndaşlığını aldıqdan sonra yenidən Azərbaycana gələ bilərlər. Yaxud üçüncü ölkələrdən qanunsuz yolla Azərbaycana gələ bilərlər. Müxtəlif qrupların tərkibində onların ölkəmizə gəlmək imkanları da var. Bunun yolları çoxdur. Düzdür, hazırda şəxsiyyətin müəyyən edilməsi üçün daha dəqiq metodlar var, amma yenə də açıq yerlər qalır və onlar bundan istifadə edə bilərlər. Bu məsələnin köklü həlli o şəxslərin şəxsiyyətlərinin müəyyən olunması, hansı ölkələrdə olmaları və həmin ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqla o terrorçuların həbs edilib, ölkəyə ekstradisiyalarına, burada mühakimə edilmələrinə nail olmaqdan keçir. O zaman Azərbaycan arxayın ola bilər ki, bu şəxslər haradadır. Onların vətəndaşlıqdan məhrum edilmələri fəaliyyətiv, köməkçi yoldur. Bu da çox problemin köklü həllindən yayınmağa oxşayır”. (Musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …