Ana səhifə / Siyasət / “Xankəndiyə də qaz Azərbaycandan verilməlidir”— DEPUTAT

“Xankəndiyə də qaz Azərbaycandan verilməlidir”— DEPUTAT

“BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qətnaməsi qəbul edilmişdi. Bu qətnamələrdə Ermənistandan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq tələb olunurdu. 30 il ərzində Ermənistan bu tələbi yerinə yetirdimi? Yaxud beynəlxalq birlik, TŞ üzvlərindən biri Ermənistandan bunu tələb etdimi? Azərbaycan özü bu 4 qətnaməni yerinə yetirdi və işğalçını yurdumuzdan qovdu. İndi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetiririk. İlyarımdır nə Ermənistan, nə də Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları üzərlərinə götürdükləri öhdəlikləri icra etmirlər. Biz imza atdığımız sənəddən irəli gələni edirik. Azərbaycan ərazisində heç bir separatçı, yaxud başqa dövlətə məxsus silahlı dəstələr qala bilməz və qalmayacaq”. 

Bu sözləri Oxu.Az – a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Qarabağda baş verən son hadisələri şərh edən deputat qeyd edib ki, erməni terrorçu qruplaşmaları hər bir yaşayış məntəqəsindən çıxarılacaq və bu proses Xankəndidə dövlət bayrağımız dalğalanana qədər davam edəcək:

“Ermənistandakı siyasi qüvvələr və Xankəndidə olan separatçıların zərrə qədər ağılları varsa, anlamalıdırlar ki, Azərbaycan ərazisində separatizmin sonu çatıb. Qaldırdıqları hay-küyə də heç kim fikir verməyəcək. Bəzi ölkələrin deputatları, yaxud mətbu orqanlarının bəyanatları və məqalələri xarici siyasi dəstək deyil. Əhəmiyyətsiz simpatiyadır. Əsasən Xankəndidə məskunlaşmış 10-15 minlik əhali dərk etməlidir ki, bir ovuc terrorçu-separatçının qurbanına çevriliblər”. 
Elnur Allahverdiyev hesab edir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin hazırlanması prosesinə dərhal başlamalı, sərhədlərin müəyyən olunması üzərində düşünməlidir: 

“Ermənistan XİN-i mənasız bəyanatlar verməklə prosesə heç bir təsir edə bilməz. Birincisi, ermənilər nəyisə dəyişmək iqtidarında deyillər, ikincisi isə bizi Qarabağda “humanitar böhran” yaratmaqda günahlandırmağa haqları yoxdur. 30 ildir Naxçıvanı blokadada saxlayan bir ölkənin bizi qaz kəmərini bağlamaqda ittiham etməyə mənəvi haqqı çatırmı? I Qarabağ savaşından indiyə qədər hələ də 4 min azərbaycanlıdan xəbər yoxdur. Bilmirik, necə qətlə yetiriliblər, harada dəfn ediliblər?! Müharibə bitəndən sonra da mülki və hərbi vətəndaşlarımız erməni terrorçularının basdırdıqları minalardan həyatlarını itirirlər. Şəhər və kəndlərimiz viran edilib. Hansı humanitar fəlakətdən danışırsınız?”.

Deputatın sözlərinə görə, Ermənistanın və ayrı-ayrı ölkələrdəki erməni diasporunun qaz kəməri barədə iddialarının heç bir hüquqi əsası yoxdur:

“Gəlin kəmərdəki qəzanı kənara qoyaq. Kim icazə verib ki, başqa bir dövlət Azərbaycan ərazisində bir dəstə separatçı üçün kəmər çəksin, fəaliyyət göstərsin? Kəmər məsələsində kimə də olsa, bizə heç kim dərs keçə bilməz. Həmin Avropanı neftlə və qazla bizim kəmərlər təmin edir. Avropa liderləri bizə neft və qazla bağlı azmı zənglər ediblər? Məgər onlar bu kimi hüquqi problemlərdən xəbərsizdirlər?!”.

O, hesab edir ki, separatçıların qazla təmin olunması məsələsi ilə bağlı Azərbaycan nəyisə tələb etmək tamamilə absurddur:

“Bizim enerjidaşıyıcılarını Avropaya nəql edən kəmərlər bir neçə ölkədən keçir. Bu kəmərlər həmin ölkələrin ərazisində oğurluq inşa edilib? Azərbaycan rəsmi şəkildə “SOCAR” və “Azəriqaz” vasitəsilə ölkə ərazisində qazla bağlı problemlərin həlli üçün hara müraciət etmək lazım olduğunu bəyan edib. İşğaldan azad edilmiş bütün torpaqlarda olduğu kimi, Xankəndiyə də qaz Azərbaycandan verilməlidir və bizim erməni vətəndaşlarımız da qaz sərfiyyatı üçün borclarını Azərbaycan dövlətinə manatla ödəməlidirlər. Problemin başqa həlli yolu yoxdur”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …