Ana səhifə / Siyasət / Xankəndində general “Samo”nun adamını hərbçilər döyüb, vəziyyəti ağırdır

Xankəndində general “Samo”nun adamını hərbçilər döyüb, vəziyyəti ağırdır

İşğal altındakı Xankəndində keçmiş “müdafiə naziri” Samvel Babayanın tərəfdarı, müxalif deputat Ayk Xanumyanın döyülməsinin bəzi təfərrüatları məlum olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Samvel Babayanın Qarabağa qayıtmasını geniş işıqlandıran CivilNet saytının əməkdaşı bu gün səhər saatlarında Xanumyanla “Ermənistan” otelində müsahibə almaq üçün görüşməliydi. Deputat otelə çatanda hərbi geyimli bir neçə nəfər onu saxlayıb, maşına oturdub və naməlum istiqamətə aparıb. Jurnalist bu səhnəni mobil telefonla çəksə də hərbi geyimlilər telefonu əlindən alıblar və kadrları siliblər.

Xanumyanın partiyasından olan fəal Elmira Qriqoryan isə deyib ki, Xanumyanı döyəndən sonra taksiyə oturdub onun evinə yola salıblar. “Bilmirəm bundan qabaq hara aparıblar və necə döyüblər. Ancaq döyəndən sonra taksiyə mindiriblər və bizim evə göndəriblər. Hazırda Xanumyan xəstəxanadadır, reanimasiyadadır”- o deyib.

Separatçı rejimin polisi isə Xanumyanın döyüldüyü haqda məlumatları təkzib edir.

Xatırladaq ki, Samvel Babayan bazar günü günorta Xankəndinə gəlib. Orada onu Xanumyan və minə yaxın tərəfdarı qarşılayıb. Mitinqçilər qondarma rejimin rəhbəri Bako Saakyandan Babayanı qəbul etməyi və müdafiə naziri vəzifəsini ona verməyi tələb ediblər. Ancaq Saakyan “Samo”nu və tərəfdarlarını qəbul etməyib. Xanumyan bildirmişdi ki, general Babayanın yenidən “müdafiə naziri” təyin edilməsi üçün kampaniya başladır və bu gündən etibarən mitinqlər keçiriləcək.

Lakin göründüyü kimi Dağlıq Qarabağdakı qondarma hərbi xunta Babayanı ciddi təhlükə hesab edərək onun yenidən hakimiyyəti ələ almaq səylərinə güc yoluyla cavab verir.

*   *   *13:52

“Mən Qarabağa hansısa siyasi post tutmaq üçün gəlməmişəm, keçmiş vəzifələrim məni maraqlandırmır”. Virtualaz.org xəbər verir ki, bunu qondarma “DQR”in keçmiş “müdafiə naziri”, ötən bazar günü Xankəndinə qayıdan Samvel Babayan jurnalistlərə deyib.

“Samo” bildirib ki, əsas məqsədi erməni ordusunun müdafiə sisteminin möhkəmləndirilməsinə kömək etməkdir. Onun fikrincə, Azərbaycan ən azı il yarım-iki il ərzində irimiqyaslı müharibəyə başlamayacaq, ona görə də müdafiə sistemini möhkəmləndirməyə hələ vaxt var.

Samvel Babayan bundan əvvəl Ermənistan mətbuatına müsahibəsində ordunun təchizatında əsas diqqəti hava və raket müdafiə sistemlərinə yönəltməyin vacibliyi haqda fikirlərinin tənqid olunmasına da münasibət bildirib. “Birincisi, gərək ağıla malik olasan ki, mənim təkliflərimi qəbul edəsən. İkincisi, mən bir daha təkrar edirəm: Azərbaycan İsrail istehsalı olan raketdən müdafiə sisteminə malikdir. Mənə məlumdur ki, Azərbaycan özünün Havadan Müdafiə Sistemini təkmilləşdirmək üçün 4 divizion “Dəmir günbəz” alıb və yerləşdirib. Mən hətta onların Azərbaycan boyu harada yerləşdirildiyini də deyə bilərəm. İndi mənim informasiyam köhnəlib, yoxsa onların?”-Samvel deyib.

“Əgər həmin adam deyirsə ki, dünyada belə sistemə malik olan cəmi üç ölkə var, o zaman mən də deyirəm ki, Azərbaycan dördüncü ölkədir. Və indi kim köhnəlib, mən yoxsa onlar? Əgər onlar belə sadə şeyləri bilmirsə daha nədən danışasan? Ya bilib sizi aldadırlar, ya bilmirlər və deməli parazitlik edirlər”-o əlavə edib.

Babayan deyib ki, bu kimi məsələləri “DQR hakimiyyəti” ilə müzakirə etmək istəyir, ancaq hələlik planlaşdırılmış görüş yoxdur.

*   *   *13:13

Bu gün işğal altındakı Xankəndində qondarma “DQR parlamenti”nin deputatı, müxalif “Milli dirçəliş” hərəkatının lideri Ayk Xanumyan xüsusi amansızlıqla döyülüb. Virtualaz.org 1in.am saytına istinadən xəbər verir ki, Xanumyan xəstəxanaya yerləşdirilib. Onun kimlər tərəfindən döyüldüyü haqda hələlik məlumat verilmir.

Ayk Xanumyan “DQR”in keçmiş “müdafiə naziri”, general Samvel Babayanın əsas tərəfdarıdır və onun yenidən Qarabağda “müdafiə naziri” olması uğrunda mübarizə aparır. Samvel Babayan bu günlərdə Moskvadan qayıdıb. Ötən bazar günü Qarabağa gəlib və onu minə yaxın tərəfdarı qarşılayıb. Xankəndinin mərkəzi meydanında Xanumyanın təşkilatçılığı ilə mitinq keçirlib və aksiyaçılar Samvel Babayanın “müdafiə naziri” təyin olunması tələb ediblər. Xanumyan bildirib ki, Xankəndi polisinin rəisi “prezident” Bako Saakyanın Samvel Babayanla görüşəcəyini bildirmişdi. Lakin onlar “prezident iqamətgahının” qarşısına gələndə məlum olub ki, Saakyan görüşmək istəmir.

Xatırladaq ki, Samvel Babayan Ermənistan mətbuatına müsahibəsində hakimiyyəti tənqid edib, aprel döyüşlərindəki uğursuzluqların hakimiyyətin səhvləri ilə bağlı olduğunu deyib. “Samo” bildirib ki, Ermənistan hərbi və digər resurslarına görə Azərbayanla ayaqlaşa bilməz və bu gedişlə azərbaycanlı əsgərlər İrəvanda çay içəcəklər.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın