Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xətai rayonunda sahibkarlar “od püskürdü”: “Bizi müflis ediblər” – VİDEO, FOTOLAR

Xətai rayonunda sahibkarlar “od püskürdü”: “Bizi müflis ediblər” – VİDEO, FOTOLAR

Xətai rayonu, Xudu Məmmədov küçəsində, “Həzi Aslanov” metrostansiyası yaxınlığında bir qrup sahibkar metro tikintisi üçün çəkilən təhlükəsizlik hasarının  onların obyektlərinin önünü kəsməsinə etiraz edib. 
Qeyd edək ki, ərazidə “Həzi Aslanov” metrostansiyasından “Ağ şəhər”ə yeraltı tunel çəkildiyindən tikinti aparılan sahə hasara alınıb. Xudu Məmmədov və Məhəmməd Hadi küçəsi boyunca yüzlərlə obyekt hasarların arxasında qalıb.
Ticarət obyektlərinin önü tam kəsildiyindən mağazalar müştərilərini itirib, sahibkarların bir çoxu icarə haqqlarını ödəyə bilmədiyi üçün bağlayıb.
Musavat.com-a danışan sahibkar Sənan Mikayılov hələlik işi dayandırmasa da, artıq müflis olduğunu dedi:“4 ilə yaxındır ki, burada iş gedir. 2011-ci ildən başlayan tikinti işləri hələ də bitmək bilmir. Bu ərazidə 50-dən çox obyekt bağlanıb. Mənim kimi onlarla sahibkar dilənçi vəziyyətinə düşüb. Dəfələrlə problemlə bağlı şikayətlərimizi bildirmişik. Lakin nə problemə baxan var, nə də tikintini yekunlaşdıran”.
Sahibkarlar obyektlərinin işləməməsinə baxmayaraq, onlardan vergi tələb olunduğunu dedilər: “Heç bir gəlirimiz olmasa belə, vergi müfəttişləri başımızın üstünü alıb. Vəziyyətimizi nəzərə almırlar. Obyektin şəkillərini çəkib, bizi auditə çağırırlar. Onlara bildiririk ki, bizim orada fəaliyyətimiz yoxdur. Bizə bildirirlər ki, filan qədər ödəyin. Hər gün 70 manatlıq alver ediriksə, 120 manatın vergisini necə ödəyək? Obyektlərin qarşısı hasarlanıb, gediş-gəliş olmadığından alıcılıq yox vəziyyətindədir. Alver olmadığı üçün vergini də ödəyə bilmirik”.
Qeyd edək ki, burada geyim, mebel, mobil telefon və sair malların satış mərkəzləri, eləcə də bankların filialları, valyutadəyişmə məntəqələri yerləşir. Tikinti ərazisinin ətrafına çəkilmiş hasarla obyektlər arasındakı məsafə təxminən bir metrdir. Bu həm də həmin yolda əhalinin gediş-gəlişinə mane olur.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Fotolar və video müəllifindir.
 






















Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın