Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Vüsal Şilderin anasından prezidentə – Müraciət

Vüsal Şilderin anasından prezidentə – Müraciət

MTN ətrafında yaşanan tükürpədici cinayət olaylarından xəbər tutan daha bir terror qurbanı olan və hal – hazırda Almaniyada yaşayan Mətanət Şilder prezident İlham Əliyevə Açıq Məktub ünvanlayıb.

” Azinforum.az ” Moderator.az-a göndərilən həmin məktubu və Şilderin qətli ilə bağlı olayın qısa xatırlatmasını təqdim edir:

Xatırladaq ki, Mətanət Şilderin adı 2013-cü ilin mayın 2 – də övladı Vüsalın qətlə yetirilməsindən sonra mətbuatın gündəmindən düşmürdü və Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilderin qətlində prezidentin köməkçisi Taryel Ağayevin Xəyal adlı kürəkəninin adının hallanması cəmiyyətin bu cinayət işinə marağını birə beş artırmışdı. Mətanət Şilderin vəkili tanınmış hüquqşünas Aslan İsmayılovun məhkəmə proseslərindəki ifşaedici çıxışları belə, cinayətin bütün iştirakçılarının tapılaraq ifşa edilməsinə gətirib çıxarmadı. Əksinə, Aslan İsmayılovun özünü ölümlə təhdid etdikləri iddiası dilə gətirildi və vəziyyətin əndazəni aşdığını görən Mətanət Şilder vəkildən imtina edərək Almaniyaya köçmək zorunda qaldı…

2014-cü ilin 29 avqustunda Mətanət Şilder sonuncu dəfə bəyanatla çıxış edərək “teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq” istəmədiyinə görə obrazlı ifadə olunsa, taym-aut götürdüyü, amma mübarizədən imtina etmədiyi barədə övladının qatillərinə, eyni zamanda bu cinayəti hər vəchlə ört-basdır etmək istəyənlərə ultimatum göndərmişdi.

İndi isə Mətanət xanım prezident İlham Əliyevə müraciət edərək cinayətkarların təkcə MTN-də deyil, digər strukturlarda da kök ataraq dövlətə, millətə, şəxsən prezidentin özünə təhlükə yaratdığını, onlardan ən qısa zamanda qurtulmağın vaxtının yetişdiyini bildirir:

“Mənim ehtimallarıma görə nəinki nazirlərin, hətta Taryel Ağayevin də sizdən məharətlə gizlətdiyi qoçu dəstəsi var. Onun əli o qədər uzundur ki, hətta bizim telefon danışıqlarımızı da dinlətdirərək özü üçün müdafiə səddi təşkil edirdi. Təsəvvür edin ki, rəhmətlik oğlum Vüsalla Taryel Ağayevin qızı Lalənin çoxsaylı qarşılıqlı mesajları və bir – birinə göndərdikləri fotoların hamısı bizim xəbərimiz olmadan oğlumun qətlindən sonra ona məxsus mobil telefonların yaddaşından silindi. Buradan da belə qənaətə gəlmək çətin deyil ki, Taryel Ağayev istədiyi anda “Azercell”ə təsir edərək ona lazım olan informasiyanı əldə edə və ya lazım olmayan materialları sildirə bilib. Mən qətiyyən şübhə etmirəm ki, oğlumun qətlinin istintaqını həyata keçirən müstəntiq Pərviz də onlarla əlbir olub və ya ən azı onların sifarişini can – başla yerinə yetirib. Təkcə Pərviz deyil, istintaq dövründə və məhkəmə proseslərində də çoxları təklif olunan pulların qarşısında susmağa üstünlük verdi.

Cənab prezident!

Mən üzləşdiyim bu faciəyə və həyatımın alt – üst olmasına, bu dünyada yaşamaq üçün gücümün qalmadığına baxmayaraq sizə sonsuz ümidim var və oğlumun qatilinin sifarişçilərinin ədalət mühakiməsi qarşısına çıxmasını görmədən bu namərd dünya ilə vidalaşmaq istəmirəm.

Mən fürsətdən istifadə edib Aslan İsmayılovla bağlı da dövlət başçısına üz tuturam. Möhtərəm prezident, xalqın səsini Sizlərə çatdırmaq üçün hüquqşünas Aslan İsmayılov əlindən gələni əsirgəmir. Amma Sizi izolyasiyada saxlayaraq törətdikləri tükürpədici cinayətlərin Sizə çatmaması üçün dəridən – qabıqdan çıxanlar bir zirehli qatar kimi Sizinlə xalqın arasına keçilməz sədd şəkiblər. Ona görə də Aslan İsmayılov kimi xalqın dərdlərini dilə gətirən bir tanınmış hüquqşünasın çağırışları Sizə çatdırılmır. Mən sinəsinə övlad dağı çəkilmiş bir ana kimi Sizdən xahiş edirəm ki, Aslan İsmayılovu qəbul edin. O təkcə mənim deyil, yüzlərlə, minlərlə faciələrlə üzləşən vətəndaşımızın dərdini sizə çatdırmağa qadirdir.

Möhtərəm Prezident!

Çıxışlarınızın birində demişdiniz ki, vəzifə pul yığmaq üçün yox, xalqa xidmət etmək üçündür. Şəxsən mənim bu sözlərin səmimiliyinə zərrə qədər də şübhəm yoxdur. Sizin bu xalqın bir nömrəli xidmətçisi olduğunuzu görür və qiymətləndirirəm. Amma xalqa xidmət etməyi özünə yaraşdırmayan harınlamış insanlarla bağlı həqiqətlərin heç olmasa bir qismini bilmək istəyirsinizsə xahiş edirəm bu xalqa illər uzunu təmənnasız xidmət edən Aslan İsmayılovu şəxsən dəvət edib dinləyin. Əminəm ki, o zaman xüsusi xidmət orqanlarının Sizə verdiyi informasiyalardan daha çox məlumat əldə edəcəksiniz. Bunu etsəniz cəmiyyətdəki nüfuzunuz daha da artar və bu xalq ayağınızı qoyduğunuz hər yerə başını qoyar.

Sonda ümid edirəm ki, möhtərəm İlham Əliyev cənabları mənim bu fəryadıma biganə qalmayacaq və mən günlərin bir günü Vüsalın qətlini sifariş edənlərin da qoluna qandal, başına torba keçiriləcəyini görməklə təsəlli tapacam”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın