APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək deyib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb. Qeyd edilib ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünyaya nümunədir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinə dəstək olur, eyni mövqedən çıxış edir. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm yeri olduğunu bildirən Ali Məclisin sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur.

“Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiramını bildirib. Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclis Sədri Vasif Talıbov Türkiyə baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb. Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan baş nazir qeyd edib ki, Azərbaycan prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir. Baş nazir ölkələrimiz arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrimizin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı, eyni zamanda, İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.

Türkiyənin baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

AzNews.az