Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Vəzirovun göz yaşı içində etirafları…

Vəzirovun göz yaşı içində etirafları…

3 il keçdi, mən o söhbəti yazmadım… Amma aradan keçən zamanda bir məsələni dəqiq anladım. Vəzirov iliyinə qədər kommunistdir və onun milli hissləri elə “axtalanıb” ki, Azərbaycanın müstəqilliyini bərpa edən şəxslərə nifrəti patoloji həddə yüksəlib. Hətta milli-azadlıq hərəkatının ən sayğın, bu gün də hər kəs tərəfindən qəbul edilən insanları haqqında bizim Şaumyan haqqında danışdığımız tərzdə danışırdı. O söhbətdə kommunizmin bir millət üçün necə bir DƏHŞƏTLİ bəla olduğunu dərk elədim. Bir milləti parçalayıb torpağını və beynini işğal edərək müstəmləkəyə çevirməyin ən “sadə” yolu sosial bərabərlik adı altında kommunizmi ona qəbul etdirməkdir. Ortaya kor, milli qürurdan məhrum manqurtlar çıxacaq. Sonra seç, ən “ali”sini kölə etmək istədiyin xalqa rəhbər qoy.

27 il sonra ilk dəfə bir jurnaliastlə görüşən Əbdürrəhman Vəzirov 20 Yanvar haqqında onu dedi ki, mən 19-na qədər Moskvaya 6 dəfə istefa ərizəsi göndərmişdim, amma qəbul edilməmişdi. 19-da çay fincanıma qədər bütün əşyalarımı götürüb otağımı təhvil vermişdim. “Axı siz Azərbaycanın siyasi lideri idiniz, vətəndaşların təhlükəsizliyi üçün məsuliyyət daşıyırdınız, onları necə köməksiz qoyduz, sovet ordusunun dinc əhaliyə hücum edəcəyini niyə milli-azadlıq hərəkatına çatdırmadız” sualıma göz yaşı və “mən heç nə edə bilmədim”, cavabını verdi.
Vəzirov Azərbaycanı yalnız Sovetlər Birliyində təsəvvür edir. Bu gün də… O sovet Azərbaycanı üçün necə çalışdığını həvəslə anladırdı.

Bakının paytaxt respublikaları içərisində “ən telefonsuz” şəhər statusunu dəyişmək üçün Sovetlər Birliyinin rabitə naziri ilə çəkişmələrdən qalib çıxmasını, aldadılıb – o belə hesab edir – SB XİN-dən Gəncəyə I katib gətiriləndən sonra şəhərdə qida sənayesinin inkişaf etdirməsini, xüsusən “Moskva səviyyəli” kolbasalar, “Çinar” şokoladları istehsal edən zavodlar qurmasını, qısa zamanda sovet liderləri arasında bu məhsulların məşhurlaşdığını, Bakıda əhalinin mənzil problemini çözmək üçün torpaqların əhaliyə paylanmasını, yalnız bununla yetərlənməyib əhaliyə tikintiyə icazə və ssuda şəklində vəsait verilməsini, tikinti daşına olan tələbatın ödəməsi üçün Moskvadan 400 ədəd texnika aldığını, qısa zamanda paytaxt qəsəbələrinin böyüdüyünü danışan Vəzirovu dinlədikcə həm də onu başa düşürdüm ki, ermənilərin bu gün Ermənistanda qalan tarixi torpaqlarımızda, Qarabağda, sərhəd bölgələrdə bizə vurduqları zərbələrin qarşısını almaq Vəzirovu narahat edən sonuncu məsələlər olub. Erməni liderlərdən fərqli olaraq milli şüuru kommunist ideyasına TAM yenildiyi üçün bu problemin çözümünü milli iradəyə yox, Kremlə təslim etməyi seçib. Şüurlu şəkildə. 80-ci illərin sonundan başlayan deportasiyada onun yalnız bir doğru mövqeyi olub – tarixi torpaqlarımızdan çıxarılan əhalini Qarabağa yerləşdirmək. O ideya da daxildən və Moskvadan güclü basqılar alıb.

Uzun danışdıq Vəzirovla. Spitak yerə batandan sonra Qorbaçovun ona İrəvana getməyi təklif etməsini, İrəvanda Balayanın “icazə ver, sağ qalan əhalini Qarabağa yerləşdirək” yalvarışlarını, Qorbaçovun zəlzələdə ciddi insan tələfatı verən ermənilərin milli davalarından bir an belə yayınmadıqlarından heyrətləndiyini, Kremlə göndərdiyi əhalinin erməni hücumlarından müdafiəsinin möhkəmləndirilməsi təkliflərinin cavabsız qalmasını… çox mətləblərdən danışdı. Ancaq bütün söhbətləri “milli-azadlıq hərəkatı imkan vermədi” fikrinə bağladı. Yeni dünya düzəni, müstəqilliyin Azərbaycanın qarşısından açdığı perspektivlər, Kremlin işğalçı mövqeyinin millət kimi bizdən nə qədər qurbanlar aldığı və milli iradənin buna son vermək bacarığı Vəzirovda heç bir milli hiss oyatmayıb.

Vəzirovun ən böyük bəlası həm də davasının çox şəxsi olmasıdır. Onun bugünkü Azərbaycana baxışı Sovetlər Birliyi XİN-də çalışdığı, sürətlə karyera qazandığı illərdə Bakıdan gələn “Gəncəyə sən lazımsan” təklifinə “hə” deməklə ölkə miqyaslı siyasi xadimlik şansını respublika miqyaslı liderlik imkanına dəyişməsini illər sonra dərk edərkən yaşadığı sındırılmışlığa dayanır. Gün gələr, bu haqda da yazaram.

Aygün Muradxanlı,
Musavat.com

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …