Ana səhifə / Siyasət / Vəkillər Tiflisə getdi, Xədicə İsmayılın məhkəməsi qaldı

Vəkillər Tiflisə getdi, Xədicə İsmayılın məhkəməsi qaldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, hakim İlqar Murğuzovun sədrlik etdiyi məhkəmə prosesinin bugünkü iclası texniki səbəbdən baş tutmayıb.

Belə ki, X.İsmayılın vəkilləri bir neçə gün öncədən məhkəməyə yazılı şəkildə müraciət edərək Gürcüstana seminara getdiklərini, bu üzdən prosesdə iştirak edə bilməyəcəklərini bildiriblər.

Proses noyabrın 25-dək təxirə salındı.

Qeyd edək ki, X.İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayıl barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayıla qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayıla qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması tələb olunur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın