Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Uzun ömürlü kraliça – 14 dövlətin rəhbərinin hökmranlığı da uzun oldu – 70 il

Uzun ömürlü kraliça – 14 dövlətin rəhbərinin hökmranlığı da uzun oldu – 70 il

70 il bir igidin də yox, bir yetkin adamın ömrüdür və bir qadın bu müddət ərzində kraliça taxtında oturdu. Yəqin ki, taxt-tacda heç kəs II Elizabet qədər uzun müddət qalmayıb.

1952-ci ildə Britaniya taxt-tacının sahibi olanda II Elizabet 26 yaşında gənc qız idi. Dünyanı isə müharibələr görmüş, sərhədlər dəyişdirmiş, yeni ölkələr yaratmış liderlər idarə edirdi. İngiltərənin özündə Uinston Çörçil, ABŞ-da Harri Trumen, SSRİ-də İosif Stalin, Fransada Şarl de Qoll, İspaniyada Fransisko Franko və başqalarının dünya ilə bir ad-sanı, əngin rəhbərlik təcrübələri vardı.

Dağıdıcı, milyonlarla insanı qurban aparan, ölkələri darmadağın edən müharibənin bitməsindən cəmi 7 il keçdiyi bir vaxtda 14 dövlətin (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka) kraliçası olmaq onun bəxtinə düşmüşdü.

55.JPG (66 KB)

Əlbəttə, bu dövlətlərin hamısının geniş səlahiyyətli idaediciləri – prezidentləri və baş nazirləri vardı, amma onların hamısı bu və ya digər şəkildə həmin 26 yaşlı gənc qıza – II Elizabetə tabeydilər. Onlar kraliçanın taleyini həll edə bilməzdilər, amma kraliça onların taleyini həll edə bilərdi.

Elizabet hələ 10 yaşındaykən taxt-tacın vəliəhdi olmuşdu. Hamı bilirdi ki, VI Georqdan (1895—1952) sonra məhz bu qızcığaz taxta çıxacaq. Ona görə də 1952-ci ildə o, taxta oturanda ona çətin olmadı, çünki 16 il boyunca kraliça olmağa hazırlanmış, bu atmosferdə yetişdirilmişdi.

O gündən bu günə o, təkcə İngiltərədə 16 baş nazirlə işləmişdi. Maraqlıdır ki, bu şəxslərin (Uniston Çörçill, Robert Entoni İden, Moris Harold Makmillan, Aleksandr Frederik Duqlas Houm, Ceyms Harold Vilson, Edvard Riçar Corc Hit, Ceyms Kallaqan, Marqaret Tetçer, Con Meycor, Toni Bler, Qordon Braun, Devid Kemeron, Tereza Mey, Boris Conson) içində onun yalnız “dəmir ledi” ləqəbli Marqaret Tetçerlə münasibəti gərgin olub.

584183aca3c90a229944c991018ba9ca.jpg (32 KB)

O da ona görə ki, Tetçerin özünü ötkəm aparması kraliçaya xoş gəlməyib. Onların arasında əsas fikir ayrılığı hökumətin Cənubi Afrika Respublikasındakı aparteid siyasətini müdafiə etməsi üstündə olub. Tetçer bariz irqi ayrı-seçkilik siyasəti yeridən hökuməti müdafiə edərkən, II Elizabet bu hərəkətin Afrika ölkələrində Böyük Britaniyanın nüfuzunu azaldacağını düşünüb. Buna baxmayaraq, kraliça təmkinini qorumağı və siyasi çəkişmələrdən kənarda qalmağa üstünlük verib.

Kraliça yalnız adaşı Liz (Elizabet) Trassla az ünsiyyətdə oldu. Onlar cəmi iki gün işləyə bildilər – əgər buna da işləmək demək olarsa. Onlar sadəcə, görüşdülər və ayrıldılar. Bir Elizabet hakimiyyətə gəldi, o biri Elizabet taxt-tacdan və həyatdan getdi.

96 illik ömründə o, böyük keşməkeşlərdən, siyasi qalmaqallardan, böhranlardan keçib. Ancaq bu qadın heç zaman gələcəyə optimist baxışlarını itirməyib, hər zaman ən optimal yolu tutmaqda siyasi xadimlərə yardımçı olub.

II Elizabet odioz, təkəbbürlü, məkrli qadın təsiri bağışlamırdı, əksinə, həlim xasiyyətli, tədbirli, ətrafındakıların məsləhətinə qulaq asan, ədalətli olmağa çalışan biri kimi görünürdü. Yəqin ki, buna görə onun həm Böyük Britaniyada, həm də ondan çox-çox uzaqlarda böyük nüfuzu və hörməti vardı.

Əgər əksinə olsaydı, kraliça özünü mütləq hökmdar kimi aparsaydı, rəhbərlik etdiyi dövlətlərin hər işinə qarışsaydı, orta əsrlərə xas krallar kimi hərəkət etsəydi, yəqin ki, Brittaniyada da kraliyyət üsul-idarəsinin ləğvi uğrunda hərəkatlar başlayardı. Amma kraliçanın hakimiyyəti simvolik səciyyə daşıyırsa, o və kral ailəsinin mövcudluğu heç kimə mane olmursa, o zaman gərginlik yaratmağa nə ehtiyac var?

66.jpg (75 KB)

Fəqət, o qədər dövlətlərə rəhbərlik edən, baş nazirləri təyin, onların istefasını qəbul edən bu nüfuzlu qadın öz ailəsinə, necə deyərlər “ağbirçəklik” etməkdə çətinlik çəkirdi. 1992-ci ildə kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət böyük zərbə vurdu. Onların hər üçü həyat yoldaşlarından boşandı. Şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli şəkildə ölümü isə kral ailəsi barədə ardı-arası kəsilməyən söz-söhbətlərə səbəb oldu. Günü bu gün də sui-qəsd nəzəriyyələrini sevənlər həmin sui-qəsdin kral ailəsinin sifarişi ilə törədildiyini iddia edirlər. Ortada isə nə tutarlı dəlil-sübut var, nə də bu istiqamətdə ciddi bir rəsmi təhqiqat.

Budur, onun uzun ömrü sona çatdı. II Elizabetdən sonra Böyük Britaniya taxt-tacına şahzadə Çarlzın oturacağı məlum idi və elə də oldu.

O, Filip və Elizabetin ilk övladıdır, 1948-ci ildə anadan olub, 73 yaşı var. Ledi Diana ilə qalmaqallı boşanması, Kamilla adlı qadınla nikahdankənar münasibət saxlaması bir zamanlar onun adını dillər əzbəri etmişdi.

İndi Çarlz Böyük Britaniya kralıdır. Görək o, dövlətlərə anası kimi müdrik rəhbərlik edə biləcəkmi?

Xalid KAZIMLI

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …